YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Müstəqil xarici siyasət və beynəlxalq çağırışlar

Ziyafət Əsgərov

Azərbaycan Respublikası Milli Məclisinin Sədr müavini

Son zamanlarda dünya siyasi səhnəsində yaşanan gərginliklərin, müxtəlif ölkələrin bir – birinə qarşı sərt mövqelərinin, getdikcə dərinləşən fikir ayrılıqlarının, gündən – günə böyüyən qlobal problemlərin şahidi oluruq. Belə bir mürəkkəb zamanda Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə ölkəmizin apardığı balanslaşdırılmış xarici siyasət kursu olduqca düşünülmüş, düzgün hesablanmış və doğru addımlar atılaraq tarazlığı qorumağa yönəldilmiş əhəmiyyətli xüsusiyyətləri özündə cəmləşdirir.

Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanda aparılan xarici siyasətin əsas istiqamətlərindən birini də mühüm dünya dövlətləri ilə qarşılıqlı dostluq və əməkdaşlıq münasibətlərinin qurulması və inkişaf etdirilməsi  təşkil edir. Bu dövlətlərlə birgə imzalanan Bəyənnamələr, müxtəlif əhəmiyyətli sənədlər ölkəmizin dünya səviyyəsində nüfuzunu daha da artıraraq önəmli tərəfdaşlardan birinə çevrilməsinə əsas verir.

Azərbaycan Respublikasının hərtərəfli müttəfiqlik münasibətləri yeritdiyi dövlətətlərdən biri də Rusiya Federasiyasıdır. Bu iki dövlətin tarixinə qısa bir nəzər saldıqda, əməkdaşlıq münasibətlərinin möhkəm köklərə dayandığını görə bilərik.

Elə bunun nəticəsidir ki, iki dövlət arasında münasibətlər bütün sferaları, o cümlədən mətbuat sahəsini də əhatə edir. Dövlət başçımız İlham Əliyev bütün dünya mıətbuatına olduğu kimi, rus mətbuatına da dolğun müsahibələr verir, sualları ətraflı şəkildə cavablandırır.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev 17 dekabr tarixində  “Rossiya Seqodnya” Beynəlxalq İnformasiya Agentliyinə  müsahibə  vermişdir. Dövlət başçısı müsahibə zamanı  Azərbaycanın beynəlxalq münasibətlərdə artan nüfuzundan, prinsipial mövqeyindən o cümlədən,  dövlətimizin strateji baxışından ətraflı şəkildə bəhs etmişdir. Müsahibə zamanı qlobal və regional çağırışlardan tutmuş, iqtisadi və ekoloji məsələlərə qədər bir çox mövzuya toxunan Prezident İlham Əliyev, Azərbaycanın tarixi nailiyyətlərini və gələcək strategiyasını əhatəli şəkildə təqdim etmişdir.

Bu müsahibə təkcə Azərbaycanın daxili və xarici siyasətindəki qətiyyətini deyil, həm də ölkəmizin beynəlxalq arenada haqq səsinin necə əks-səda doğurduğunu ortaya qoydu. Dövlət başçısı müsahibədə, həmçinin Azərbaycanın müstəqil siyasətinin, tarazlaşdırılmış beynəlxalq əlaqələrinin və regional sabitlik naminə atdığı mühüm addımların dəyərini bir daha vurğulamışdır.

Prezident İlham Əliyev müsahibəyə 2022-ci il fevralın 22-də Azərbaycan və Rusiya arasında imzalanmış Müttəfiqlik Qarşılıqlı Fəaliyyəti haqqında Bəyannamədən bəhs edərək başladı.  Belə ki, 2022 – ci ilin 22 fevral tarixində Moskvada Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Rusiya Federasiyasının Prezidenti Vladimir Putin tərəfindən imzalanmış “Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında müttəfiqlik qarşılıqlı fəaliyyəti  haqqında Bəyannamə” xüsusi əhəmiyyət daşıyır. Hər iki dövlətin xarici siyasət strategiyası üçün mühüm əhəmiyyət kəsb edən bu Bəyannamənin 44 müddəası uğurla həyata keçirilir. Cənab Prezidentin də, müsahibəsində vurğuladığı kimi bu Bəyannamə iki dövlətin 30 ildən artıq bir müddətdə iqtisadi, siyasi və ticari sferalarda formalaşdırdığı əməkdaşlıq potensialının zirvəsidir.

