YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Yaşıl enerji və iqlim diplomatiyasının yeni dövrü

Bayram Aslanov

YAP İdarə Heyətinin üzvü, YAP Gəncə şəhər təşkilatının sədri

Noyabrın 11-də müstəqil Azərbaycanın paytaxtı Bakıda reallaşan BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) dünya ictimaiyyətinin nəzərini iqlim dəyişikliklərinin yaratdığı fəsad və problemlərə yönəldərək, uğurlu nəticələrlə yadda qaldı. Harada yaşamasından asılı olmayaraq hər kəsi narahat edən qlobal problemlərin müzakirə və həll edildiyi COP29 dünya ictimaiyyəti tərəfindən yüksək dəyərləndirildi. Mötəbər tədbirdə iştirak edən dövlət və hökumət başçılarının çıxışlarında, müsahibələrində, dünya mətbuat orqanlarında dərc olunan yazılarda bu daha aydın göründü.

Mötəbər tədbirin Azərbaycanda keçirilməsi ölkəmizə olan etimadın göstəricisidir. Bir çox dünya əhəmiyyətli tədbirlərə uğurla evsahibliyi edən Azərbaycan öhdəsinə düşən məsuliyyətli işin öhdəsindən layiqincə gəldi. Bəli, “yaşıl gündəliyi” ilə müasir dövrün nəbzini tutan ölkəmiz uzaqgörənliklə, inamla dünyamızın sabahı, xoşbəxt gələcəyi üçün öz töhfələrini verir.

“COP29-a ev sahibliyi edəcək ölkə kimi yekdil qərarla seçilmək bizim üçün həqiqətən böyük şərəfdir. Biz bunu beynəlxalq ictimaiyyətin Azərbaycana və gördüyümüz işlərə, o cümlədən yaşıl enerji sahəsindəki fəaliyyətimizə hörmətinin əlaməti hesab edirik.” – deyə söyləyən Prezident İlham Əliyevin yürütdüyü praqmatik siyasət sayəsində Azərbaycan “yaşıl enerji” məkanına çevrilib.

Dövlətimizin başçısı noyabrın 24-də sosial şəbəkə hesablarında “COP29 iqlim diplomatiyasında dönüş nöqtəsidir!” sərlövhəsi ilə paylaşımda qeyd edib: “Yaşıl dünya naminə həmrəylik” şüarını rəhbər tutan Azərbaycan bitərəf vasitəçi kimi çıxış edərək danışıqların qərəzsiz aparılması üçün bütün imkanları yaratdı. Bütün proses boyu biz inkişaf etməkdə olan ölkələrin, xüsusilə kiçik ada dövlətlərinin və ən az inkişaf etmiş dövlətlərin ehtiyaclarını nəzərə alan nəticə əldə etməyə çağırış etdik, çünki onlar iqlim dəyişmələrinin ağır yükünü daşıyırlar və ekzistensial təhlükə ilə üzləşirlər. Biz, həmçinin müstəmləkə idarəçiliyi ilə daha da ağırlaşan ekoloji problemlərdən əziyyət çəkən xalqlar və regionlar ilə həmrəylik nümayiş etdirdik”.

COP29 çərçivəsində iqlim dəyişmələrindən ən çox əziyyət çəkən kiçik ada dövlətlərini dəstəkləmək məqsədilə “Kiçik ada dövlətlərinin səslərinin gücləndirilməsinə dair Bakı Bəyannaməsi”nin qəbul olunması da ölkəmizin evsahibliyi etdiyi möhtəbər tədbirin müasir dövrün tələblərinə cavab verməsindən xəbər verir.

Azərbaycan qlobal iqlim dəyişikliklərinin miqyasını nəzərə alaraq “yaşıl enerji”yə geniş meydan verir, ekoloji layihələr həyata keçirir. Cənab İlham Əliyev “COP29 iqlim diplomatiyasında dönüş nöqtəsidir!” başlıqlı yazısında Bakı nailiyyətini çoxtərəfliliyin təntənəsi kimi qiymətləndirir və bildirir ki, bu irs gələcək qlobal iqlim fəaliyyətinə müsbət təsir göstərəcək.

Bakıda reallaşan COP29 artıq tarixə qovuşdu. Beynəlxalq nüfuzu günbəgün artan Azərbaycan etibarlı tərəfdaş kimi ölkələr arasında dostluq, əməkdaşlıq missiyasının öhdəsindən layiqincə gəldi. Bu da ölkəmizin nüfuzunun bariz göstəricisidir.

DİGƏR Xəbərlər Arxiv