YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Bu gün Rusiya və Azərbaycan iki etibarlı tərəfdaşdır

Samir Qocayev

YAP Goranboy rayon təşkilatının sədri

Prezident İlham Əliyevin dekabrın 17-də Ümumrusiya Dövlət Televiziya və Radio Yayımı Şirkəti və Rusiyanın “RİA Novosti” Agentliyi üçün “Rossiya Seqodnya” Beynəlxalq İnformasiya Agentliyinin Baş direktoru, “Rossiya-1” televiziya kanalında “Vesti nedeli” proqramının müəllifi və aparıcısı Dmitri Kiselyova müsahibəsi bu gün ölkə və dünya mətbuatında geniş müzakirə edilir. Müsahibədə diqqət göstərilən məsələlərdən biri hazırkı dövrdə regionda və dünyada vəziyyətin əhəmiyyətli dərəcədə dəyişməsinin Rusiya ilə Azərbaycan arasında əməkdaşlığın xarakterinə və formasına təsir etməməsidir.

Qeyd edək ki, iki ölkə arasındakı dostluq münasibətlərinin təməli Ulu Öndər Heydər Əliyev və Rusiya Prezidenti Vladimir Putin tərəfindən qoyulub. 1997-ci ildə  imzalanan “Dostluq, əməkdaşlıq və qarşılıqlı təhlükəsizlik haqqında Müqavilə” ikitərəfli münasibətlərin hüquqi bazasını təşkil edən əsas sənəddir. 2002-ci ilin yanvarında Ulu Öndər Heydər Əliyevin Rusiyaya dövlət səfəri zamanı “Xəzər dənizində əməkdaşlıq prinsipləri haqqında Birgə Bəyannamə” Rusiya-Azərbaycan münasibətlərinin strateji tərəfdaşlıq səviyyəsinə qaldırdı. Ulu Öndər Heydər Əliyevin bu istiqamətdə də siyasətini uğurla davam etdirən Prezident İlham Əliyev Rusiya ilə münasibətlərə hər zaman çox həssas yanaşıb. Bunun nəticəsidir ki, SSRİ-nin süqutundan sonra Rusiya ilə Azərbaycan arasında münasibətlər heç zaman indiki kimi yüksək səviyyədə olmayıb. Rusiya Azərbaycanın şanlı Qələbəsi və Ermənistanın kapitulyasiyası ilə nəticələnən tarixi Zəfərimizi qəbul edən ilk ölkələrdən oldu. 2022-ci il fevralın 22-də Moskvada Azərbaycan və Rusiya prezidentləri tərəfindən imzalanan “Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında müttəfiqlik qarşılıqlı fəaliyyəti haqqında” Bəyannamə dövlətlərarası münasibətlərimizi müttəfiqlik səviyyəsinə qaldırdı.

Dövlətimizin başçısı İlham Əliyev sözügedən müsahibəsində qeyd etdi ki, belə bir Bəyannamənin imzalanması bizim 30 ildən artıq bir müddətdə birlikdə keçdiyimiz, fəal işlədiyimiz, həm iqtisadi-ticari, həm də siyasi sahələrdə əməkdaşlıq potensialını artırdığımız və müxtəlif çətin vəziyyətlərdə bir-birimizi sınadığımız həmin böyük yolun nümayiş etdirilməsidir. Buna görə də belə bir Bəyannamənin imzalanması faktının özü həm Rusiya, həm də Azərbaycan tərəfindən ən mühüm siyasi addımdır. Bu, qarşılıqlı fəaliyyətin və əməkdaşlığın ən yüksək formasıdır. Nəzərə alsaq ki, həm Qafqazda, həm də Xəzər regionunda qonşu dövlətlərik və bir çox cəhətdən ölkələrimizin xarici siyasət prioritetləri üst-üstə düşür, o zaman, əlbəttə, belə bir sənəd tarixi hadisədir.

Bəyannamənin imzalanmasından ötən illər ərzində Rusiya Prezidenti Vladimir Putinin Azərbaycana çox əlamətdar, həm də tarixi səfəri baş tutdu. O, dəfələrlə Azərbaycanda olub. Dövlət səfəri ilk dəfə bu ilin yayında həyata keçirilib. Həmin səfər çərçivəsində nəinki münasibətlərimizin müttəfiqlik xarakteri təsdiqləndi, həm də ikitərəfli qarşılıqlı fəaliyyətin inkişaf yolları müəyyənləşdirildi.  Bu gün Rusiya və Azərbaycan iki etibarlı tərəfdaşdır. Buna nə Azərbaycanda, nə də Rusiyada heç bir şübhə yoxdur. Ölkələrimiz üçün çətin vaxtlarda Azərbaycan və Rusiya həmişə həm vəziyyətin dərk olunmasını nümayiş etdirmiş, həm də özünü dostcasına aparmışdır. Azərbaycan-Rusiya münasibətləri bundan sonra da belə olacaq.

“Əlbəttə, biz iqtisadi-ticari əməkdaşlıq üçün fəal şəkildə yeni sahələr tapmağa davam edirik, ticarət dövriyyəsi artır, bəlkə də bizim istədiyimiz sürətlə deyil, lakin bununla belə, dinamika mövcuddur. Rusiyalıların Azərbaycana səfərləri baxımından da biz COVID-dən əvvəlki səviyyəyə çıxırıq ki, bu da həm siyasi, həm də sırf insani mühitin maksimum müsbət olduğunu göstərir, çünki bu səfərlər və qarşılıqlı səfərlər insanların özlərini rahat hiss etdikləri istiqamətlərdə həyata keçirilir” söyləyən cənab İlham Əliyev onu da əlavə etdi ki, son 2-3 il ərzində qarşılıqlı səfərlərin əhəmiyyətli dərəcədə artdığını görürük. Hazırda ölkələrimiz arasında reyslərin sayının artması buna əsas sübutdur.

Cənab İlham Əliyev münasibətlərimizin inkişafından məmnunluğunu ifadə edərək bildirdi ki, bunu yüksək qiymətləndirir və müsbət dinamikanın gələn ildə də qorunub saxlanılacağına əminik. Dövlət başçısı İlham Əliyev müsahibəsində bu reallığı da diqqətə çatdırdı ki, xarici siyasətinin xüsusiyyətlərinə görə istər Qərbdə, istərsə də Şərqdə Azərbaycan müstəqil xarici siyasət yürüdən tamamilə müstəqil aktor kimi qəbul edilir.

Dövlət suverenliyini tam bərpa etmiş Azərbaycan regionda əməkdaşlığın və davamlı inkişafın təmin olunması üçün ardıcıl səylərini davam etdirir. Bu prosesdə Rusiya ilə əlaqələrin inkişaf etdirilməsi xüsusi yer tutur. 

DİGƏR Xəbərlər Arxiv