Xəbərlər
YAP gücünü xalqın dəstəyindən alır
Azərbaycan Respublikasında 2025-ci il yanvarın 29-na təyin edilmiş bələdiyyə seçkilərinin təşviqat mərhələsi çərçivəsində Yardımlı rayonu, Şəfəqli bələdiyyəsi üzrə Yeni Azərbaycan Partiyasının (YAP) namizədlərinin seçicilərlə görüşü keçirilib.
Görüşdə giriş sözü ilə çıxış edən YAP Yardımlı rayon təşkilatının məsləhətçisi Şaiq Zaidli ölkəmizdə ilk dəfə bələdiyyə seçkilərinin 12 dekabr 1999-cu il tarixində keçirildiyini bildirib. O, həmin seçkilərin ölkəmizdə demokratiyanın inkişafında mühüm mərhələ olduğunu vurğulayıb. Təşkilat sədri əlavə edib ki, o vaxtdan bəri keçirilən seçkilər yerli özünüidarəetmə institutlarının təkmilləşdirilməsinə və bölgələrin sosial-iqtisadi inkişafına təkan verib.
Görüşdə çıxış edən bələdiyyə üzvlüyünə namizədlər - Qoşqar Orucov və Emin Xurşudov əhalinin sosial rifahının yüksəldilməsində bələdiyyələrin rolunun artdığını qeyd ediblər. Namizədlər qarşıdakı dövrdə daha genişmiqyaslı layihələrin həyata keçirilməsi üçün birgə əməkdaşlığın vacibliyini diqqətə çatdırıblar. Onlar seçiləcəkləri təqdirdə vətəndaş məmnunluğuna öz töhfələrini verəcəklərini dilə gətiriblər.
Seçicilər YAP-ın fəaliyyətini dəstəklədiklərini və bələdiyyə seçkilərində partiyanın namizədlərinə səs verəcəklərini vurğulayıblar.