YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Laçın Beynəlxalq Hava Limanı bölgənin strateji əhəmiyyətini daha da artıracaq

Tarixi Zəfərimizdən 4 ildən artıq vaxt keçməsinə baxmayaraq, onun yaratdığı reallıqlar hər an 44 günlük İkinci Qarabağ müharibəsini xatırlamağı, Müzəffər Ali Baş Komandan İlham Əliyevin sərkərdərliyi ilə Azərbaycan Ordusunun göstərdiyi qəhrəmanlığı və şücaəti təhlil etməyi, indiki və gələcək nəsillərə çatdırmağı bir tələb kimi qarşıya qoyur. 44 gündə 6 şəhərin, 5 qəsəbənin, 300-ə yaxın yaşayış məntəqəsinin, xeyli sayda strateji yüksəkliyin işğaldan azad edilməsi ədalətin təntənəsi, rəşadətli ordumuzun gücünün, qüdrətinin təqdimatı oldu. Azərbaycanın hərbi-siyasi Qələbəsinin, Ermənistanın kapitulyasiyasının təsdiqi olan 10 noyabr 2020-ci il tarixili üçtərəfli Bəyanata əsasən, Ağdam, Kəlbəcər və Laçın rayonları bir güllə atılmadan belə  ölkəmizə qaytarıldı.  Dövlətimizin başçısı İlham Əliyev 1 dekabr 2020-ci il tarixdə Laçın rayonunun azad edilməsi müjdəsini xalqa çatdırarkən “Laçın rayonunun işğaldan azad olunması tarixi hadisədir. Özü də bir güllə atmadan biz Laçın rayonunu qaytardıq. Düşməni buna məcbur etdik. Döyüş meydanında əldə edilmiş parlaq qələbə bu gözəl nəticəyə gətirib çıxardı ki, üç rayonumuz – Ağdam, Kəlbəcər və Laçın bizə qaytarıldı. Biz bu rayonları bir güllə atmadan, bir şəhid vermədən qaytarmışıq” fikirlərinin davamı olaraq belə bir əminliyi də ifadə etdi ki, ölkəmiz üçün yeni dövr başlayır. Yeni quruculuq, inkişaf, azad edilmiş ərazilərimizin bərpası dövrü başlayır. Azərbaycan xalqı bu dövrdə də birlik, həmrəylik, güclü iradə göstərəcək. Azərbaycan xalqı yenə də birləşərək dağıdılmış şəhərləri, kəndləri bərpa etmək üçün əlindən gələni edəcək. Bundan sonra böyük və qürurlu xalq kimi yaşayacağıq. Beynəlxalq müstəvidə, bölgədə öz sözümüzü demişik. İstədiyimizə nail olmuşuq və bundan sonra bizim xalqımızı təhlükəsiz və xoşbəxt həyat gözləyir. Bu mühüm məqamı da xüsusi qeyd etməliyik ki, 2022-ci ilin 26 avqust tarixində Müzəffər Ali Baş Komandan İlham Əliyev özünün “Twitter” səhifəsində belə bir paylaşımı da etdi ki, bu gün, avqustun 26-da biz – azərbaycanlılar Laçın şəhərinə qayıtmışıq. Azərbaycan Ordusu Laçın şəhərinə yerləşdi. Zabux və Sus kəndləri nəzarətə götürüldü.

Azərbaycan istər döyüş meydanında, istərsə də informasiya cəbhəsində sübut etdi ki, Qarabağ əzəli Azərbaycan torpağıdır. Azərbaycanlılar yox, məhz ermənilər bu torpağa gəlmədir. 30 ildə həqiqətləri görməzdən gələn bəzi dünya gücləri, nüfuzlu beynəlxalq təşkilatlar 44 gündə Prezident İlham Əliyevin xarci KİV-lərə 30-dan artıq  müsahibəsi, şanlı Qələbəmizin reallıqları əsasında keçmiş Qarabağ münaqişəsinin əsl mahiyyətini öyrənməyə məcbur oldular. Prezident İlham Əliyevin Zəfərimizin əbədiləşdirilməsi istiqamətində atdığı addımlar informasiya cəbhəsində üstünlüyümüzün qorunmasında əhəmiyyətli rol oynadı. Bu gün digər ərazilərimiz kimi, Laçın rayonu da özünün sevincli günlərini yaşayır.

