YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

İki fərqli kurs: Sülh sazişi və Ermənistanın silahlandırılması

Anar Nəbiyev

YAP Qazax rayon təşkilatının sədri 

Dövlətimizin başçısı İlham Əliyev  İkinci Qarabağ müharibəsini şanlı tariximiz kimi qiymətləndirməklə yanaşı, bu reallığı da xüsusi qeyd edir ki, ancaq müharibə olmaya bilərdi. Əgər Ermənistan və onun rəhbərliyi, onun arxasında dayanan qüvvələr beynəlxalq hüquqa, BMT Təhlükəsizlik Şurasının dörd qətnaməsinə əməl,  böyük dövlətlər Ermənistana onun işğalçılıq siyasətinə görə sanksiyalar tətbiq etsəydilər, heç olmasa, onların işğalçılıq siyasətini pisləsəydilər, bəlkə də müharibəyə ehtiyac qalmazdı. Azərbaycan dövləti uzun illər ərzində təmkinlilik, eyni zamanda, aparılan danışıqlara sadiqlik göstərdi. Baxmayaraq ki, illər keçdikcə  ümidlərimiz də tükənirdi, işğalçı dövlət daha da azğınlaşırdı. Hesab edirdi ki,  torpaqlarımızı əbədi işğal altında saxlaya bilər.

Azərbaycan ən yüksək tribunalardan bəyan etdi ki, heç vaxt bu vəziyyətlə barışmayacaq. Nə qədər gec deyil, bu işğala son qoyulsun. 44 günlük İkinci Qarabağ müharibəsi, bir günlük antiterror tədbirləri Azərbaycan Ordusunun nəyə qadir olduğunu nümayiş etdirdi.

Prezidenti İlham Əliyev dekabrın 17-də Ümumrusiya Dövlət Televiziya və Radio Yayımı Şirkəti və Rusiyanın “RİA Novosti” Agentliyi üçün “Rossiya Seqodnya” Beynəlxalq İnformasiya Agentliyinin Baş direktoru, “Rossiya-1” televiziya kanalında “Vesti nedeli” proqramının müəllifi və aparıcısı Dmitri Kiselyova verdiyi müsahibəsində də 30 illik işğal dövrünün reallıqları fonunda Qarabağ münaqişəsinin həllində vasitəçilik missiyasını yerinə yetirmək məqsədilə yaradılan ATƏT-in Minsk qrupunun fəaliyyətsizliyindən, hazırkı postmünaqişə dövründə sülh müqaviləsinin imzalanması prosesinin uzanmasına səbəb olan amillərdən bəhs etdi. Bildirdi ki, sülh sazişi və Ermənistanın eyni vaxtda Azərbaycana  qarşı silahlandırılması iki fərqli kursdur. Əslində sülh sazişi üzrə böyük irəliləyiş əldə etmişik. Bu sənədin 17 maddəsinin 15-i razılaşdırılıb, ikisi qalıb. Kazanda Ermənistanın baş naziri ilə sonuncu görüş zamanı aydın oldu ki, bu iki maddə də Ermənistan tərəfindən qəbul oluna bilər. “Onlardan biri bir-birinə qarşı beynəlxalq iddialardan kənarda durmaqdır. Zənnimcə, bu, qarşılıqlı şəkildə qəbul olunan maddədir” söyləyən cənab İlham Əliyev qeyd etdi ki, bu yaxınlarda  vurulmuş zərərin təhlili başa çatdı. Buna 4 il vaxt sərf edildi.  İşğal illərində vurulan zərər təqribən 150 milyard dollardan çoxdur. Qarşılıqlı iddiaları kənara qoymaq hər iki tərəf üçün qəbulediləndir. Digər maddə başqa ölkələrin nümayəndələrini  sərhədimizdə yerləşdirməməklə bağlıdır: “Bu, niyə bizim üçün vacibdir? Çünki sözdə Avropa müşahidəçiləri pərdəsi altında bizimlə Ermənistan sərhədində NATO tərəfindən infrastruktur yaradılıb. Axı, bu müşahidəçilərin göndərilməsi məsələsi bizimlə 2022-ci ilin oktyabrında Paşinyan, Avropa Şurasının Prezidenti Şarl Mişel, Fransa prezidenti və mənim aramda keçirilən dördtərəfli görüşdə razılaşdırılıb. O vaxt Fransa hələ bizim tərəfimizdən normallaşdırma prosesindən kənarlaşdırılmamışdı. Belə bir razılıq əldə edildi ki, Avropa İttifaqının nümayəndələrinin iki ay müddətində məhdud kontingenti olacaq”.

O da qeyd edildi ki, erməni tərəfinin həyata keçirməli olduğu daha iki məqam var. Birincisi, öz Konstitusiyasını dəyişməkdir. Çünki konstitusiyada Azərbaycana ərazi iddialarının yer aldığı müstəqillik Bəyannaməsinə istinad var. İkinci şərt isə  ATƏT-in Minsk qrupunun ləğvidir. ATƏT-in Minsk qrupu artıq çoxdandır fəaliyyətsizdir, amma formal olaraq mövcuddur. Dövlətimizin başçısı sözügedən müsahibədə bu çağırışı etdi ki, əgər Ermənistan Qarabağı Azərbaycanın bir hissəsi olaraq tanıyıbsa, Minsk qrupu isə Qarabağ məsələsinin həlli üçün yaradılıbsa, onda o nəyə lazımdır?  Ermənistan ATƏT-in Minsk qrupunun ləğv edilməsi üçün bizimlə birlikdə ATƏT-ə müraciət etməyi istəməməsi onu göstərir ki, revanşistlərin planları kifayət qədər ciddidir.

Təbii ki, bütün bu məsələlər həll edilsə, sülh sazişinin imzalanmasına heç bir maneə olmayacaq. Davam edən silahlanma yarışına gəldikdə isə cənab İlham Əliyev vurğuladı ki, bu, əlbəttə, sülh sazişinin bir hissəsi ola bilməz. Amma Ermənistanla qarşılıqlı fəaliyyətin sanki başqa formatının bir hissəsi olacaq: “Biz gələcəkdə də, ilk növbədə, bu cür hərəkətlərin onlar üçün fəlakətli olacağını erməni tərəfinə çatdırmağa çalışacağıq”.

Hadisələrin təhlili göstərir ki, Ermənistan sülh müqaviləsinin imzalanmasında maraqlı olsa da siyasətində müstəqil olmaması, hər zaman havadarlarının göstərişləri əsasında hərəkət etməsi yenə də konkret addım atmasına mane olur.  Fransa regionda vəziyyətin gərginləşməsinin səbəbkarıdır. Cənubi Qafqaz regionunda aparıcı mövqeyə nail olmaq və nüfuzunu gücləndirmək siyasəti yürüdür. Ermənistanın silahlandırılması məhz sözügedən siyasətin təzahürüdür.