Xəbərlər
Aleksandr Murinson: Ermənistan beynəlxalq hüquqa saymazyana yanaşır
“The Washington Times” qəzetində Beqin-Sadat Strateji Araşdırmalar Mərkəzinin eksperti (ABŞ) Aleksandr Murinsonun “Bir daha Dağlıq Qarabağ məsələsi barədə” sərlövhəli məqaləsi dərc olunub. Müəllif oxuculara Ermənistanın beynəlxalq hüquqa və beynəlxalq birliyin rəyinə saymazyana yanaşması barədə ətraflı informasiya təqdim edir. Ekspert yazır ki, ermənilər 1992-1993-cü illərdə təkcə Azərbaycanın bütünlüklə Dağlıq Qarabağ regionunu deyil, həm də ətraf yeddi rayonu işğal ediblər. Bununla da məcburi köçkün böhranı yaradıblar.
Sonra A.Murinson BMT Təhlükəsizlik Şurasının Azərbaycan ərazilərinin Ermənistan tərəfindən işğalını pisləyən və Ermənistan silahlı qüvvələrinin bu ərazidən dərhal və qeyd-şərtsiz çıxarılmasını, məcburi köçkünlərin öz yurd-yuvalarına qayıtmasına şəraitin yaradılmasını tələb edən 822, 853, 874 və 884 nömrəli 4 qətnaməsi barədə məlumat verib. Müəllif yazır ki, Ermənistanın işğalçı olması faktı təkzibedilməzdir. O, “Çiraqov və başqaları Ermənistan əleyhinə” işi üzrə Avropa İnsan Hüquqları Məhkəməsinin qərarını da şərh edib. Qərara görə, hazırda Ermənistan Dağlıq Qarabağa və ətraf ərazilərə nəzarət edir. Öz növbəsində Azərbaycan bəyanatla çıxış edərək, növbəti dəfə Ermənistanı öz qoşunlarını Qarabağdan dərhal və qeyd-şərtsiz çıxarmağa çağırıb. A.Murinson yazır ki, Ermənistan XİN-in başçısı Edvard Nalbandyan buna belə cavab verib: ”Münaqişə Avropa İnsan Hüquqları Məhkəməsi tərəfindən deyil, ATƏT-in Minsk qrupunun həmsədrləri təsisatı tərəfindən həll edilir”. Ekspertin fikrincə, bu sübut edir ki, Ermənistan beynəlxalq orqanların qərarlarına əsla əhəmiyyət vermir. A.Murinson sonda yazır ki, Azərbaycanın qaydalara riayət etməsinə, onun tələblərinin məhkəmə tərəfindən təmin edilməsinə və ədalətli sülhə nail olmağa çalışmasına baxmayaraq, Ermənistan qəsbkar siyasətini davam etdirir, qanunlara məhəl qoymur, beynəlxalq təsisatları, qanununun aliliyini tanımır.