YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Azərbaycan etimadı doğruldan ölkə kimi nüfuz qazanıb

Həbib Cəfərov

YAP Astara rayon təşkilatının sədri

Prezident İlham Əliyevin dekabrın 17-də Ümumrusiya Dövlət Televiziya və Radio Yayımı Şirkəti və Rusiyanın “RİA Novosti” Agentliyi üçün “Rossiya Seqodnya” Beynəlxalq İnformasiya Agentliyinin Baş direktoru, “Rossiya-1” televiziya kanalında “Vesti nedeli” proqramının müəllifi və aparıcısı Dmitri Kiselyova verdiyi müsahibə bu gün də dünya mətbuatında geniş işıqlandırılır. Müsahibəsində xarici siyasətimizin əsas istiqamətlərini reallıqlar əsasında təhlil edən Prezident İlham Əliyev regionda və dünyada baş verən dəyişikliklərdən bəhs etdi. Bu dəyişikliklərin fonunda Azərbaycanın ikitərəfli və beynəlxalq təşkilatlar çərçivəsində əlaqələrinin inkişafına xüsusi diqqət yönəldən cənab İlham Əliyev 2022-ci ildə Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında imzalanan müttəfiqlik, qarşılıqlı fəaliyyəti haqqında Bəyannamədən danışdı. Prezident İlham Əliyev əminliklə vurğuladı ki, Bəyannamə Rusiya - Azərbaycan əməkdaşlığının, birgə fəaliyyətin məntiqi nəticəsi olmaqla bütünlükdə regional əhəmiyyətə malikdir. Qafqazda, eyni zamanda, Xəzər regionunda əsrlərdən bəri davam edən qonşuluq ənənələrinə sadiq qalan hər iki dövlət arasındakı etibarlı tərəfdaşlıq gələcəkdə də davam edəcək. «Əlbəttə, biz iqtisadi-ticari əməkdaşlıq üçün fəal şəkildə yeni sahələr tapmağa davam edirik, ticarət dövriyyəsi artır, bəlkə də bizim istədiyimiz sürətlə deyil, lakin bununla belə, dinamika mövcuddur» söyləyən Prezident İlham Əliyevin vurğuladığı kimi, bu tərəqqi, siyasi sabitliyin mövcudluğu, xalqlar arasındakı yaxınlıq qarşılıqlı münasibətlərin inkişafına müsbət təsir göstərir.

Cənab İlham Əliyev Rusiya Prezidentinin ölkəmizə səfərlərinə də diqqəti yönəldərək bildirdi ki, Rusiya Prezidenti Vladimir Putinin Azərbaycana çox əlamətdar, həm də tarixi səfəri baş tutdu. Bu, dövlət səfəri ilk dəfə bu ilin yayında həyata keçirilib. Həmin səfər çərçivəsində biz nəinki münasibətlərimizin müttəfiqlik xarakterini təsdiqlədik, həm də ikitərəfli qarşılıqlı fəaliyyətin inkişaf yollarını müəyyənləşdirdik. Bu gün Rusiya və Azərbaycan iki etibarlı tərəfdaşdır. Buna nə Azərbaycanda, nə də Rusiyada heç bir şübhə yoxdur.

Dövlətimizin başçısı İlham Əliyev Azərbaycanın xarici siyasət uğurlarından, müstəqil siyasətindən bəhs etdi. O da qeyd edildi ki, istər Qərbdə, istərsə də Şərqdə Azərbaycan müstəqil xarici siyasət yürüdən tamamilə müstəqil aktor kimi qəbul edilir. Dünyada Azərbaycan kimi etibar edilən, etimadı doğruldan ölkələr çox deyil. Ölkəmizdə  Rusiya Ordusunun Baş Qərargah rəisi və NATO Hərbi Komitəsinin rəisi səviyyəsində, eləcə də Birləşmiş Ştatların və Rusiyanın hərbi rəhbərliyinin görüşlərinin olması xüsusi qeyd edildi.

Müsahibədə Azərbaycanın tarixi Zəfərindən sonra bölgədə dayanıqlı sülhün və təhlükəsizliyin təmin edilməsi, Ermənistanla münasibətlərində yeni səhifənin açılması üçün qarşı tərəfə sülh təklifinin edilməsindən, hazırda sülh müqaviləsinin imzalanması ilə bağlı vəziyyətdən, Ermənistanın silahlandırılmasının bu prosesin uzanmasında rolundan geniş bəhs olundu. Cənab İlham Əliyev bildirdi ki, bu, təhlükə deməkdir. Bu barədə həm açıq şəkildə, həm də Ermənistanın baş naziri ilə danışıqlarda dəfələrlə narahatlığımızı ifadə etmişik. Biz eyni narahatlığı Fransa hökumətinə və Bayden administrasiyası dövründə Cənubi Qafqaz ölkələrinə balanslı yanaşmasını dəyişərək Ermənistana birtərəfli dəstək yolunu tutan Birləşmiş Ştatların rəhbərliyinə də çatdırırdıq. Təhdidlərin kifayət qədər ciddi olduğunu göstərən çoxlu misallar var. Makron hökumətinin Ermənistana tədarük etdiyi silahlar hücum silahlarıdır, öldürücüdür və Azərbaycan üçün praktiki təhlükə yaradır: “Nəzərə alsaq ki, Ermənistanla sərhədimizin uzunluğu min kilometrdən çoxdur, bir çox yaşayış məntəqələri sərhədə yaxın yerləşib və bu yaşayış məntəqələrinin əksəriyyətinə keçmiş köçkünlər qayıdırlar, təbii ki, biz bu prosesi yalnız kənardan müşahidə edə bilmərik. Biz dəfələrlə Ermənistana və onun ABŞ Dövlət Departamentindəki himayədarlarına çatdırmışıq ki, buna son qoyulmalıdır. Amma təəssüf ki, bizim səsimiz eşidilmir, Ermənistanın silahlanması prosesi sıçrayışla gedir”.

Dövlətimizin başçısı İlham Əliyevin hər bir çıxışı, müsahibəsi mühüm mesajlarla, çağırışlarla zəngindir. Sülh, təhlükəsizlik, əməkdaşlıq çağırışları sözügedən müsahibədə bir daha dünyaya çatdırıldı. Azərbaycan daim ədalətin və beynəlxalq hüququn yanındadır. Bütün məsələlərin məhz bu prinsiplər əsasında nizamlanmasına səy göstərir. Ermənistanın 30 illik işğal dövründə olduğu kimi, hazırda da himayədarlarının tapşırığı əsasında addımlar atması vəziyyətin gərginləşdirilməsinə gətirib çıxarır. Ermənistanın silahlandırılmasının arxasında dayanan maraqlar bəllidir. Dövlətimizin başçısı İlham Əliyev bir daha bu çağırışı etdi ki, bu, belə davam edərsə, sonradan bizə qarşı heç bir irad tutulmasın.