Xəbərlər
Sülh və təhlükəsizliyin təmin olunmasının tərəfdarıyıq
“Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan güclü və qüdrətli dövlətə çevrilib. Milli maraqlara əsaslanan siyasətin qanunauyğun nəticəsi kimi, Azərbaycanın beynəlxalq mövqeyi mütəmadi olaraq möhkəmlənib. Hazırda regional güc mərkəzi olan Azərbaycan müasir beynəlxalq münasibətlər sistemində etibarlı tərəfdaş kimi tanınır və dünyada böyük etimad qazanıb. Bu amillər Prezident İlham Əliyevin “Rossiya Seqodnya” Beynəlxalq İnformasiya Agentliyinə müsahibəsində də aydın şəkildə özünün əksini tapır”. Bu fikirləri Milli Məclisin deputatı, YAP İdarə Heyətinin üzvü Pərvin Kərimzadə deyib.
Deputat bildirib ki, dövlətimizin başçısı müsahibəsində dünyada mürəkkəb qlobal proseslərin davam etdiyi şəraitdə həm regional, həm də beynəlxalq təhlükəsizlik və əməkdaşlıqla əlaqədar Azərbaycanın mövqeyini ifadə edib. Ən mühüm məqam isə Azərbaycanın ərazi bütövlüyünün və suverenliyinin bərpa olunmasıdır. Ərazi bütövlüyünü və suverenliyini bərpa etdikdən sonra Azərbaycanın həyatında yeni mərhələ başlayıb. Hazırda qarşıda dayanan ən əsas hədəflərdən biri sülh sazişinin imzalanması və Cənubi Qafqazı əməkdaşlıq məkanına çevirməkdən ibarətdir. Bu istiqamətdə Azərbaycan region ölkələri ilə fəal əməkdşalıq əlaqələrinə malikdir. 2021-ci ilin iyununda Türkiyə ilə müttəfiqlik haqqında Şuşa Bəyannaməsinin, 2022-ci ilin fevralında isə Rusiya ilə müttəfiqlik müqaviləsinin imzalanması da bunun göstəricisidir.
Cənab Prezident müsahibədə Azərbaycan-Rusiya münasibətlərini yüksək dəyərləndirib. 2022-ci ilin fevralında Müttəfiqlik Qarşılıqlı Fəaliyyəti haqqında Bəyannamə imzalandıqdan sonra əlaqələr daha da güclənib. Dövlət başçısının dediyi kimi, bu Bəyannamənin imzalanması bizim 30 ildən artıq bir müddətdə birlikdə keçdiyimiz, fəal işlədiyimiz, həm iqtisadi-ticari, həm də siyasi sahələrdə əməkdaşlıq potensialını artırdığımız və müxtəlif çətin vəziyyətlərdə bir-birimizi sınadığımız həmin böyük yolun nümayiş etdirilməsidir. Buna görə də, Bəyannamənin imzalanması faktının özü həm Rusiya, həm də Azərbaycan tərəfindən ən mühüm siyasi addımdır. Bu ilin avqustunda Rusiya Prezidenti Vladimir Putinin ölkəmizə səfəri də bu reallığı təsdiqləyir.
Ümumiyyətlə, Azərbaycanın balanslaşdırılmış xarici siyasət həyata keçirir və bu siyasət böyük uğurlar qazandırır. Ölkəmiz dünyada müstəqil siyasət yürütməsi ilə tanınır. Bu da Prezident İlham Əliyevin dünya miqyasında güclü siyasi lider kimi həyata keçirdiyi siyasətin nəticəsidir və dünyada Azərbaycanın liderinin mövqeyi ilə razılaşırlar. Tsadüfi deyil ki, Azərbaycan həm Rusiyanın, həm də NATO üzvü Türkiyənin müttəfiqi olan yeganə ölkədir. Cənab Prezidentin dediyi kimi, dünyada ikinci belə ölkə yoxdur.
Millət vəkilinin sözlərinə görə, dövlətimizin başçısı müsahibədə Azərbaycanla Ermənistan arasında sülh prosesi haqqında məlumat verib. Artıq sülh sazişinin 17 maddəsindən 15-i razılaşdırılıb. Razılaşdırılmayan məqamlardan biri bir-birinə qarşı beynəlxalq iddialardan imtina etməkdir. Ermənistan 30 illik işğal dövründə Azərbaycana böyük ziyan vurub. Torpaqlarmız azad ediləndən sonra dəymiş ziyanın hesablanması aparılıb. Prezidentin müsahibədə dediyi kimi, vurulmuş zərərin təhlili başa çatdırılıb. Dəymiş zərərin həcmi təxminən 150 milyard dollardan çoxdur. Digər razılaşdıırlmayan maddə isə başqa ölkələrin nümayəndələrini bizim sərhədimizdə yerləşdirməməklə bağlıdır. Məlumdur ki, hazırda Ermənistanda yerləşdirilmiş Avropa İttifaqının missiyasının kəşfiyyat fəaliyyəti ilə məşğuldur.
Bundan əlavə, cənab Prezident müsahibəsində bəzi Qərb dövlətlərinin, xüsusilə ABŞ və Fransanın ölkəmizə qarşı qərəzli mövqeyindən, bu ölkələrin Ermənistanı silahlandırmasının yarada biləcəyi problemlərdən bəhs edib. “Həmin ölkələr Ermənistanın sülhə yox, revanşizmə sövq etməyə çalışır. Sual olunur, Ermənistan 30 il ərzində Azərbaycan torpaqlarını işğal altında saxlayarkən onlar nə üçün susurdular? Nə üçün haqqın, ədalətin yanında deyildilər? Bu faktlar dünyada ikili standartların göstəricisidir. Azərbaycan öz mövqeyində beynəlxalq hüquq normalarına arxalanır. Azərbaycan Cənubi Qafqaz regionunda tezliklə sülh və təhlükəsizliyin təmin olunmasının tərəfdarıdır. Əgər Ermənistan da sülh istəyirsə, Azərbaycanın haqlı şərtlərini yerinə yetirməlidir. Əgər rəsmi İrəvan xarici havadarlarının təhriki ilə regionda vəziyyəti gərginləşdirməyə cəhd edərsə, layiqli cavabını alacaq”,-deyə YAP İdarə Heyətinin üzvü vurğulayıb.