Xəbərlər
Böyük uğurlarla yadda qalan il
2024-cü il ölkəmiz üçün böyük uğurlarla yadda qaldı. Azərbaycan Prezidenti İlham Əliyevin xalqımız qarşısındakı xidmətləri, qlobal səyləri, qətiyyəti ölkəmizin əldə olunan nailiyyətlərini təmin edən mühüm amillərdir.
Azərbaycan xalqının Qalib Lideri İlham Əliyev Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə hənvətənlilərimizə müraciətində də bildirdi ki, ilin əvvəlində qarşımıza qoyduğumuz bütün məsələlər öz həllini tapmışdır. Ölkəmiz inamla inkişaf etmişdir. Ölkəmizin beynəlxalq nüfuzu böyük dərəcədə artmışdır. Ölkə iqtisadiyyatında müsbət inkişaf var, hərbi gücümüz artıb. Ölkəmizdə sabitlik hökm sürür. Azərbaycan xalqı təhlükəsizlik şəraitində yaşamışdır.
Bu fikirləri Milli Məclisin deputatı, YAP İdarə Heyətinin üzvü Pərvin Kərimzadə deyib. Deputat bildirib ki, bəli, ötən il ərzində Azərbaycanın hərtərəfli inkişafı davam edib. Ötən il bir sıra önəmli siyasi hadisələrlə əlamətdar oldu. Şübhəsiz ki, ilin ən mühüm siyasi hadisəsi fevralın 7-də keçirilmiş prezident seçkiləri idi. Həmin seçkilər cəmiyyətimiz tərəfindən haqlı olaraq Zəfər seçkisi kimi qəbul edilir. Çünki fevralın 7-də müstəqil Azərbaycanın tarixində ilk dəfə respublikamizin suverenliyi və ərazi bütövlüyü tam bərpa olunmuş bir şəraitdə, işğaldan azad edilmiş regionlarımız da daxil olmaqla ölkənın hər bir bölgəsində prezident seçkiləri keçirildi. Prezident İlham Əliyev seçkilərdə səslərin 92,12 faizini toplayaraq qələbə qazanıb. Seçkiləri müşahidə edən yerli və xarici müşahidə missiyaları bu siyasi kampaniyanın azad, demokratik və beynəlxalq standartlara uyğun keçirildiyini bəyan ediblər.
2024-cü ilin əlamətdar siyasi hadisələrindən biri də VII çağırış Milli Məclisə növbədənkənar seçkilərin keçirilməsi olub. Bu seçkilər Qarabağın və Şərqi Zəngəzurun işğaldan azad edilməsindən sonra ilk parlament seçkiləri idi.
Milli Məclisin deputatı qeyd edib ki, 2024-cü ildə Azərbaycan Prezidenti İlham Əliyev ölkənin beynəlxalq aləmdə mövqeyini möhkəmləndirməklə də mühüm siyasi uğurlar nümayiş etdirib. Bundan əlavə, 2024-cü ildə Azərbaycanda keçmiş məcburi köçkünlərin öz yurdlarına Böyük Qayıdış prosesi davam etdirilib. Dövlət başçısının vurğuladığı kimi, on minə yaxın keçmiş məcburi köçkünün qayıdışı təmin edilib. Bütövlükdə isə, azad olunmuş ərazilərdə 30 min insan yaşayır.
Təbii ki, ötən ilin ən mühüm hadisələrindən biri dünyanın ən böyük tədbiri olan COP29-un ölkəmizdə keçirilməsidir. Bu tədbirdə iştirak etmək üçün 196 ölkədən 72 min iştirakçının qeydiyyatdan keçməsi, qonaqların arasında 80 prezidentin, vitse-prezidentin və Baş nazirin olması isə həm dövlətimizə etimadın, həm də onun beynəlxalq arenada oynadığı fəal rolun növbəti dəfə sübutu idi. Azərbaycan COP29-a ləyaqətli şəkildə ev sahibliyi etməklə bu mötəbər tədbirlə bağlı göstərilən etimadı layiqincə doğrultdu. İstər qonaqların tədbirin yüksək səviyyədə təşkil olunması barədə fikirləri, istərsə də Bakıda qəbul olunan mühüm qərarlar bunun sübutudur.
Azərbaycanın beynəlxalq aləmdə nüfuzunun artmasını şərtləndirən əsas amillərdən biri də ölkənin güclü iqtisadiyyata malik olmasıdır. Güclü iqtisadiyyat Azərbaycanın milli maraqlara uyğun siyasət aparmasının təminatçısı, ölkəmizin regionda və dünyada söz sahibi, bütün qlobal əhəmiyyətli nəqliyyat və enerji layihələrinin təşəbbüskarı və iştirakçısı olmasının açarıdır. Prezident İlham Əliyevin rəhbərliyi ilə iqtisadiyyat və sosial həyat sahələrində əldə olunmuş uğurlar Azərbaycanın 2024-cü ildə inkişaf salnaməsinin parlaq səhifələrindən biridir. Dövlət başçısının dediyi kimi, ölkəmizdə ötən il ümumi daxili məhsul 4 faizdən çox, qeyri-neft sektorunda ümumi daxili məhsul 6 faizdən çox, qeyri-neft sənaye sahəsində isə artım 7 faizdən çox olub. Bizim valyuta ehtiyatlarımız isə 72 milyard dollardan çoxdur.
Azərbaycan öz resurslarına arxalanaraq güclü və müstəqil iqtisadiyyat qurub, heç kimdən asılı deyil. İqtisadi müstəqillik təbii olaraq ölkəmizə beynəlxalq müstəvidə böyük imkanlar qazandırıb və bundan sonra da qazandıracaq. Beləliklə, 2024-cü il Azərbaycan üçün Prezident İlham Əliyevin liderliyi ilə hərtərəfli tərəqqi və uğur ili kimi tarixə yazıldı. Ölkə daxilində sosial-iqtisadi sahələrdə əldə olunan nailiyyətlər, beynəlxalq arenada artan nüfuz və işğaldan azad olunmuş ərazilərdə aparılan bərpa işləri Azərbaycanın inkişaf modelinin səmərəliliyini bir daha nümayiş etdirib. Bütün bunlar qarşıdakı dövrdə də parlaq nailiyyətlər qazanacağımızı şərtləndirir.
Yola saldığımız il müasir Azərbaycan dövlətçiliyinin inkişafında mühüm əhəmiyyət kəsb edən bir hadisə ilə də yadda qaldı. Ölkə Prezidenti İlham Əliyevin 28 dekabr 2024-cü il tarixli Sərəncamı ilə 2025-ci ilin ölkəmizdə “Konstitusiya və Suverenlik İli” elan edildi. Ərazi bütövlüyümüzün və suverenliyimizin tam bərpa olunması Azərbaycanın dövlətçilik ənənələrinin daha da möhkəmlənməsinin, xalqın hüquq və azadlıqlarının tam təmin olunmasının təsdiqidir. Müstəqil Azərbaycanın tarixinə qızıl hərflərlə yazılan bu tarixi addım xalqımızın hüquqi dövlət quruculuğu yolunda daha inamla irəliləməsinə zəmin yaradacaq-deyə Milli Məclisin deputatı Pərvin Kərimzadə bildirib.