Dövlətlərimiz arasındakı yaxın  əməkdaşlığın digər bir göstəricisi isə Azərbaycan və Rusiyanın  dövlət başçılarının qarşılıqlı həyata keçirdikləri səfərlərdir. Cənab Prezident müsahibəsində  Rusiya Federasyasının Prezidenti Vladimir Putinin ölkəmizə cari ilin avqust ayında etdiyi səfərin xüsusi önəm daşıdığını bildirdi. Belə ki, səfər çərçivəsində ikitərəfli əməkdaşlığın yeni yolları müəyyənləşdirildi, enerji və nəqliyyat sahələrində birgə layihələrin icrası ilə bağlı konkret razılaşmalar əldə edildi.

Eyni zamanda, Prezident İlham Əliyev Azərbaycan və Rusiya arasında iqtisadi-ticari əməkdaşlığın artan dinamika ilə inkişaf etdiyini qeyd etdi. COVID-19 pandemiyasından əvvəlki səviyyəyə çatmış turist səfərləri və ticarət dövriyyəsinin artması qarşılıqlı münasibətlərin maksimum dərəcədə müsbət olduğunu göstərir.   

Cənab Prezidentin müsahibəsi çərçivəsində bəhs etdiyi məsələlərdən biri də, NATO və Rusiya arasında yaşana biləcək qarşıdurmanın  yaradacağı fəsadlarlarla bağlı mövqeyi oldu. O NATO ilə Rusiya arasında mümkün hərbi qarşıdurmanın qlobal fəlakətə səbəb ola biləcəyini bildirdi. Ölkəmizin başçısı Azərbaycanın bu istiqamətdə gərginliyin azaldılması işinə töhfə verə biləcəyini vurğuladı və bildirdi ki, Azərbaycan dünyada  eyni zamanda, həm Rusiya, həm də NATO üzvü Türkiyə ilə müttəfiqlik edən unikal dövlətdir. Bu da, dövlət başçımızın yürütdüyü ağıllı və balanslı siyasətin ən böyük göstəricilərindən biridir.

Azərbaycan və Türkiyə arasında müttəfiqlik hərbi sahədə çox mühüm əhəmiyyət kəsb edir. Belə ki, iki dövlət arasındakı hərbi müttəfiqlik 1992 – ci ildən bəri artan inkişaf xətti ilə davam edir. Bütün dünya ölkələrini isə ən çox maraqlandıran məsələlərdən biri Azərbaycanda Türkiyənin hərbi bazasına ehtiyac olub – olmamasıdır. Cənab Prezident müsahibədə bu məsələyə də çox dəqiq şəkildə aydınlıq gətirdi. Dövlət başçımız, Azərbaycanda qardaş dövlətin hərbi bazasına ehtiyac olmadığını, lakin Türkiyənin ordumuzun modernləşdirilməsində mühüm rol oynadığını bildirdi. Dövlətlərimiz arasında ikitərəfli hərbi təlimlər də hər iki dövlətə öz müsbət təsirlərini göstərir.

