YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Biz ədalət tələb edirik

Fəxrəddin Vəliyev

YAP Şəmkir rayon təşkilatının sədri

Bakı-Qroznı istiqaməti üzrə marşrutu yerinə yetirən AZAL-a məxsus təyyarənin Qazaxıstanın Aktau şəhəri yaxınlığında qəzaya uğraması və bundan sonra hadisələrin inkişafı dövlət başçısı İlham Əliyevin dekabrın 29-da Heydər Əliyev Beynəlxalq Aeroportunda Azərbaycan Televiziyasına müsahibəsində ətraflı şəkildə ictimaiyyətə çatdırıldı. “Təbii olaraq ilkin versiyalar üzərində iş başladı. Əlbəttə, son versiya “qara qutu”lar açılandan sonra bəlli olacaq” söyləyən dövlət başçısı İlham Əliyev bildirdi ki, ilkin versiyalar da kifayət qədər əsaslıdır və faktlara söykənir. Faktlar isə ondan ibarətdir ki, Azərbaycanın mülki təyyarəsi Rusiya ərazisində, Qroznı şəhərinin yaxınlığında xaricdən zədə almış və idarəetməni demək olar ki, itirmişdir. Təyyarəmiz radioelektron mübarizə vasitələri tərəfindən idarəolunmaz vəziyyətə salınmışdır. Bu, təyyarəyə yetirilən birinci xətərdir. Eyni zamanda, yerdən açılan atəş nəticəsində təyyarənin quyruq hissəsi də böyük dərəcədə zədələnmişdir. Füzelyajın dəlik-deşik olması, əlbəttə, göstərir ki, quş versiyası tamamilə gündəlikdən çıxarıldı. Ola bilər ki, təyyarə  zərbə alanda pilot bunu quşların təyyarə ilə toqquşması kimi qəbul edə bilərdi: “Çünki yəqin ki, heç kimin ağlına gələ bilməzdi ki, bizim üçün dost olan ölkədə bizim təyyarəyə yerdən atəş açılsın. Ancaq təəssüflər olsun ki, Rusiyanın bəzi dairələri bu versiya üzərində dayanmağa üstünlük vermişdilər. Bizi təəssüfləndirən və təəccübləndirən məqamlardan biri də o idi ki, Rusiyanın rəsmi qurumları hansısa qaz balonunun partlaması ilə bağlı versiyalar irəli sürmüşdü. Yəni, bu, açıq-aydın göstərirdi ki, Rusiya tərəfi məsələni ört-basdır etmək istəyir və əlbəttə, bu, heç kimə başucalığı gətirmir. Təbiidir ki, təyyarəmiz təsadüfən vuruldu. Təbiidir ki, burada hər hansı bir qəsdən terror aktı törətmək məsələsindən söhbət gedə bilməz. Ona görə öz günahını etiraf etmək, dost ölkə sayılan Azərbaycandan vaxtında üzr istəmək və bunu ictimaiyyətə bildirmək - bütün bunlar görüləsi tədbirlər idi və addımlar idi. Əfsuslar olsun ki, birinci üç gün ərzində biz Rusiyadan cəfəng versiyalardan başqa heç nə eşitməmişik”.

Dövlətimizin başçısı İlham Əliyev onu da bildirdi ki, qəzanın təfərrüatları tam araşdırılacaq. Bundan şübhəm yoxdur. Azərbaycan ilk gündən beynəlxalq ekspertlərdən ibarət qrupun bu işlə məşğul olmasının tərəfdarı idi. Rusiya tərəfi rəsmi qaydada  Azərbaycana  təklif etmişdi ki, Dövlətlərarası Aviasiya Komitəsi bu işi araşdırsın. Ölkəmiz  isə qəti şəkildə bundan imtina etdi. Səbəb də aydındır. Çünki sirr deyil ki, bu qurum daha çox Rusiya məmurlarından ibarətdir. Burada obyektivlik amilləri tam təmin edilməyə bilərdi. Əgər qəza baş verəndən dərhal sonra biz Rusiya tərəfindən ədalətli və adekvat addımlar görsəydik, bəlkə də buna etiraz etməzdik. Amma  gördük ki, burada məsələni ört-basdır etmək cəhdləri göz qabağındadır.

Cənab İlham Əliyev yanvarın 6-da “Azərbaycan Hava Yolları” Qapalı Səhmdar Cəmiyyətinə məxsus Bakı–Qroznı reysini yerinə yetirərkən qəzaya uğramış “Embraer 190” tipli sərnişin təyyarəsinin həlak olan ekipaj heyətinin ailə üzvləri və qəza zamanı sağ qalan təyyarə bələdçiləri ilə görüşündə də təyyarə qəzasının tam araşdırıldığını diqqətə çatdıraraq bildirdi ki, Azərbaycan dövləti öz oğul və qızlarının fəaliyyətini, qəhrəmanlığını həmişə layiqincə qiymətləndirib. Bu dəfə də ekipaj heyətinin qəhrəmanlığı layiqincə qiymətləndirildi. Ekipajın üç üzvünə ölümündən sonra “Milli Qəhrəman” yüksək adı verildi, sağ qalan iki ekipaj üzvü də yüksək dövlət mükafatı ilə təltif olundu: “Ola bilər ki, yaxınlarını itirən ailələr üçün bu, kiçik bir təsəllidir, amma Azərbaycan dövlətinin öz vətəndaşlarına münasibətinin təzahürüdür. Həlak olanların hər biri təkcə onun yaxınları, ailə üzvləri üçün deyil, həm də Azərbaycan dövləti üçün əzizdir. Biz buna operativ şəkildə reaksiya verdik, elə bir şəraitdə Azərbaycanın hər bir vətəndaşının həyatının bizim üçün çox qiymətli olduğunu bəyan edərək, prinsipial davrandıq və ədalət, Azərbaycan vətəndaşlarının bu qəzada həlak olmalarına səbəb olan təqsirkarların cəzalandırılmasını tələb edəcəyik. Əgər Qroznı şəhəri öz ərazisində Rusiyanın hava məkanının bağlanması üzrə vaxtında tədbirlər görsəydi, yerüstü xidmətlərin bütün qaydalarına əməl olunsaydı, həmçinin Rusiya Federasiyasının silahlı qüvvələri və mülki xidmətləri arasında koordinasiya olsaydı, onda bu faciə də baş verməzdi… Azərbaycan vətəndaşlarının bu qəzada həlak olmasının günahı Rusiya Federasiyası nümayəndələrinin üzərindədir. Biz ədalət tələb edirik, günahkarların cəzalandırılmasını tələb edirik, tam şəffaflıq və insani davranış tələb edirik”.