Xəbərlər
“Il Primato Nazionale”: Azərbaycan-İtaliya əlaqələri möhkəmlənir
İtaliyanın “Il Primato Nazionale” xəbər saytında “Azərbaycan-İtaliya əlaqələri möhkəmlənir” sərlövhəli məqalə yerləşdirilib.
Məqalədə son illərdə ölkələrimiz arasında müxtəlif istiqamətlərdə, xüsusilə iqtisadiyyat, mədəniyyət, idman, təhsil sahələrində əməkdaşlığın genişlənməsindən bəhs olunur. Diqqətə çatdırılır ki, cari il “Milan Expo 2015” Ümumdünya Sərgisi çərçivəsində təşkil olunmuş Azərbaycan-İtaliya Universitetlərarası Forumu və “SOCAR günü” bu yaxın əlaqələrin göstəricisidir. Sərgidə Azərbaycanın təmsil olunduğu pavilyonda keçirilmiş “SOCAR günü”ndə 2016-cı ildə keçiriləcək futbol üzrə Avropa çempionatının (“UEFA-2016”) kubokunun ziyarətçilərə təqdim olunması pavilyona bir başqa rəng qatıb. Tədbirlə bağlı ətraflı məlumat verən müəllif bildirir ki, əsas məqsəd Azərbaycan ilə İtaliyanın birgə iştirakçısı olduğu enerji layihələrini müzakirə etmək olub.
Cari ilin sentyabrında “Cənub” qaz dəhlizinin inkişafı üçün irəli sürülən təşəbbüslərin qiymətləndirilməsi üzrə əməkdaşlıq haqqında SOCAR ilə İtaliyanın Snam şirkəti arasında imzalanmış Anlaşma Memorandumu haqqında məlumat verilən yazıda Snam şirkətinin biznesin inkişafı və xarici fəaliyyət üzrə direktoru Federiko Ermoli fikirlərinə də yer verilib: “SOCAR ilə İtaliyanın Snam şirkəti arasında əlaqələr genişlənməkdədir. Azərbaycan qazını Avropaya daşıyacaq enerji layihəsinə dəstək verməyə həmişə hazırıq. TAP Avropa üçün açar layihədir, eyni zamanda, Azərbaycanın da Avropa enerji bazarına daxil olması baxımdan əhəmiyyətlidir”.
Yazıda bildirilir ki, iki ölkə arasında münasibətlər təkcə enerji sahəsində deyil, təhsil sektorunda da inkişaf etməkdədir. Belə ki, cari ilin sentyabrında “Milan Expo 2015” Ümumdünya Sərgisi çərçivəsində keçirilmiş Azərbaycan-İtaliya Universitetlərarası Forumu bunun bariz nümunəsidir. Məqalədə tədbirdə iştirak etmək məqsədilə İtaliyada səfərdə olan Azərbaycanın təhsil naziri Mikayıl Cabbarovun italiyalı həmkarı ilə görüşünə də toxunulur.
Yazıda, həmçinin iki ölkə arasında diplomatik əlaqələrin tarixindən bəhs olunur. Qeyd olunur ki, Azərbaycan birinci ticarət tərəfdaşı olan İtaliya ilə həm ikitərəfli, həm də çoxtərəfli formatda yüksək səviyyəli əlaqələrə malikdir. Hər iki ölkənin dövlət və hökumət rəsmilərinin qarşılıqlı səfərləri bu əlaqələrin inkişafına töhfə verməkdədir.