YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Güclü dövlət

Səbinə Xasayeva

Milli Məclisin deputatı

Dövlətin istər iqtisadi, istərsə də mədəni inkişafı həmişə vətəndaşların maraqları ilə əha­tələnir. Dünya dövlətləri ilə ikitərəfi, çoxtərəfli münasibətlər də bu baxımdan tən­zim­lənir. İqti­sadiyyatı güclü olan dövlət həmişə dünya dövlətlərinin marağında olur. Bu maraq neçə-neçə beynəlxalq müqavilənin imzalanmasında əsas amil kimi tarixləşir.

Azərbaycan dünyanın əksər dövləətələrinin istər siyasi, istərsə də iqtisadi tərəfdaşıdır. Bu tərəfdaşlıq genişlənməkdədir. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin yan­varın 7-də yerli televiziya kanallarına verdiyi müsahibə də bu baxımdan izlənildi.

Dövlət başçımız ümumi daxili məhsulun 4 faizdən çox artdığını, neft hasilatında tənəzüllə üzləşmədiyimizi, neft hasilatının azalmasının bundan sonra ümumi daxili məhsula mənfi təsir göstərməyəcəyini, qeyri-neft sənaye sektorunda artımın 7 faizdən çox olduğunu, iqtisadi sahə­də dayanıqlı inkişafa nail olduğumuzu, büdcə xərclərinin 41 milyard manatdan çox olduğunu və s. xatırlatdı.

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin ölkədaxili siyasətinin ma­hiy­yəti bilavasitə vətəndaşların rifahının yüksəldilməsidir. Dövlət başçımız yerli televiziya ka­nallarına müsahibəsində dedi:  “Bu il yanvarın birindən minimum əməkhaqqı 55 manat artıb və 400 manata çatıb. Minimum pensiya 40 manat artıb və 320 manata çatıb. Orta hesabla artım 14-15 faizdir. Bu qədər böyük sərmayə qoyan və Qarabağın bərpası kimi qarşımızda bu qədər böyük problemi olan ölkədə bu sahəyə də bu diqqəti yetirmək, əlbəttə ki, bizim siyasətimizin, necə deyərlər, mahiyyətini göstərir. Yəni, Azərbaycan vətəndaşları ildən-ilə daha yaxşı yaşamalıdırlar. Əgər biz bu artımı inflyasiyanın dərəcəsi ilə müqayisə etsək, - hansı ki, keçən il 2 faizdən bir qədər çox idi, - yəni, bu artım məhz az müdafiə olunan təbəqə üçün dövlət tə­rə­fin­dən növbəti yardımdır. Hər şey cəmiyyətdə də, siyasətdə də, ailədə də ədalətli olmalıdır və sosial ədalət prinsipləri həmişə bizim üçün vacib olub…”.

Bu müsahibə bir atalar sözünün də gerçəkliyini bir daha xatırlatdı: “Haqq nazilər, üzül­məz”.  Beynəlxalq təşkilatlarda fəaliyyət təcrübəsinin və şaxələndirilmiş xarici siyasətin bizə körpülər qurmaqda yardımçı olacağını da bildirən,  COP29-un Azərbaycanla bağlılığına da toxunan dövlət başçımız müsahibəsində qeyd etdi ki,  “Bu tədbirə ev sahibliyi etmiş heç bir ölkə bu dərəcədə müqavi­mətə rast gəlməmişdir. Lakin biz bunun da öhdəsindən gələ bildik. Boy­kot uğursuz oldu. Baxmayaraq ki, bəzi ölkələr, xüsusilə də Fransa əlindən gələni edirdi ki, tədbiri gözdən salsın. Həmkarlarımdan aldığım məlumata görə, Fransa prezidenti şəxsən onlara zəng edərək Bakıya getməməyi tövsiyə edirmiş. Yəni, liderlərin buraya səfər etmələrinin qarşısını almaq üçün hətta belə vasitəyə də əl atılmışdır. Lakin bu da uğursuz oldu. Səksən dövlət və hökumət başçısı Bakıya səfərə gəldi və bu, bir daha Azərbaycanın etibarlı tərəfdaş olduğunu nümayiş etdirdi…”.