Azərbaycan öz ərazi bütövlüyünü və suverenliyi tam şəkildə bərpa etdikdən sonra, bir çox dövlətlər Ermənistanla əlbir olaraq ölkəmizə qarşı qərəzli siyasət yeritməyə davam edirlər.  Xüsusilə də, Makronun rəhbərlik etdiyi Fransanın 44 günlük Vətən müharibəsi zamanı və sonrasında verdiyi bəyanatlar da bu qərəzli münasibətin açıq nümunəsidir. Həmin dövrdə Fransa Senatının Azərbaycanın suveren ərazilərində qurulan qondarma “ Dağlıq Qarabağ Respublikası” nı tanımağa çağırış edən qətnaməni qəbul etməsi beynəlxalq hüquq normalarına zidd və qərəzli yanaşmanın ən böyük göstəricilərindəndir. Hazırda Fransa, o cümlədən Hindistan və ABŞ Ermənistanı silahlandırmağa davam etməkdədir. Bu dövlətlərin ölkəmizə qarşı yeritdiyi qərəzli siyasət həm sərhədə yaxın məntəqələrdə yaşayan əhalinin, həm də bütövlükdə regionun təhlükəsizliyinə ciddi xələl gətirir. Dövlət başçısı, müsahibədə beynəlxalq  hüquq normalarına tamamilə zidd olan bu vəziyəti kəskin tənqid etdi.

Cənab Prezident, müsahibəsi zamanı Azərbaycanın 2025 – ci ildə rekord məbləğdəki  hərbi büdcəsindən də bəhs etdi. Belə ki, 2025-ci ildə Azərbaycanın hərbi büdcəsi rekord həddə çataraq təxminən beş milyard ABŞ dolları təşkil edəcək. Bu məbləğin ən azı 60 faizi hərbi xərclərə yönəldiləcək. Çünki Azərbaycan qarşılaşdığı təhdidlər səbəbindən bu xərcləri həyata keçirmək məcburiyyətindədir.

Dövlətimizin hərbi büdcənin artması Ermənistanın silahlanmasına baxmayaraq, bu ölkənin Azərbaycanın hərbi potensialına yaxınlaşmasını qeyri-mümkün edir. Ermənistanın Qərbdən pulsuz və ya kreditlə aldığı silahlar belə, Azərbaycanla hərbi balans yaratmağına kifayət etmir.

Dövlət başçısı, Azərbaycan və Ermənistan arasında sülh sazişi üzrə aparılan danışıqlarda əldə olunan mühüm irəliləyişdən də bəhs edərək bildirdi ki, sazişin 17 maddəsindən 15-i razılaşdırılıb, yalnız iki maddə müzakirə mərhələsindədir. Bu maddələrdən birinə görə    Ermənistan və Azərbaycan qarşılıqlı olaraq beynəlxalq iddialardan imtina etməlidir. Dövlətimizin sərhədində üçüncü ölkələrin, xüsusən NATO müşahidəçilərinin yerləşdirilməsinin əleyhinəyik.  Eyni zamanda sülh danışıqlarının davam etməsi üçün Ermənistan öz Konstitusiyasında dəyişiklik etməlidir. Hazırkı Konstitusiyada Azərbaycana ərazi iddialarını ehtiva edən maddələr mövcuddur. Bu dəyişiklik sülh prosesinin obyektiv şərtidir .

Digər tərəfdən ATƏT-in Minsk qrupunun formal mövcudluğunun ləğvi əsas tələblərdəndir. ATƏT-in Minsk qrupu, Qarabağ münaqişəsinin həlli üçün yaradılmışdır və hazırda fəaliyyətsizdir. Əgər Ermənistan Qarabağı  Azərbaycanın ərazisi kimi tanıyırsa , bu qrupun mövcudluğunun heç bir mənası yoxdur. Elə buna görə də Minsk qrupunun ləğvi üçün Ermənistanın da ATƏT-ə müraciət etməsi tələb olunur.

Dövlət başçısı Qarabağ ermənilərinin və deportasiya olunmuş azərbaycanlıların reinteqrasiyası prosesindən də bəhs etmişdir.  Azərbaycan 2023-cü ilin sentyabrında Qarabağ ermənilərinin reinteqrasiya planını ictimaiyyətə təqdim edib. Bu proses çərçivəsində Ermənistandan deportasiya olunmuş 300 min azərbaycanlının geri qaytarılması da müzakirə olunur. Biz bu addımları yalnız sülh sazişinin deyil, həm də regionda ictimai konsensusun təmin edilməsi üçün zəruri hesab edirik.