Bu fikirləri Milli Məclisin deputatı Vüqar Rəhimzadə bildirib.

Millət vəkili qeyd edib ki, 10 noyabr 2020-ci il tarixli Üçtərəfli Bəyanatın tələblərinə uyğun olaraq Laçını tərk edən ermənilər dövlətimizin onlar üçün yaratdığı şəraitdən, göstərdiyi humanizmdən sui-istifadə edərək Kəlbəcərdə törətdikləri barbarlığı, vəhşiliyi bu torpağımızda da təkrarladılar. Evlərə, meşələrə od vuran ermənilər revanşizm ideologiyasından əl çəkmədiklərini açıq şəkildə nümayiş etdirdilər. Dövlət başçısı İlham Əliyev işğaldan azad edilmiş ərazilərimizə səfərləri zamanı şahidi olduğu  dağıntılardan bəhs edərkən hər zaman bildirir ki, dünya bu günədək necə vəhşi ilə  üz-üzə olduğumuzu görsün. Kəlbəcərin və Laçının boşaldılması zamanı edilən vəhşiliklər də onların əsl simalarının təqdimatında mühüm rol oynadı.  Reallıq budur ki, Ermənistan işğalçı tərəf olaraq Cenevrə konvensiyaları ilə üzərinə düşən öhdəliklərini kobud şəkildə pozaraq, Laçın rayonunda coğrafi adların dəyişdirilməsi, rayonun təbii resurslarının talan edilməsi və qazanc mənbəyinə çevrilməsi, əsasən, Suriyadan olan ermənilərin məqsədyönlü məskunlaşma siyasətini apararaq demoqrafik tərkibin dəyişdirilməsi kimi qeyri-qanuni əməlləri həyata keçirmişdir. Onların  torpaqlarımızı boşaldarkən  törətdikləri cinayətlərə dünyanın susması artıq Azərbaycan ictimaiyyəti tərəfindən təəccüblə qarşılanmadı. Çünki 28 ildən artıq dövrdə ikili siyasətin nəticələrini yaşamışıq, işğala məruz qalan Azərbaycan olsa da Ermənistanın başına çəkilən sığallardan sanki belə qənaət yaranırdı ki, dünya, ümumiyyətlə, hüquq anlayışından xəbərsizdir. Lakin bütün hallarda Azərbaycan artıq 30 illik işğal dövrünün Azərbaycanı olmadığını həm döyüş meydanında, həm də informasiya cəbhəsində ermənilərə və onlara havadarlıq edən dövlətlərə çatdırır. Bir daha sübut olundu ki, beynəlxalq münasibətlərdə güc və hüquq anlayışları əsasdır.

