YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Nizami Gəncəvi Beynəlxalq Mərkəzi Sofiyada konfrans təşkil edəcək

Oktyabrın 8-9-da Sofiyada Bolqarıstan Prezidenti Rosen Plevneliyevin himayəsi ilə Nizami Gəncəvi Beynəlxalq Mərkəzi tərəfindən “Avropada əməkdaşlıq və qonşuluğun yeni görüntüləri” adlı konfrans təşkil olunacaq.

Diasporla İş üzrə Dövlət Komitəsindən  bildiriblər ki, iki gün davam edəcək konfransda Avropanın qarşılaşdığı iqtisadi, siyasi və mənəvi problemlər, o cümlədən qaçqın böhranı ilə bağlı məsələlər müzakirə ediləcək.

Tədbirdə miqrasiya dalğasının birbaşa təsir göstərdiyi Avropa İttifaqı ölkələrinin – Bolqarıstan, Rumıniya, Serbiya, Makedoniya, Macarıstan, Bosniya və Herseqovinanın hökumət rəhbərləri və sabiq prezidentləri iştirak edəcəklər. Müzakirələrə Latviya, Polşa, Albaniya, Monteneqro, Moldova, Slovakiya, Ukrayna, Türkiyə və digər ölkələrin nümayəndələrinin qatılması da gözlənilir. Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin idarə heyətinin üzvü, Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Nazim İbrahimov da konfransda iştirak edəcək.

Tədbirdə Avropanın kökü Yaxın Şərqdəki qaçqın böhranına söykənən hüquqi, humanitar problemlərinin, eləcə də Yunanıstan və digər Balkan ölkələrinin qarşılaşdığı iqtisadi çətinliklərin həlli yolları axtarılacaq, təkliflər irəli sürüləcək. Müzakirə ediləcək problemlərlə bağlı konsensusun əldə olunması və cari məsələlərə dair iştirakçıların həmrəyliyini əks etdirən birgə bəyannamənin qəbulu gözlənilir.

Nizami Gəncəvi Beynəlxalq Mərkəzi 2012-ci ildə Bakıda insanlar və mədəniyyətlər arasında tolerantlığı, anlaşmanı möhkəmləndirmək məqsədilə təsis edilib. Mərkəz nüfuzlu beynəlxalq təşkilatlarla əməkdaşlıq çərçivəsində dünyanı narahat edən qlobal problemlərə həsr olunan beynəlxalq toplantılar təşkil edib.