YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Şərtlərə əməl etməklə münasibətlər qurulmalıdır

“Ermənistan hakimiyyəti sülhün tərəfdarı olduğunu bəyan etsə də, gerçəkdə bunun əksi baş verir. Son zamanlar Ermənistanda revanşist çağırışlar artmaqdadır. Xüsusilə, hərbiləşmə siyasəti, Qərblə bu istiqamətdə sıx əməkdaşlıq Ermənistanın Azərbaycana qarşı müharibəyə hazırlaşması ehtimalını artırır”. Bu fikirləri Milli Məclisin deputatı Samir Vəliyev deyib.

Deputat bildirib ki, Ermənistanda Nikol Paşinyanın reytinqi getdikcə aşağı düşür. Paşinyan Qərbin adamıdır, ona görə də Qərb onun hakimiyyətinə qarşı təhlükələrin qarşısını almağa çalışır. Yəqin, bunun üçün Paşinyan “yenilik” etmək istəyir. Ermənistan hakimiyyəti bu “yeniliyi” hərbi əməliyyatlarda və Azərbaycan üzərində kiçik də olsa, qələbə qazanmaqda görür. Digər tərəfdən, Fransa Ermənistanı fəal şəkildə silahlandırır. Bu ölkə də Ermənistan vasitəsilə Cənubi Qafqazda öz maraqlarını təmin etməyə çalışır. Parisin məqsədi regionda yeni müharibə alovlandırmaqdır. Fransa ilə yanaşı, Hindistan da Ermənistana silah satışını davam etdirir. Yunanıstan isə S-300 raket komplekslərini Ermənistana vermək niyyətindədir. Digər tərəfdən, Ermənistanın arxasında duran Fransa, həmçinin Avropa İttifaqı aydın görürlər ki, Ukrayna cəbhəsində istədiklərinə nail ola bilmirlər. Ona görə də, Rusiyanın diqqətini başqa səmtə yönəltmək və onun sərhədlərinə yaxın yeni münaqişə ocağı yaratmaqla qüvvəsini bölməyə çalışırlar.

Millət vəkilinin fikrincə, Qərbin təhriki və dəstəyi ilə Ermənistanın silahlandırılması Cənubi Qafqaz regionunda vəziyyətin gərginləşməsinə, kövrək sülhün pozulmasına və yeni müharibənin başlanmasına hesablanıb. Ermənistandakı Avropa İttifaqının missiyasının kəşfiyyat xarakterli fəaliyyəti də bu məqsədə xidmət edir.

“Görünən odur ki, Ermənistanın planları ilə Qərbin Cənubi Qafqaz siyasəti üst-üstə düşür. Qərb dairələri Rusiyanın geostrateji mövqeyinin çətinləşdiyi, həmçinin Paşinyan iqtidarının sürüşkənliyi fonunda öz planlarının reallaşdırılması üçün ən uyğun zaman yetişdiyini düşünür. Lakin Ermənistan anlamalıdır ki, regionda sabitliyi və sülhü təmin etməyin yeganə yolu qonşu ölkələrin suverenliyinin və ərazi bütövlüyünün tanınmasıdır. Eyni zamanda, həmin şərtlərə əməl etməklə münasibətlər qurulmalı və bu istiqamətdə təhlükə yaradan çağırışlar aradan qaldırılmalıdır. Rəsmi İrəvan həqiqətən  sülhün tərəfdarıdırsa, əməli fəaliyyəti ilə bunu nümayiş etdirməlidir. Əks halda, revanşizmin artması, silahlanmanın davam etməsi və müharibəyə cəhd Ermənistanın özü üçün ciddi problemlər yaradacaq. Ən azı 44 günlük Vətən müharibəsinin və Qarabağda bir günlük anti-terror tədbirlərinin nəticələri unudulmamalıdır!”,-deyə Samir Vəliyev vurğulayıb.

DİGƏR Xəbərlər Arxiv