YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Müstəqil Azərbaycanın memarı və qurucusu

“Ulu Öndər Heydər Əliyev Azərbaycan dövləti və xalqı üçün misilsiz xidmət göstərib. Bu səbəbdən də, xalqımız öz qəlbində Ulu Öndərimizin əbədi abidəsini ucaldıb. Azərbaycan xalqı hər zaman, o cümlədən dekabrın 12-də-anım günündə Ümummilli Liderimiz Heydər Əliyevi böyük ehtiramla yad edir”. Bu fikirləri Milli Məclisin deputatı Sevinc Fətəliyeva deyib.

Deputat bildirib ki, Ulu Öndərimizin müəyyənləşdirdiyi siyasət daim ölkəmizə və xalqımıza işıqlı yol göstərir. Ulu Öndər Heydər Əliyevin müdrik və uzaqgörən idarəçiliyi sayəsində Azərbaycan bu gün xarici siyasətində etibar və sabitlik amili kimi çıxış edən, iqtisadi inkişaf və sosial rifah yolunda mətin addımlarla irəliləyən, demokratik təsisatların təşəkkül tapdığı müasir ölkədir. Görkəmli dövlət xadimi Heydər Əliyevin Azərbaycana rəhbərliyi dövründə xalqın min illərlə arzusunda olduğu niyyətlər gerçəyə çevrilib, Azərbaycan müstəqilliyə qovuşub. Dünya siyasətinin nəhənglərindən sayılan Heydər Əliyev xalqının xilaskarı missiyası ilə Tanrı və zaman tərəfindən Azərbaycanın taleyinə bəxş edilmiş və bu qürurlu taleyin zirvəsini müəyyən etmiş nadir şəxsiyyətlərdən biridir. Bu dahi insanın Azərbaycan xalqının qan və qəlb yaddaşında qurucu və xilaskar dövlət xadimi, milli lider və xalq məhəbbətini qazanan öndər kimi qalması heç şübhəsiz ki, təsadüfi deyildir. Xalqının taleyində, mənəvi, siyasi və ictimai həyatında, dövlət quruculuğunda onun qədər misilsiz xidmətlər göstərən ikinci dövlət adamı tapmaq gerçəkdən mümkünsüzdür. Elə bu səbəbdəndir ki, Heydər Əliyevi tanıdığımız gündən ona ən böyük azərbaycanlı demişik.

Onun sözlərinə görə, məhz Ulu Öndər Heydər Əliyevin müəyyənləşdirdiyi siyasi kurs nəticəsində Azərbaycan özünün geostrateji, iqtisadi və mədəni potensialından istifadə edərək Şərqlə Qərb arasında etibarlı körpü rolunu oynayıb və onu dünyanın ən dinamik inkişaf edən ölkələrindən birinə çevirib: “Heydər Əliyev dövlət başçısı və siyasi xadim kimi beynəlxalq vəziyyəti düzgün təhlil edərək, Azərbaycan dövlətinin müstəqilliyinin qorunması və inkişafı yolunda müstəqil siyasət apararaq xalqı öz ətrafında birləşdirməyi bacarıb. Müstəqil dövlət quruculuğundan danışarkən ölkənin xarici siyasət kursuna nəzər salmamaq mümkün deyil. Heydər Əliyev mürəkkəb qlobal və regional vəziyyətin mövcudluğu, ölkə daxilində destruktiv qüvvələrin fəallaşdığı bir şəraitdə əsaslandırılmış xarici siyasət kursu müəyyənləşdirdi. Ulu Öndərimizin müəyyənləşdirdiyi xarici siyasətdə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli ən başlıca yer tuturdu. Bu siyasət nəticəsində ölkəmiz diplomatik müstəvidə Ermənistanı küncə sıxışdırdı və beynəlxalq təşkilatlar qəbul etdiyi sənədlərdə Azərbaycanın ərazi bütövlüyü tanınırdı. 44 günlük Vətən müharibəsi nəticəsində qazanılan qələbənin əsasında məhz Ulu Öndərimizin əsasını qoyduğu uzaqgörən siyasət dayanır”.

Millət vəkili söyləyib ki, Ulu Öndər tərəfindən müəyyənləşdirilmiş siyasi kursda milli maraqlarımız hər şeydən üstün dayanırdı. Bu kursun Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsi nəticə etibarilə qələbəmizi şərtləndirdi. Müharibənin davam etdiyi günlərdə Ermənistan rəhbərliyinin, erməni lobbisinin və diasporunun cəhdlərinə baxmayaraq, heç bir dövlət, beynəlxalq təşkilat Azərbaycana qarşı hər hansı addım atmadı, Qarabağın Azərbaycanın tərkib hissəsi olduğu bəyan edildi.

“Ümummilli Lider Heydər Əliyevin siyasi kursunu uğurla davam etdirən Prezident İlham Əliyev Azərbaycanı inamla yeni-yeni zəfərlərə doğru aparır. Ulu Öndər Heydər Əliyevin layiqli davamçısı, Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə tarixi ədalət bərpa edilib, işğal altında olan torpaqlarımız azad olunub, Zəfər salnaməsi tarixdə layiqli yerini alıb. Bütün nailiyyətlərin təməlində isə Heydər Əliyev siyasəti dayanır. Müstəqil Azərbaycanın memarı və qurucusu Heydər Əliyevin adı Azərbaycanın özü qədər əbədi olacaq, onun parlaq ideyaları gələcəyimizə daim nur saçacaq”- deyə, Sevinc Fətəliyeva vurğulayıb.