Xəbərlər
Azərbaycan Prezidenti İlham Əliyev Ucar Rayon Mərkəzi Xəstəxanasının yeni binasının açılışında iştirak edib
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 6-da Ucar Rayon Mərkəzi Xəstəxanasının yeni binasının açılışında iştirak edib.
Dövlətimizin başçısı xəstəxananın rəmzi açılışını bildirən lenti kəsdi.
Bildirildi ki, yeni xəstəxana üçün 4,4 hektar torpaq sahəsi ayrılıb. Bu ərazinin 1,2 hektarında 4 korpusdan ibarət ikimərtəbəli kompleks tikilib. Xəstəxana kompleksi Heydər Əliyev Fondunun təşəbbüsü ilə inşa olunub.
Prezident İlham Əliyev tibb ocağında yaradılan şəraitlə tanış oldu. Burada ümummilli lider Heydər Əliyevin, Prezident İlham Əliyevin və Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın ölkəmizdə səhiyyənin inkişafına göstərdikləri diqqət və qayğını əks etdirən fotostendlər quraşdırılıb.
Kompleksə cərrahiyyə, terapiya, pediatriya, reanimasiya, ginekologiya, reanimatologiya, diaqnostika, fizioterapiya, qəbul şöbələri, konsultativ poliklinika, perinatal mərkəz, laboratoriya, təcili tibbi yardım stansiyası və inzibati korpus daxildir. Xəstəxana 118 çarpayılıqdır. Şöbələrin hamısı ən müasir tibbi avadanlıqla təmin olunub.
Xəstəxanada yaradılan şəraitlə tanışlıqdan sonra Prezident İlham Əliyev xidmətin yüksək səviyyədə təşkili ilə bağlı tapşırıq və tövsiyələrini verdi.