YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Real faktlara söykənərək haqq səsimizi dünyaya çatdırdıq

Mehdi Balabəyov

YAP Şabran rayon təşkilatının sədri

Azərbaycan tarixi həqiqətlərə, real faktlara söykənərək haqq səsini dünyaya çatdırdı və diplomatik mübarizədə qələbəsi 44 günlük İkinci Qarabağ müharibəsində öz sözünü dedi.  Dövlət başçısı İlham Əliyev yanvarın 7-da yerli televiziya kanallarına müsahibəsində hazırkı dövrün hədəfləri sırasında Qərbi Azərbaycana qayıdışın dayandığını önə çəkərək bildirdi ki, biz nə qədər fəal olsaq, perspektivlər də o qədər ümidverici olacaq. Təbii ki, Qarabağın işğalı dövründə  Qərbi Azərbaycan məsələsi ilə fəal məşğul ola bilməzdik. Halbuki hələ 10 il bundan əvvəl  bu mövzunu artıq siyasi gündəliyə gətirmiş oldum və  tövsiyəmlə o vaxt Azərbaycan alimləri elmi əsərlər yaratmağa başlamışlar. İrəvan xanlığı haqqında böyük elmi əsər yaradılmışdır. Hər şeyin ardıcıllığı var və sıra artıq gəlib çatıb ki, biz bu məsələ ilə bağlı daha ciddi məşğul olmağa başlamışıq. İlk növbədə, Azərbaycanda fəaliyyət göstərən, Qərbi Azərbaycandan olan bir neçə ictimai qurum vahid bir təşkilat çərçivəsində birləşdi. Qərbi Azərbaycan İcması, onun fəaliyyəti daha da təkmilləşdi. Beynəlxalq fəaliyyəti, bir çox beynəlxalq təşkilatlarla təmasları yarandı və bu məsələ artıq beynəlxalq gündəliyə salınmışdır. Çünki bu, vacibdir. Həm beynəlxalq leksikona, həm beynəlxalq gündəliyə artıq bu məsələ salınıb.  Bundan sonra  həm qeyri-hökumət təşkilatlarının, həm dövlətin fəaliyyəti ondan ibarət olacaq ki, Qərbi azərbaycanlılar öz dədə-baba torpaqlarına, orada yaşadıqları kəndlərə, şəhərlərə qayıda bilsinlər və orada yaşasınlar. Bu, bütün beynəlxalq norma və prinsiplərə uyğun olan bir tələbdir.

İndiki Ermənistan ərazisi, demək olar ki, vaxtilə onun mütləq əksəriyyətini təşkil edən hissəsi azərbaycanlıların yaşadıqları tarixi torpaqlardır. Bu gün biz deyirik ki, 300 min Qərbi azərbaycanlı o bölgələrə qayıtmalıdır. Amma bütövlükdə o bölgədən çıxmış və bu gün Azərbaycanın müxtəlif bölgələrində yaşayanların və onların nəvələrinin, nəticələrinin sayı 300 mindən bir neçə dəfə çoxdur. Hələ XIX əsr rus imperiyasının xəritələrinə baxın. Orada bütün toponimlərin Azərbaycan mənşəli olması göz önündədir, ya da rus imperiyasının XX əsrin əvvəllərində tərtib edilmiş xəritələri. Orada da bütün şəhərlərin adları Azərbaycan mənşəlidir. Orada “Sevan gölü” adlı bir göl görmərik.  Göyçə gölü yazılıb. Biz deyəndə ki, bu, bizim tarixi torpağımızdır, biz həqiqəti deyirik.

Azərbaycan xalqı tarixin ayrı-ayrı dövrlərində ermənilərin soyqırımı və deportasiya siyasəti ilə üz-üzə qalıb. Bu, tarixdir. Bunu inkar etmək qeyri-mümkündür. Dövlət başçısı İlham Əliyev istər 2022-ci il dekabrın 24-də Qərbi Azərbycandan  olan bir qrup ziyalı ilə görüşündə, istərsə də sözügedən müsahibəsində tarixi ədalətə söykənərək bildirdi ki, Qərbi Azərbaycana qayıtmalıyıq.

