Xəbərlər
Strateji inkişaf planları və yeni hədəflər
Sahib Şükürov
YAP Göyçay rayon təşkilatının sədri
Prezident İlham Əliyev dekabrın 24-də 2024-cü ilin idman yekunlarına həsr olunan mərasimdə çıxış edərək, ilk növbədə, Azərbaycan idmançılarını bu il əldə edilmiş uğurlar münasibətilə təbrik edib. Dövlətimizin başçısı 2024-cü ilin Azərbaycan idmanı üçün uğurlu olduğunu bildirib, idmançılarımızın beynəlxalq yarışlarda ölkəmizi ləyaqətlə təmsil etdiklərini, 1700-ə yaxın medal qazandıqlarını diqqətə çatdırıb.
Cənab İlham Əliyev çıxışında Azərbaycan idmançılarının beynəlxalq yarışlarda əldə etdikləri uğurlardan bəhs edərək ilin ən böyük yarışı olan Yay Olimpiya Oyunlarında tarixi nəticə əldə etdiklərini, komanda hesabında Azərbaycan 30-cu yerdə qərarlaşdığını və bunun ən yüksək nəticə, böyük nailiyyət olduğunu bildirib.
“Gənc nəslin yetişdirilməsi, vətənpərvərlik hisslərinin gənc nəslə aşılanması üçün idman amili çox böyük məna daşıyır” - deyən dövlət başçısı Yay Olimpiya Oyunlarında Azərbaycanın qalib ölkə, idmançılarımızın isə müzəffər xalqın nümayəndələri kimi iştirak etdiklərini vurğulayıb.
Prezident İlham Əliyev nitqində bu sahədə gələcək fəaliyyətin idmanın inkişafı ilə bağlı olacağını, bütün lazımi qərarların verildiyini, müvafiq strukturların, federasiyaların, klubların, idman cəmiyyətlərinin, Olimpiya Komitəsinin, Gənclər və İdman Nazirliyinin vahid strategiya əsasında fəaliyyət göstərdiklərini və federasiyalarda gücləndirmə işləri aparıldığını diqqətə çatdırıb. O, bütün bunların həm ənənəvi medal gətirən idman növlərində, həm də bu günə qədər o qədər də inkişaf etməyən idman növlərində növbəti irəliləyiş olacağına ümidvar olduğunu vurğulayıb.
Dövlət başçısı bildirib ki, azad edilmiş ərazilərdə infrastruktur layihələri ilə yanaşı, keçmiş köçkünlərin yaşayışı üçün inşa edilən evlərlə yanaşı, idman infrastrukturu da yaradılır. “Ağdam şəhərində yeni, bütün beynəlxalq standartlara cavab verən stadion inşa edilir” - deyən cənab İlham Əliyev Füzuli şəhərində Olimpiya İdman Kompleksinin təməlinin qoyulduğunu, Suqovuşan və Köndələnçay su anbarlarında artıq beynəlxalq avarçəkmə, Şuşa şəhərində bir neçə idman yarışının keçirildiyini bildirib. Dövlət başçısı həmçinin əlavə edib ki, Azərbaycan büdcəsi hesabına hələ keçən əsrin 50-ci illərində inşa edilmiş Xankəndi şəhərindəki stadion, əsaslı şəkildə təmir edilir, demək olar ki, yenidən qurulur. Bu stadion da bütün beynəlxalq standartlara cavab verəcək.
Gələn il Azərbaycan növbəti böyük idman yarışına, Üçüncü MDB Oyunlarına ev sahibliyi edəcək. Bunun üçün 14 şəhərin seçildiyi və əsas oyunların Gəncə şəhərində keçiriləcəyi, Gəncə şəhərinin MDB Oyunlarının mərkəzi olacağını bildirilib. Gəncədə yeni stadion inşa edildiyini diqqətə çatdıran dövlət başçısı stadionun Oyunlara qədər istismara veriləcəyini qeyd edib.
Dövlət başçısı idmana və idmançılara göstərilən diqqət və qayğıdan bəhs edərək, ilin sonunda, ya da hər ilin əvvəlində ənənəvi olaraq idmançılarımızın dövlət təltifləri və mənzillərlə təltif edildiklərini, bu prosesin artıq 27 ildir ki, davam etdiyini xatırladıb.