Vüqar Rəhimzadə vurğulayıb ki, Azərbaycan hər zaman qarşısına qoyduğu hədəfərə doğru inamla irəliləyir və buna yüksək səviyyədə nail olur. Ermənilərin vəhşiliklərinə, vandallıqlarına rəğmən biz Laçına qayıtdıq.  Tarixi Zəfərimizin reallıqları fonunda əldə etdiyimiz hər bir qələbə, uğurlu nəticə harada yaşamasından asılı olmayaraq hər bir azərbaycanlını qürurlandırır. Dövlətimizin başçısı İlham Əliyev Böyük Qayıdış Proqramının uğurlu icrasından bəhs edərkən bu hədəfi açıqladı ki, 2023-cü ildə laçınlılar Laçın şəhərinə qayıdacaq. Laçın şəhərinə soydaşlarımızın qayıdışının ilk mərhələsi məhz həmin ilin 28 May-Müstəqillik Günündə reallaşdı. Qısa zamanda böyük bərpa-quruculuq işlərinin reallaşdırılması ölkəmizin iqtisadi və maliyyə imkanlarının göstəricisidir.  Laçın rayonunun Zabux və Sus kəndləri də sakinlərinə qovuşan ərazilərimiz sırasındadır. Dövlətimizin başçısı İlham Əliyevin Laçın rayonuna hər bir səfəri Böyük Qayıdış Proqramının sürətlənməsinə xidmət edən mühüm addımlarla zəngindir.  Dövlətimizn başçısı İlham Əliyev çıxışlarında daim bu  xatırlatmanı edir ki,  50 yaşım tamam olanda laçınlılarla Qarabağda, Qarabağın Ağcabədi rayonunda, Taxtakörpü qəsəbəsində görüşmüşdüm. Həmin görüşdə bu əminliyi ifadə etmişdir ki, torpaqlarımız azad olunandan sonra Laçının çalçağırlı günləri, bu rayonda genişmiqyaslı bərpa-quruculuq işləri başlayacaq.  Artıq Müzəffər Ali Baş Komandan İlham Əliyevin hər bir bayram günlərini, tarixi hadisələri məhz işğaldan azad edilmiş ərazilərimizdə qeyd etməsi bir ənənəyə çevrilib.

Millət vəkili bildirib ki, işğaldan azad edilmiş Füzulidə, Zəngilanda, o cümlədən Laçında beynəlxalq statusa malik hava limanlarının inşası, Füzuli və Zəngilan Beynəlxalq Hava limanlarının istifadəyə verilməsi ilə Qarabağın və Şərqi Zəngəzurun hava qapılarının dünyaya açılması ölkəmizin həyatında mühüm tarixi hadisələr, bu torpaqların gələcəkdə böyük turizm məkanı kimi mövqeyinin möhkəmlənməsinə xidmət edən mühüm addımlardır. Laçın Beynəlxalq Hava Limanının isə 2025-ci ilin əvvəlində istifadəyə verilməsi nəzərdə tutulur. Bu mühüm addım Laçının strateji əhəmiyyətinin təqdimatında əhəmiyyətli rol oynayır. Qısa müddətdə görülən işlərin miqyasına diqqət yetirməklə Azərbaycanın iqtisadi və maliyyə imkanlarının böyüklüyünü, xalqımızın necə qurucu xalq olduğunu aydın şəkildə görə bilərik. Onu da qeyd edək ki, 2023-cü il Azərbaycanın tarixinə ərazi bütövlüyümüzün və suverenliyimizin tam bərpa edilməsi ili kimi yazıldı. Belə ki, həmin ilin aprelin 23-də Laçın rayonunda, Azərbaycan-Ermənistan sərhədində sərhəd-buraxılış məntəqəsinin qoyulması ərazi bütövlüyümüzün tam bərpası deməkdir. Azərbaycanın bu mühüm addımı da beynəlxalq hüquqa əsaslanır.

Vüqar Rəhimzadə qeyd edib ki, dövlət başçısı İlham Əliyevin “Bu gün bizim bütün arzularımız çin olub. Bu, hər birimiz üçün doğrudan da böyük xoşbəxtlikdir. Artıq müharibə arxada qaldı” fikirləri keçirilən yolun və qarşıdakı hədəflərin ümumiləşdirilmiş ifadəsidir. Hazırda qarşıda dayanan əsas vəzifə torpaqlarımızın bərpası, soydaşlarımızın Böyük Qayıdışının tam şəkildə başa çatdırılmasıdır. Uğurlu və düşünülmüş siyasətimiz bu hədəfə də yüksək səviyyədə nail olacağımıza stimul verir.

DİGƏR Xəbərlər Arxiv