Azərbaycanın bütün uğurları hər bir azərbaycanlının uğurudur və bu uğur qürurdur. Bu qürur vətəndaşların vətəndaşlıq borcuna daha həssas yanaşmasını tələb edir. Azərbaycan Re­spublikasının Prezidenti İlham Əliyev Azərbaycanın D-8 təşkilatına qəbul edilmə­sinin ölkəmizin nüfuzunun göstəricisi olduğunu da qeyd edərək dedi: “Bu təşkilat 30 ilə yaxın bundan əvvəl yaranmışdı, Türkiyənin təşəbbüsü ilə və səkkiz ölkədən ibarət idi. Bu illər ərzində əlavə üzv qəbul edilməmişdi. Birinci genişlənmə qərarından sonra qəbul edilən üzv Azərbay­can oldu. Əlbəttə ki, bu, ölkəmizin nüfuzunu, eyni zamanda, beynəlxalq aləmdə rolumuzu gös­tərir. D-8 müsəlman ölkələrini birləşdirən ən böyük təşkilatdır. Bir milyarddan çox əhalisi olan və müsəlman ölkələrinin iqtisadiyyatının 60 faizini təşkil edən bir təşkilatdır. Əgər biz bu təşkilatın ümumi daxili məhsulunu götürsək, bu, 5 trilyon dollardan çoxdur. Dünyada 60-a ya­xın müsəlman ölkəsi var və məhz Azərbaycan yeni üzv seçilmişdir. Əlbəttə ki, bu, bizim üçün həm böyük şərəfdir, həm də böyük məsuliyyətdir. Artıq bütün göstərişlər verilib ki, Azərbaycan bu təşkilatda fəal olsun və öz töhfəsini verə bilsin”.

Müsahibədə namizədliyimizi ilk gündən Türkiyənin dəstəklədiyini bildirən dövlət başçı­mız Türkiyədə keçirilmiş D-8 Zirvə görüşündə də qonaq qismində iştirak etdiyini, o vaxtlardan Azərbaycanın üzvlüyü ilə bağlı məsələnin gündəliyə salındığını da xatırladan dövlət başçımız qürurla bildirdi ki, “İslam Əməkdaşlıq Təşkilatının rəhbərlərinin açıqlamalarına diqqət yetirsəniz görərsiniz ki, bütün dövrlərdə bu təşkilat, - hansı ki, bütün müsəlman ölkələrini birləşdirir, - Azərbaycanla bağlı çox müsbət fikirdə olub. Bizim İslam həmrəyliyi ilə bağlı addımlarımız, Azərbaycanda İslam dininə olan hörmət, dinlərarası münasibətlər, müsəlman ölkələrinin xətti ilə bir çox tədbirlərin keçirilməsi, o cümlədən IV İslam Həmrəyliyi Oyunlarının keçirilməsi. Biz bütün beynəlxalq təşkilatlarda, o cümlədən BMT-də daim müsəl­man ölkələrinin maraqlarını müdafiə edirik. Biz bütün təşkilatlarda, əgər hansısa təşkilatda rəhbər vəzifəyə seçim keçirilirsə və orada müsəlman ölkəsinin nümayəndəsi varsa, mütləq avtomatik olaraq, o nümayəndəyə səsimizi veririk. Yəni, bu, mənim göstərişimdir və bir dəfə verilmiş göstəriş, yenə də deyirəm, avtomatik həll olunur. Biz bir çox müsəlman ölkələrinə yardımlar etmişik. Düzdür, biz bununla öyünmürük və edəndə də bunu çox da işıqlandırmırıq. Amma hətta mətbuata gedən məlumat kifayətdir deməyə ki, bu sahədə də çox fəalıq, həm COVID dövründə, həm digər məsələlərdə, Fələstin xalqının üzləşdiyi bu fəlakətlə bağlı yenə də biz ön sıralarda olmuşuq. Suriyada artıq Əsəd rejiminin çökməsindən, yeni hökumətin formalaşmasından sonra Türkiyənin ardınca ikinci ölkə Azərbaycan oldu ki, oraya humanitar yardım göstərdi və biz istənilən digər yardımları göstərməyə hazırıq. Bu məqsədlə Azərbaycan Xarici İşlər Nazirliyinin nümayəndə heyəti bu yaxınlarda Suriyaya səfər etmişdir...”.

Azərbaycan Respublikasının Prezidenti müsahibədə İkinci Qarabağ müharibəsindən sonra Ermənistan-Azərbaycan münasibətlərindən də söz açdı. Qazax rayonunun yeddi kəndinin Ermənistan tərəfindən işğal edilməsi uzun illər əvvəl olub. Tarixi Zəfərdən sonra dörd kəndin xilas edilməsi də Azərbaycanın hərbi-siyasi uğuru kimi dəyərləndirilməlidir.

Dövlət başçımız Qarabağın və Şərqi Zəngəzurun bərpasına 4 milyard, hərbi və təhlükə­sizlik məsələlərinin həlli üçün 8,4 milyard manat vəsait xərclənəcəyini də bildirdi. Ermənis­tanın silahlanmasının yeni gərginliyə gətirib çıxaracağı ehtimalını, Ermənistanın silahlan­masının Böyük Qayıdış və bərpa-quruculuq məsələsinə müəyyən dərəcədə mane olduğunu, ancaq Qarabağı cənnətə çevriləcəyini də xatırlatdı...

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin yerli telekanallara müsa­hibəsi Azərbaycan gerçəkliklərinin ifadəsi kimi tarixləşdi. Dünya dövlətləri bir daha əmin oldu ki, Azərbaycan güclü dövlətdir.