Ermənistanın revanşist siyasətinə baxmayaraq, Azərbaycanın sülh sazişi və reinteqrasiya prosesindəki addımları bölgədə sabitliyin bərpasına yönəlib. Əgər müzakirələr zamanı qalan məsələlər də həll olunarsa, iki ölkə arasında davamlı sülhün təmin edilməsi mümkün olacaq.

Cənab Prezident müsahibəsində Azərbaycanın Qarabağın bərpası istiqamətində həyata keçirdiyi intensiv işlərdən də bəhs etmişdir. Hazırda bölgədə xarici investisiyalar cəlb edilərək müxtəlif layihələr icra olunur. Həyata keçirilən layihələrdə Rusiyanın da, dəstəyi olmuşdur. Belə ki, Rusiya və Tatarıstanın təşəbbüsü  ilə  Qubadlı rayonunda uşaq bağçasının tikilişinə başlanmış və Cəbrayılda “KamAZ” xidmət mərkəzi  layihəsi icra olunmuşdur.

Cənab Prezidentin vurğuladığı əsas məsələlərdən biri də, dövlətimizin COP29 konfransı çərçivəsində nümayiş etdirdiyi böyük uğur oldu. COP29 konfransının Bakıda keçirilməsi Azərbaycanın iqlim dəyişikliyi sahəsindəki qlobal rolunu nümayiş etdirdi. Bu tədbir həm miqyasına, həm də hazırlıq müddətinin qısalığına görə tarixi bir əhəmiyyət daşıyırdı. Ölkələrə hazırlıq üçün adətən iki il vaxt verilsə də, Azərbaycanın bu tədbirə hazırlığı üçün cəmi 11 ay vaxtı oldu. Səbəb Ermənistanın Azərbaycanın namizədliyini bloklaması idi ki, bu da  qərarın gec verilməsi ilə nəticələndi . Hazırlıqlar çərçivəsində ölkəmiz 70 mindən çox qonağı qəbul etmək üçün şərait yaratmalı oldu və nəticədə 76 min nümayəndənin iştirakı təmin edildi.

COP29-un təşkilatçılığı dövründə Azərbaycan bir sıra əsassız tənqidlər və qərəzlərlə üzləşdi. Qərb mediası Azərbaycanı “petrostate” adlandıraraq enerji resurslarına malik olan ölkəmizin imicini mənfi formada təqdim etməyə çalışdı. Bununla belə, bu cür ifadələr heç bir əsaslı təsir yaratmadı və Azərbaycan iqlim məsələlərində qlobal arenada öz müstəqil mövqeyini qorudu. Azərbaycanın diplomatik səyləri nəticəsində COP29 çərçivəsində illik 300 milyard dollarlıq iqlim maliyyəsi təsdiq edildi. Bundan əlavə, 2015-ci ildən bəri müzakirə edilən Paris Sazişinin 6-cı maddəsi üzrə razılıq əldə olundu. Bu razılıq nəticəsində karbon bazarlarının tənzimlənməsini və ölkələr arasında kvota ticarətinin tətbiqi mümkün olacaq.

Prezident İlham Əliyevin “Rossiya Seqodnya” Beynəlxalq İnformasiya Agentliyinə verdiyi müsahibə, Azərbaycanın regional və qlobal miqyasda siyasi, iqtisadi və mədəni rolu barədə dərin təsəvvür yaratdı. İqlim dəyişikliklərinə qarşı mübarizə, Paris Sazişinin reallaşdırılmasında əldə olunan irəliləyişlər, həmçinin regiondakı mürəkkəb siyasi mənzərə fonunda nümayiş etdirilən qətiyyətli siyasət, Azərbaycanın tarixi, milli maraqlarını və müstəqil qərarlarını qoruma əzmini bir daha ortaya qoyur.  Cənab Prezident İlham Əliyevin müsahibəsi ölkəmizin öz suverenliyinə olan sarsılmaz inamını, daxili və xarici təzyiqlərə qarşı dayanıqlılığını bir daha nümayiş etdirdi.