Xəbərlər
Azərbaycanın qüdrəti artır
Azərbaycan Respublikasında 2025-ci il yanvarın 29-na təyin edilmiş bələdiyyə seçkilərinin təşviqat mərhələsi çərçivəsində Goranboy rayonu Borsunlu bələdiyyəsi üzrə Yeni Azərbaycan Partiyasının (YAP) namizədlərinin Borsunlu və Nadirkənd kəndlərindən olan seçicilərlə görüşü keçirilib.
Görüşdə YAP Goranboy rayon təşkilatının sədr müavini Cavid Mustafayev çıxış edərək bildirib ki, Prezident, Yeni Azərbaycan Partiyasının Sədri İlham Əliyevin liderliyi ilə ölkəmiz böyük inkişaf yolu keçib: “Qarşıda yeni hədəflər durur və dövlət başçısının uzaqgörən siyasəti Azərbaycanın qüdrətini daha da artıracaq”.
Təşviqat qrupunun üzvləri Rəddin Məmmədov və Kəmalə İsmayılova, bələdiyyə üzvlüyünə namizəd Əminə Qasımova xalqın etimadını qazanaraq siyasi sistemin aparıcı qüvvəsinə çevrilmiş YAP-ın növbəti dəfə inamlı qələbə qazanmaq iqtidarında olduğunu söyləyib.
Seçici Bəxtiyar Məmmədov və digərləri də çıxışlarında yanvarın 29-da seçki məntəqələrinə gedərək YAP-ın namizədlərinə səs verəcəklərini qeyd ediblər.
Qeyd edək ki, YAP Goranboy rayon təşkilatının sədri Samir Qacayev, seçki qərargahının üzvü Gündüz Hacıyev, Borsunlu bələdiyyəsi üzvlüyünə namizədlər Vətən müharibəsi qazisi Elmar Nəsirovu evində ziyarət ediblər.