YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Nə üçün Azərbaycan?!

Nurlan Qələndərli

YAP Mərkəzi Aparatının İnformasiya texnologiyaları və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri

XXI əsrin üçüncü onilliyində dünyanın mənzərəsi olduqca ziddiyyətlidir. İqtisadi tənəzzül, siyasi qeyri-sabitlik, ictimai münasibətlərdə xaos, ideoloji boşluq, kənar müdaxilə və digər mənfi hallar müxtəlif ölkələrin real mənzərəsini təşkil edir.

Səbəblər müxtəlifdir: siyasi hakimiyyətin nüfuzunun olmaması, səmərəli idarəetmə sisteminin yaradılmaması, xarici siyasətdə çoxsaylı qüsurlar və s. Ona görə də “rəngli ssenari”lər, xaos planları, iğtişaşlar, inqilablar, çevrilişlər, üsyanlar bir sıra ölkələr və regionlar üçün siyasi ənənəyə - “milli adət”ə çevrilib, yaxud xroniki geosiyasi xəstəlik halını alıb.

Azərbaycan nümunəsi isə müsbət təcrübəni, mütərəqqi modeli ifadə və ehtiva edir. Bu gün respublikamız güclü-qüdrətli və qalib dövlət, söz və nüfuz sahibi olan etibarlı tərəfdaş, regionun lider ölkəsi kimi diqqəti cəlb edir. Nə üçün? Daha dəqiq desək, niyə məhz Azərbaycan seçilir və fərqlənir?!

Müstəqillik dövrünün siyasi təqvimi mühüm reallıqları əks etdirir. Bu müddət özündə bütöv siyasi orqanizm olan dövləti müdrikləşdirən çox mühüm tarixi təcrübələri, taleyüklü hadisə və prosesləri ehtiva edir. Bu dövrdə Cənubi Qafqazın lider dövlətinə çevrilməkdən tutmuş nüfuzlu beynəlxalq təşkilatlara sədrlik etməyə, Avrasiyanın yeni enerji və nəqliyyat xəritəsini yaratmaqdan başlamış inkişafın milli modelini formalaşdırmağa qədər çox sayda mühüm uğurlara imza atılıb. Nəinki müstəqillik, hətta çoxəsrlik tariximizin zirvə nöqtəsi isə işğal altında olan torpaqların azad, ərazi bütövlüyünün və tarixi ədalətin isə bərpa olunmasıdır.

Təbii ki, bütün bu nailiyyətlər asanlıqla əldə olunmayıb, yaxud olduqca mürəkkəb şərtlərə və şəraitə rəğmən, qazanılıb. Həlledici amili lider fenomeni, yaxud liderlik faktorudur. Deməli, “nə üçün Azərbaycan” sualının cavabı lider amilindədir.

Azərbaycanı xaos və anarxiya meydanına, geosiyasi mübarizə poliqonuna, “demokratiya laboratoriyası”na, dini, etnik müstəvidə qarşıdurma məkanına çevrilməkdən xilas edən, adı inkişaf və sabitlik anlayışları ilə assosiasiya olunan, islahatçı və yenilikçi yanaşması ilə fərqlənən, mükəmməl geosiyasət bilicisi kimi tanınan Prezident İlham Əliyevin güclü dövlət konsepsiyası konyuktur maraqları ehtiva etmir, hakimiyyətin mühafizəsinə deyil, dövlətçiliyin qorunmasına  hədəflənib.

 “Nə üçün Azərbaycan” sualını cavablandırmaq üçün daha bir mühüm və ən əsas məqama toxunmaq lazımdır. Bu, Azərbaycan dövlətçiliyinin dörd sütun üzərində öz sarsılmazlığını təmin etməsidir: Heydər Əliyev ideyaları; Prezident İlham Əliyevin alternativsiz siyasəti; xalq-Lider birliyi - milli həmrəylik; tarixi Qələbə və möhtəşəm Zəfərin davamlı prosesə çevrilməsi.