Xəbərlər
Son 21 ilin uğurları: Bütün vədlər, qarşıya qoyulan vəzifələr icra edilib
Malik Mirzəyev
YAP Lerik rayon təşkilatının sədri
Hər bir dövlətin uzunmüddətli inkişaf perspektivi onun sağlam və etibarlı təməl üzərində qurulmasından asılıdır. Azərbaycanın müstəqil dövlət kimi mövcudluğu, sabit və inamlı inkişafı liderlik amili ilə birbaşa bağlıdır. Lider öz ağlı, iradəsi, qərar qəbul etmək səriştəsi, insanlara doğru yolu göstərmək bacarığı ilə xalqı vahid amal uğrunda səfərbər edərək arxasınca apara bilir.
Ümummilli Lider Heydər Əliyevin yorulmaz fəaliyyəti, xüsusilə də Onun həyata keçirdiyi dövlət quruculuğu və iqtisadi islahatların Prezident İlham Əliyev tərəfindən layiqincə davam etdirilməsi nəticəsində Azərbaycan regional güc mərkəzinə çevrilmişdir. Heydər Əliyev 2003-cü ildə xalqa müraciətində cənab İlham Əliyevi yeni mərhələdə ölkəyə rəhbərlik etməyə qadir şəxsiyyət kimi gördüyünü bildirmiş, bir çox işlərin Onun tərəfindən uğurla başa çatdırılacağına dərin inamını diqqətə çatdırmışdır.
Prezident İlham Əliyevin ali dövlət vəzifəsində ilk günlərdən başlayaraq nümayiş etdirdiyi yüksək idarəçilik məharəti, qətiyyətli və milli maraqlara söykənən daxili və xarici siyasəti çox keçmədən öz müsbət nəticələrini verdi. 2003-2024-cü illər Azərbaycanda sürətli inkişaf dövrü kimi mühüm əhəmiyyət kəsb edir. Ötən müddətdə ölkəmizdə iqtisadi quruculuq prosesi geniş vüsət aldı, Azərbaycan regionun ən perspektivli ölkəsinə çevrildi.
Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Silahlı Qüvvələri qısa müddət ərzində Ermənistanın 30 il ərzində havadarlarının dəstəyi ilə qurduğu ordunu darmadağın etdi. Dövlət başçısı demişdir: Mən 2003-cü ildə Prezident vəzifəsinə seçiləndə Konstitusiyamıza və müqəddəs Qurani-Kərimə əl basaraq and içmişdim ki, Azərbaycanın ərazi bütövlüyünü qoruyacağam. Bu gün böyük qürur hissi ilə deyə bilərəm ki, Azərbaycan öz istədiyinə nail oldu, tarixi ədaləti, beynəlxalq hüququ bərpa etdi”.
Prezident İlham Əliyevin sosial dövlət fəlsəfəsinin əsasında hər bir vətəndaşın layiqli həyat şəraitinin təmin edilməsi prinsipi dayanır. İqtisadiyyatın inkişafı və insanların sosial rifah halının yüksəldilməsi məqsədilə Azərbaycan Prezidentinin təşəbbüskarı olduğu qanun layihələri, həmçinin imzaladığı Fərman və sərəncamlar əsasında həyata keçirilən sosial layihələr vətəndaşlarımızın yaşayış səviyyəsinə öz müsbət təsirini göstərir. Xalqımız əldə edilmiş möhkəm ictimai-siyasi sabitliyi və sürətli iqtisadi inkişafı bütün uğurların əsası kimi dəyərləndirir. Hər bir Azərbaycan vətəndaşı iqtidarın siyasi kursunun alternativsiz olduğunu bildirir.
Bütövlükdə, ölkə əhalisi arasında aparılan müxtəlif sosioloji tədqiqat və sorğuların nəticələri Azərbaycanda vətəndaşların dövlət başçısının rəhbərliyi ilə həyata keçirilən siyasətə mütləq inam və etimad bəslədiyini göstərir.