Ölkə Prezidenti Qərbi Azərbaycandan olan bir qrup ziyalı ilə görüşəndə   Avrasiya məkanında, yeganə monodövlətin yalnız Ermənistan olduğunu vurğulayaraq onu da qeyd etmişdir ki, başqa xalqları oradan müxtəlif yollarla çıxarıblar, kimi öldürüblər, kimi hədələyiblər, kimin evini yandırıblar: “Bütün başqa millətləri oradan qovub, başqasının torpağında özləri üçün dövlət qurublar. Bu ərazidə heç vaxt Ermənistan olmayıb. İndiki Ermənistan bizim torpağımızdır. Mən bunu dəfələrlə deyəndə, mənə irad tuturlar, çalışırlar irad tutmağa ki, mənim ərazi iddiam var. Mən bunu tarixi həqiqət kimi deyirəm. Əgər kimsə başqa versiyanı təsdiq edə bilsə, gəlsin təsdiq etsin”. Cənab İlham Əliyev bu fikirlərin davamı olaraq onu da bildirir ki,  Ermənistan üçün də yaxşı olar ki, necə deyərlər, bu monodövlət damğasını öz üzərindən götürsün. Bunun ən yaxşı və ən ədalətli yolu Qərbi azərbaycanlıların öz doğma torpaqlarına qayıtmalarıdır. Çünki onların oraya qayıtmaları burada  yaşayan ermənilərin  çıxarılması demək deyil.  Çünki o kəndlər boşdur. Bu çağırış da əminliklə ifadə edilir ki, necə vaxtilə Qarabağ mövzusu bütün Azərbaycan xalqını birləşdirdi və  istəyimizə nail olduq, eyni yanaşmanı burada da görməliyik.

Bunun üçün təbliğat işinin gücləndirilməsi prioritetdir. Dünya tarixi həqiqətlər barədə aydın təsəvvürə malik olmalıdır. Ən əsası dünya bilməlidir ki, Qərbi Azərbaycan bizim tarixi torpağımızdır.  “Əlbəttə, burada media nümayəndələrinin fəaliyyətinə böyük ehtiyac var - həm ölkə daxilində, həm xaricdə. Mən bu barədə də fikirlərimi bildirmişəm. Yəni, çox geniş proqram hazırlanır» söyləyən cənab İlham Əliyev əminliklə bildirdi ki, bütün proqramlarımız bütün sahələrdə bir qayda olaraq icra edilir. Biz heç vaxt reallaşması mümkün olmayan təşəbbüslərlə çıxış etmirik.

Cənab İlham Əliyev yerli televiziya kanallarına müsahibəsində  vurğuladı  ki, Qərbi azərbaycanlıların  orada yaşama hüququ tanınmalıdır və əlbəttə ki, onların fəaliyyəti üçün şərait yaradılmalıdır. Yəni, bizim tələbimiz bundan ibarətdir. Əminik ki,  gün gələcək  Qərbi azərbaycanlılar öz doğma torpaqlarına qayıdacaqlar. Dövlətimizin başçısı bu çağırışı da etdi ki, yaxşı olardı ki, Ermənistanın baş naziri Qərbi Azərbaycan İcmasının nümayəndələrini qəbul etsin: “Bildiyimə görə, onlar İrəvana da getməyə hazırdırlar. Qəbul etsin, onların dilindən onların problemlərini eşitsin, dinləsin onları. Yəni, onlar oradan əsassız qovulmuşlar. Onların tam hüququ var ki, oraya qayıtsınlar. Əgər bunu etməsə, onda hansı Avropa demokratiyasından söhbət gedir? Axı, Ermənistan özünü bu gün Avropa demokratiyası yolu ilə gedən ölkə kimi təqdim edir. Qoy, onu əyani şəkildə göstərsin. Eyni zamanda, hesab edirəm ki, ATƏT də bu məsələ ilə bağlı öz mövqeyini bildirməlidir. Biz Avropa Komissiyasından da mövqe gözləyirik. Yəni, sadəcə olaraq, bunu görməzliyə vurmaq düzgün addım deyil. Bu, ciddi problemdir. Bu, yüz minlərlə insanın hüquqlarının bərpası məsələsidir. Bu, insan hüquqları məsələsidir. Bu, ədalət məsələsidir… Amma bunu hamı bilsin, həm Ermənistan, həm onun arxasında duranlar ki, bu məsələ gündəlikdən çıxmayacaq, o vaxta qədər ki, azərbaycanlılar təhlükəsizlik şəraitində Qərbi Azərbaycana və o cümlədən Qərbi Zəngəzura yerləşəcəklər”.