Xəbərlər
Sülhə və qarşılıqlı əməkdaşlığa çağırış
Elnarə Akimova
YAP İdarə Heyətinin üzvü, Milli Məclisin deputatı,
filologiya elmləri doktoru
Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin 2025-ci il, yanvarın 7-də yerli telekanallara verdiyi müsahibə kifayət qədər ciddi mesajların qaynağıdır. Hərçənd ölkə başçısının son illər bütün müsahibə və çıxışlarının məzmunu dəyişmir. Sülhə və qarşılıqlı əməkdaşlığa çağırış, dünya nizamının qorunması və prioritetə çevrilməsi amili, Ermənistanın və ona havadarlıq edən ölkələrin işğalçı əməl və niyyətlərinin layiqincə ifşası, Türkiyə-Azərbaycan qardaşlığı, Azərbaycanın iqtisadi artımının dəyərləndirilməsi, COP29-la bağlı ölkəmizin sərgilədiyi uğur hekayəti, Qarabağın bərpası və orada məskunlaşma işlərinin davam tapması, Qərbi Azərbaycana qayıdış amilinin hüquqi baxımdan əsaslandırılması və gündəlikdə saxlanması. Bütün məsələlərin mahiyyətində dayanan amil həm də nədir? Azərbaycanın dünya arenasında artan nüfuzu! Azərbaycanın öz suverenliyini bərpa etməsi! Azərbaycanın iqtisadi sahədə dayanıqlı inkişafa nail olması! Azərbaycanın müstəqil siyasət yürütməsi! Azərbaycanın öz hüququnun və heysiyyətinin keşiyində ayıq-sayıq dayanması, güzəştsiz milli mövqe sərgiləməsi, özünün daxili işlərinə qarışmağa kimsəyə ixtiyar verməməsi! Bu, həm Azərbaycanın, həm də bütün Türk Dövlətləri Təşkilatının, müsəlman ölkələrinin dünya miqyasında ciddi güc mərkəzinə çevrilməsinin nəticəsidir: “Bütün müsəlman ölkələrinin maraqlarını biz öz maraqlarımız kimi qəbul edirik, bəlkə də o cümlədən buna görə D-8-in genişlənməsi siyasətindən sonra birinci seçim Azərbaycan olmuşdur.
Əlbəttə, burada ölkəmizin həm iqtisadi potensialı, siyasi çəkisi, hərbi gücü nəzərə alınıbdır. Bax, dediyim İslam həmrəyliyi ilə bağlı siyasətimiz nəzərə alınıbdır və eyni zamanda, bu təşkilat öz coğrafiyasını da genişləndirir. Artıq D-8 həm Qafqaz, həm də Xəzər regionuna genişlənib və coğrafiyamız nə qədər geniş olsa, imkanlarımız da o qədər geniş olacaq”.
Coğrafiya və imkanlarımız amilinə toxunarkən, İlham Əliyev hər şeydən əvvəl vahid mənəvi məkanı nəzərdə tutur. Bütün türklər və müsəlmanlar üçün sabit, monolit, dəyişməz mənəvi vətən amilini önə çəkir. Bu vətənin ərazisi vahid islam, vahid türk kültürü, dili və mənəviyyatıdır.
İlham Əliyev müsahibəsində növbəti dəfə maskaları yırtır, ikili standartlar yürüdən dövlətləri, təşkilatları öz adı ilə çağırır: ATƏT-in Minsk qrupu, Avropa Komissiyası və onun prezidenti, Fransa prezidenti, Ermənistan rəhbərliyi və onunla həmrəy olan islamofob, azərbaycanofob, irqçi, ksenofob dairələr, xarici ölkələrin nümayəndələri, İkinci Qarabağ müharibəsi zamanı Ermənistana yanacaqdaşıyan yük maşınları göndərən əvvəlki İran höküməti, haqq savaşımız dönəmində düşmən ölkəyə dəstək verən keçmiş Suriya hakimiyyəti, müstəmləkəçilik siyasəti yürüdən dövlətlər və s.
Azərbaycana qarşı separatçı maksimalizmə İlham Əliyev məsələnin təkcə qoyuluşunda deyil, həm də həll üsulunda fərqli davranış nümayiş etdirir: “Ermənistanda gedən silahlanma prosesi əlbəttə ki, Cənubi Qafqaz üçün yeni təhdid amilidir. Mən artıq bunu demişəm, bir daha demək istəyirəm ki, biz, sadəcə olaraq, müşahidəçi kimi buna baxıb heç nə etməyə bilmərik. Mən bunu, eyni zamanda, Ermənistan rəhbərliyinə də dəfələrlə bildirmişdim ki, bu, yeni təhlükə yarada bilər. Eyni zamanda, bu gün sanki Ermənistanın arxasında duran kimi görünən və onları Azərbaycana qarşı yeni provokasiyalara, təxribatlara təhrik edənlər, çox güman ki, axıra qədər onların arxasında durmayacaqlar. Necə ki, 2020-ci ildə və ondan sonrakı dövrdə dura bilməmişlər. Ona görə yox ki, durmaq istəmirlər, sadəcə olaraq, Azərbaycan bu imkanları verməyəcək”.
