Xəbərlər
Güclü dövlət, dayanıqlı iqtisadiyyat və şanlı Zəfər
Həbib Misirov
YAP Kəlbəcər rayon təşkilatının sədri
Cənab İlham Əliyevin 21 illik prezidentlik fəaliyyəti Azərbaycan tarixinə qızıl hərflərlə yazılan inkişaf və qələbələr salnaməsidir. Dövlət başçısı ötən dövrdə xalqa verdiyi bütün vədləri uğurla yerinə yetirərək ölkəmizin hərtərəfli inkişafına nail olmuşdur. Bu gün Azərbaycan yalnız regionun deyil, eləcə də dünyanın güclü dövlətlərindən biridir. Uğurlu idarəçilik modelinin tətbiqində Azərbaycan qlobal arenada nümunə olaraq göstərilir.
Ulu Öndər Heydər Əliyevin 1993-cü ildə siyasi hakimiyyətə qayıdaraq ölkənin parçalanmasının qarşısını alması, baş verən siyasi hərc-mərcliyə son qoyması ilə ölkəmiz inkişaf yoluna qədəm qoydu. Heydər Əliyev siyasi kursunun layiqli davamçısı cənab İlham Əliyevin apardığı uğurlu daxili və xarici siyasət Azərbaycana misilsiz uğurlar qazandırdı.
2003-cü ildə Ulu Öndər Heydər Əliyev xalqa müraciətində cənab İlham Əliyevin uzaqgörənliyi, təcrübəsi və liderlik bacarıqları ilə Azərbaycanı daha da yüksək zirvələrə aparacağına inamını ifadə etdi. Tarix Ümummilli Liderin nə qədər müdrik və uzaqgörən bir şəxsiyyət olduğunu bir daha göstərdi. Məhz Prezident İlham Əliyev xalqın dəstəyi ilə uzun illər həllini tapmamış Qarabağ problemini qısa müddət ərzində həll etdi və Azərbaycanın əzəli torpaqları 30 illik işğaldan sonra azad olundu. Azərbaycan tarixinə qızıl hərflərlə yazılmış bu Zəfər həm də xalqımızın qəhrəmanlıq salnaməsinə çevrildi.
Ötən dövrdə əldə olunmuş nailiyyətlər siyasi, diplomatik, iqtisadi, hərbi, sosial, mədəni, idman sahələri də daxil olmaqla, bütün sahələrdə özünü parlaq şəkildə təzahür etdirir. Bu nailiyyətlər sırasında ölkəmizdə qaçqın və məcburi köçkünlərə 30 ilə yaxın bir dövr ərzində göstərilən qayğı xüsusi qeyd edilməlidir. Təsadüfi deyil ki, Prezident İlham Əliyev dəfələrlə bəyan edib ki, sosial siyasət Azərbaycanın dövlət siyasətinin ayrılmaz hissəsidir: “Bizim siyasətimizin mərkəzində Azərbaycan vətəndaşı dayanır”.
2023-cü ildə 24 saatdan az müddətdə həyata keçirilmiş lokal xarakterli antiterror tədbirləri ilə dövlət suverenliyimiz tam bərqərar edildi. Bundan əlavə, dünyanın müxtəlif güc mərkəzləri tərəfindən Azərbaycana qarşı mütəşəkkil təzyiq, qarayaxma kampaniyaları aparılmaqdadır. Amma dövlət başçısının yürütdüyü müdrik siyasət antiAzərbaycan kampaniyalarını uğursuzluğa düçar etmişdir.
Bu gün Azərbaycanda gənclər siyasəti uğurla həyata keçirilir. Ölkəmizdə gənclərin inkişaf strategiyası, eləcə də xaricdə təhsillə bağlı müxtəlif dövlət proqramları icra edilir. Bunun nəticəsində ölkəmizdə gənclərlə iş sahəsində ciddi keyfiyyət dəyişiklikləri əldə edilib, gənclərin ictimai həyatda rolu önəmli dərəcədə artıb.
Gənclər sahəsində aparılan genişmiqyaslı fəaliyyətdən danışarkən bu istiqamətdə atılan mühüm addımlardan biri kimi, dövlətimizin başçısı tərəfindən Gənclər Fondunun təsis edilməsini göstərmək lazımdır. Həmçinin, “Gənclər siyasəti haqqında”, “Könüllü fəaliyyəti haqqında” Azərbaycan Respublikasının qanunları qəbul edilib. “2015-2025-ci illərdə Azərbaycan gənclərinin İnkişaf Strategiyası” təsdiq edilib. Hər il 10 gəncimizə dövlət başçısı tərəfindən fərdi təqaüd verilir. Gənclərin ictimai həyatda iştirakını təmin etmək məqsədilə regionlarda gənclər mərkəzləri, gənclər evləri, olimpiya idman mərkəzləri fəaliyyət göstərir.
Prezident İlham Əliyevin idmana olan qayğısı xalqımız tərəfindən xüsusi rəğbətlə qarşılanır. Dövlət başçısının 2005-ci il 4 mart tarixli Sərəncamına əsasən, hər il 5 mart tarixi ölkəmizdə Bədən Tərbiyəsi və İdman Günü olaraq qeyd edilir. Hazırda Azərbaycan dünyada idman ölkəsi olaraq tanınır. İstər idmançılarımızın qazandığı nailiyyətlər, istərsə də nüfuzlu idman yarışlarının Azərbaycanda yüksək səviyyədə keçirilməsi ölkəmizdə idmana verilən dəyərin əyani təcəssümüdür.
Prezident İlham Əliyevin düşünülmüş və uzaqgörən siyasəti nəticəsində ölkə iqtisadiyyatı sürətli və dinamik inkişaf dövrünə qədəm qoydu. Azərbaycan iqtisadiyyatı rəqabətqabiliyyətliliyinə görə dünya miqyasında ümumi infrastrukturun inkişafına görə bir çox ölkələri üstələyir. Bu gün aqrar sektor geniş inkişaf mərhələsindədir və Azərbaycan indi özünün ərzaq təhlükəsizliyini təmin edən nadir ölkələrdən biridir.
2024-cü ilin dekabr ayında Bakıda keçirilən COP29 kimi olduqca mühüm beynəlxalq tədbirə 80-ə qədər dövlət və hökümət başçılarının qatılması, on minlərlə xarici qonağın təşrif buyurması, dünyanın ən aktual məsələsi olan iqlim dəyişikliklərinin paytaxtımızda müzakirə olunması Azərbaycanın böyük uğurudur.
Beləliklə, cənab İlham Əliyevin uzaqgörən və son dərəcə dəqiq hesablanmış uğurlu siyasət kursu bu gün Azərbaycanı dünya birliyinin ən önəmli dövlətlərindən birinə çevirib.