Xəbərlər
İdmanın inkişafı ardıcıl xarakter daşıyır
David İbramxəlilov
YAP Qusar rayon təşkilatının sədri
Azərbaycanda idman uğurla inkişaf edir. Ölkəmizdə həyata keçirilən müdrik siyasət nəticəsində bütün sahələrdə olduğu kimi, idman sahəsində də böyük müvəffəqiyyətlərə imza atılıb.
Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra idman sahəsində əldə edilən qələbələr ona böyük nüfuz qazandırıb. Prezident İlham Əliyev tərəfindən bu sahəyə böyük diqqət və qayğı göstərilir. Bunun bariz nəticəsi kimi Azərbaycan idmançılarının müxtəlif beynəlxalq səviyyəli yarışlarda qazandıqları uğurlu nəticələrin sayı artmaqdadır. İdmançılarımız Azərbaycanın təkcə müharibə meydanında deyil, idmanda da qalib xalq olduğunu sübut ediblər.
2024-cü ildə Fransanın Paris şəhərində keçirilən Yay Olimpiya Oyunlarından sonra Prezident İlham Əliyev tarixi qələbəyə imza atan güləş, cüdo və boks komandasının üzvlərini və məşqçiləri qəbul edərkən bildirib ki, “Azərbaycanda idman uğurla inkişaf edir. Azərbaycan idman dövlətidir və həm böyüklər, həm gənclər arasında keçirilmiş beynəlxalq yarışlarda bizim idmançılarımız öz gücünü, dövlətimizin qüdrətini nümayiş etdirirlər”.
Dekabrın 24-də dövlətimizin başçısının ilin idman yekunlarına həsr olunan mərasimdəki çıxışı xalqımızda qürur hissi yaratdı. Cənab İlham Əliyev bildirdi ki, “İdman cəmiyyətimizin ayrılmaz hissəsidir. İdmanın və idman qələbələrinin ictimai məkanda çox böyük rolu var. Xüsusilə gənc nəslin yetişdirilməsi, vətənpərvərlik hisslərinin gənc nəslə aşılanması üçün idman amili çox böyük məna daşıyır. Nəzərə alsaq ki, bu Yay Olimpiya Oyunlarında Azərbaycan müzəffər ölkə kimi, qalib ölkə kimi iştirak edirdi, idmançılarımız isə müzəffər xalqın nümayəndələri kimi iştirak edirdilər. Əlbəttə ki, bu vətənpərvərlik amili daim diqqətdə olmalıdır. Gənc nəslin vətənpərvərlik ruhunda tərbiyə edilməsində idman nə qədər vacibdirsə, bir o qədər də hərbi hazırlıq və fiziki hazırlıq vacibdir. Fiziki güc mənəvi saflığa da yol açır və şadam ki, bizim idmançılarımızın mütləq əksəriyyəti idmanda da, məişətdə də, cəmiyyətdə də nümunədirlər, örnəkdirlər”.
İdmançılarımız artıq uzun illərdir ki, Azərbaycanı dünyada layiqincə təmsil edirlər. İdman hər bir ölkənin qüdrətini əks etdirir. Hazırda ölkəmizdə idmanın kütləviliyini təmin etmək və bütün bölgələrdə mövcud infrastrukturdan istifadə etmək prioritet vəzifədir. Bu gün Azərbaycanın bölgələrində çox sayda müasir Olimpiya İdman Kompleksləri fəaliyyət göstərir. Hətta işğaldan azad edilmiş torpaqlarımızda belə müasir stadionların, idman komplekslərinin və müxtəlif idman qurğularının tikintisi azad edilmiş şəhərlərimizin Baş planında öz əksini tapmışdır. Bu sahəyə böyük diqqət və qayğı Azərbaycan xalqı tərəfindən böyük qürur və rəğbət hissi ilə qarşılanır. Dünya miqyaslı yarışlarda idmançılarımızın qazandıqları parlaq qələbələr bir daha sübut edir ki, Azərbaycanda idman siyasəti kifayət qədər güclüdür və gənc nəsil idman ənənələrini uğurla davam etdirir. Bir daha əminliklə deyə bilərik ki, Azərbaycanda hər zaman güclü idmançılar yetişib və onlar gələcək nəsil üçün örnəkdir, idman ənənələri hər zaman qorunub saxlanılacaq.