Məsələ ilk növbədə, problemə fəlsəfi-nəzəri baxışın vüsət və dərinliyindədir. Prosesləri tarixiliyindən çağdaşlığına qədər bütün parametrləri ilə bilən və buna görə doğru analizlər yürütməyi bacaran ölkə başçısının Azərbaycanın taleyinin keşiyində ayıq-sayıq dayanmasının göstəricisidir bu əzm.
Prezident İlham Əliyev hər çıxış və müsahibəsində 44 günlük müharibənin və bir gün davam edən antiterror əməliyyatının nəticələrini xatırlatmağa məcbur olur. Düşməni baş verənləri unutmamağa, silkinib ayılmağa, olanlardan dərs götürməyə, növbəti qan tökmək cəhdlərinin qarşısını almağa dəvət edir. Doğrudan da, tarix hər dəfə ona görə təkrar olunur ki, ondan dərs götürülmür. Yaddaş əxlaqa çevrilməyəndə hər şey yenidən başlanmalı olur. Ermənistan hökümətinin şovinist siyasəti bunun bariz nümunəsidir. İlham Əliyev erməni şovinizminin strateji havadarlarına da, onların iki əsrdən artıq müddətdə davam edən milli-siyasi proqramlarının qlobal motivlərini cani dildən icra edən, həm fiziki, həm də mənəvi terroru həyata keçirən rəhbərlərinə də növbəti mesajı ötürməkdən usanmır: “Müstəqil Ermənistan dövləti, əslində, faşist dövlətdir. Çünki əgər bu ölkəyə 30 ilə yaxın faşist ideologiyasının daşıyıcıları rəhbərlik ediblərsə, bu ölkəni onlar elə özləri kimi də formalaşdırıblar.
Belə bir faşist dövlətlə biz qonşuyuq və faşizm təhlükəsi sovuşmur. Ona görə faşizm məhv edilməlidir. Bunu ya Ermənistan rəhbərliyi məhv edəcək, ya da biz məhv edəcəyik. Bizim başqa çarəmiz yoxdur”.
Cavab da, şərh də şahanədir! Ona görə şahanədir ki, bu cavabda – həm məkr, riyakarlıq və işğalçı siyasətində möhür vurmağı bacaran düşmənin ənənəvi obrazı, həm də ona qarşı müqavimətdə bizim gücümüz görünür! İlham Əliyev heç olmasa bu dəfə tarixdən dərs almağa, olanlardan ibrət götürməyə çağırır...
Qərbi Azərbaycana qayıdış Prezident İlham Əliyevin son müsahibəsində yenə ətraflı şəkildə gündəmə gətirilir. Ölkə başçısı Cümhuriyyət dövründəkı tarixi yanlışları təshih etməyə çalışır, İrəvanda bitib-tükənməyən yurd yerlərimizi xatırladır, onların bizə məxsus olan adlarına vurğular edir, indi Ermənistan üçün torpaq olan İrəvan xanlığının, Zəngəzur mahalının qayıdışını ən önəmli məsələ olaraq aktuallandırır: “Bu gün biz deyirik ki, 300 min Qərbi azərbaycanlı o bölgələrə qayıtmalıdır. Amma bütövlükdə o bölgədən çıxmış və bu gün Azərbaycanın müxtəlif bölgələrində yaşayanların və onların nəvələrinin, nəticələrinin sayı 300 mindən bir neçə dəfə çoxdur. Hələ XIX əsr rus imperiyasının xəritələrinə baxın. Orada bütün toponimlərin Azərbaycan mənşəli olması göz önündədir, ya da rus imperiyasının XX əsrin əvvəllərində tərtib edilmiş xəritələri. Orada da bütün şəhərlərin adları Azərbaycan mənşəlidir. Orada siz “Sevan gölü” adlı bir göl görməzsiniz. Orada Göyçə gölü yazılıb. Biz deyəndə ki, bu, bizim tarixi torpağımızdır, biz həqiqəti deyirik”.
Ölkə başçısının Ermənistan rəhbərliyini həqiqət və vicdan duyğusuna dəvət etməsinin – “ondan beynəlxalq hüquqa uyğun mövqe” gözləməsinin əsasında da elə bu amil - öz həqiqətimizin mütləqliyinə inam dayanır: “Bu, ciddi problemdir. Bu, yüz minlərlə insanın hüquqlarının bərpası məsələsidir. Bu, insan hüquqları məsələsidir. Bu, ədalət məsələsidir”.
Bu gün Azərbaycanın siyasi həyatında mühüm bir mərhələ başlayıb. Bu, yeni tariximizin Qərbi Azərbaycan mərhələsidir. İlham Əliyev yeni tariximizin Qərbi Azərbaycan mərhələsini də uğurla sonlandıracağına ümidlidir. Biz isə əminik! Bu əminliyi bizdə yaradan “Qarabağ Azərbaycandır” həqiqətini bütün dünyaya bəyan etməyi bacaran, Qarabağ adlı əsərin yarımçıq qalmış səhifələrini uğurla tamamlayan ölkə başçısının vüqarıdır! Necə demiş Ziya Paşa: “Ayinesi iştir kişinin lafa bakılmaz/ Şahsın görünür rütbe-i aklı eserinde”!