Xəbərlər
YAP yeni hədəflərə doğru inamla irəliləyir
Azərbaycan Respublikasında 2025-ci il yanvarın 29-na təyin edilmiş bələdiyyə seçkilərinin təşviqat mərhələsi çərçivəsində Beyləqan rayonu Örənqala bələdiyyəsi üzrə Yeni Azərbaycan Partiyasının (YAP) namizədlərinin seçicilərlə görüşü keçirilib.
Görüşdə giriş sözü ilə çıxış edən YAP Beyləqan rayon təşkilatının sədri Müşfiq Səfərov bildirib ki, ölkəmizdə keçiriləcək bələdiyyə seçkiləri yerli demokratiyanın inkişafında mühüm mərhələ hesab edilir və bu prosesin tam şəffaf və demokratik prinsiplərə uyğun həyata keçirilməsi üçün bütün lazımi tədbirlər görülüb. O, Yeni Azərbaycan Partiyasının bu seçkilərə yeni reallıqlar və çağırışlar fonunda xalqın etimadına əsaslanaraq qatıldığını qeyd edib.
Seçki qərargahının üzvləri Niyaməddin Əsgərov, Şəmistan İbrahimov və bələdiyyə üzvlüyünə namizədlər Çingiz Nağıyev, Vaqif Əhmədov, Novruz Quliyev, Bakir Həsənov bələdiyyə institutunun təkmilləşdirilməsi yerli özünüidarəetmənin effektivliyini artırmaq, bələdiyyələrin səlahiyyətlərini genişləndirmək və maliyyə imkanlarını artırmaq üçün vacibdir. Qeyd olunub ki, bələdiyyələrin fəaliyyətində şəffaflığın və hesabatlılığın təmin edilməsi məqsədilə müasir idarəetmə texnologiyalarının tətbiqi mühüm əhəmiyyət daşıyır.
Qeyd edək ki, həmin gün Beyləqan şəhəri, Kərim Kərimov küçəsində Beyləqan bələdiyyəsi üzrə YAP-ın namizədlərinin seçicilərlə məhəlli görüşü də keçirilib.
Görüşlər zamanı seçicilər YAP-ın fəaliyyətini dəstəklədiklərini və bələdiyyə seçkilərində partiyanın namizədlərinə səs verəcəklərini vurğulayıblar.