Xəbərlər
“Qalib Lider faktoru: Ölkəmizin dünyada artan nüfuzu və yeni reallıqlar”
Yeni Azərbaycan Partiyası (YAP) Nizami rayon təşkilatının və Nizami Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə “Qalib Lider faktoru: Ölkəmizin dünyada artan nüfuzu və yeni reallıqlar” mövzusunda konfrans keçirilib.
Konfransda Nizami Rayon İcra Hakimiyyətinin başçısı Coşqun Cəbrayılov, Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının rektoru, akademik Urxan Ələkbərov, Milli Məclisin deputatı Rasim Musabəyov, Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin İcraçı direktoru Aygün Əliyeva, “Baku TV”nin direktoru Ramin Cəfərov və YAP Nizami rayon təşkilatının sədri Ramil Vəlibəyov çıxış ediblər.
Qeyd olunub ki, şanlı tariximizin Zəfər və qalibiyyət dastanını yazan Qalib Lider – Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin müdrik rəhbərliyi ilə bu gün Azərbaycan tarixinin ən qüdrətli dövrünü yaşayır, ölkəmizin dünyada nüfuzu və iqtisadi-siyasi gücü durmadan artır. Azərbaycanın mötəbər beynəxalq tədbirlərə, o cümlədən COP29-a ev sahibliyi etməsi dünyanın ölkəmizə etimadının göstəricisi, beynəlxalq aləmdə qazandığı hörmət və nüfuzunun təsdiqidir.
Vurğulanıb ki, müasir və müstəqil Azərbaycanın uğurlarını, tarixi Zəfərin reallıqlarını, ölkəmizin dünyada nüfuzunun artmasını, respublikamızın müstəqil siyasət yürütməsini və dünya siyasi arenasının fəal aktoruna çevrilməsini bəzi dövlətlər həzm edə bilmir, ölkəmizə qarşı qarayaxma, böhtan kampaniyaları aparırlar. Azərbaycana qarşı qərəz nümayiş etdirən həmin dövlətlər son zamanlar ideoloji təxribatların reallaşdırılmasında fəallıqlarını daha da artırıblar.
Diqqətə çatdırılıb ki, ölkəmizə qarşı ideoloji təxribat kampaniyası aparan qüvvələr birmənalı şəkildə bilməlidirlər ki, cəmiyyətimizin hər bir üzvü, xüsusilə də Azərbaycan gəncləri hər zaman dövlətimiz və dövlətçiliyimiz naminə öz vətənpərvərliyi ilə nümunə olub, habelə Prezident İlham Əliyevin ətrafında sıx birləşərək inamla Azərbaycanın inkişafı naminə öz töhfələrini verirlər.
Sonda gənclərin sualları cavablandırılıb.