YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Qazanılan uğurlar davamlılığı ilə diqqətdədir

Mehdi Balabəyov

YAP Şabran rayon təşkilatının sədri

Ölkəmizin çoxtərəfliliyin tərəfdarı olması xarici siyasət uğurlarımızda özünün aydın ifadəsini tapır. Belə ki, Azərbaycan 120 ölkənin yekdil qərarı ilə dörd il ərzində, BMT-dən sonra ikinci beynəlxalq qurum olan Qoşulmama Hərəkatına uğurla sədrlik etdi. Azərbaycan, həmçinin təxminən 60 ölkəni birləşdirən İslam Əməkdaşlıq Təşkilatının fəal üzvüdür. Avropa İttifaqının 10 üzvü ilə  sazişlər imzalayıb və Strateji tərəfdaşlıq haqqında bəyannamələr qəbul edib. Bütün bunlar bu qənaətə əsas verdi ki, Azərbaycan  iqlim dəyişmələri məsələsində fərqli mühüm iştirakçılar arasında körpülərin salınmasında çox faydalı və yardımçı ola bilər.  Eyni zamanda, ölkəmiz  mədəniyyətlərarası dialoqda fəal rol oynayır. BMT-nin Sivilizasiyalar Alyansı ilə birlikdə Azərbaycan  iki ildən bir Bakıda Mədəniyyətlərarası Forum təşkil edir. Multikulturalizm  dövlət siyasətimizdir və həyat tərzimizdir. Azərbaycan xalqı etnik və dini mənsubiyyətindən asılı olmayaraq sülh və razılıq şəraitində bir ailə kimi yaşayır.

Bütün bu reallıqlar Azərbaycanın ev sahibliyi etdiyi COP29-da bir daha dünyanın diqqətinə çatdırıldı. Dövlətimizin başçısı İlham Əliyev sosial şəbəkə hesablarında COP29-un nəticələri ilə bağlı paylaşımında bildirdi ki, Azərbaycan bir ildən az müddət əvvəl beynəlxalq ictimaiyyətin yekdil dəstəyi ilə COP29-a ev sahibliyi etməkdən şərəf duydu. Müddətin qısa olmasına baxmayaraq, Azərbaycan COP-un rahat və yüksək səviyyədə keçirilməsi üçün bütün lazımi hazırlıqları həyata keçirməyə nail oldu. Mübaliğəsiz deyə bilərik ki, Bakı COP tədbiri ən möhtəşəm COP-lardan biri kimi tarixə düşəcək: “Biz 80 dövlət və hökumət başçısının, qeydiyyatdan keçmiş 76 mindən çox iştirakçının qatıldığı COP29-un çox yaxşı təşkil olunması ilə bağlı bütün qonaqlardan yüksək qiymət almaqdan qürur duyuruq. Genişmiqyaslı və planlaşdırılmış böhtan və qarayaxma kampaniyasına baxmayaraq, Azərbaycan iqlim danışıqlarında tarixi nəticələr əldə etməyə müvəffəq oldu.”

COP29 salınan yeni körpülərlə də diqqətdə oldu. Bu, Azərbaycanın daim əməkdaşlıq çağırışları ilə yanaşı, bunu atdığı addımları ilə təsdiq etməsindən irəli gəlir. Ölkəmiz əməkdaşlıq məkanı kimi hər zaman dünyanın diqqətində olub. Xarici siyasətinin prioritet istiqamətləri kimi ikitərəfli və beynəlxalq təşkilatlar çərçivəsində qazandığı uğurlar hər zaman davamlılığı ilə diqqətdədir. Dövlətimizin başçısı İlham Əliyevin COP29 çərçivəsində keçirilən Liderıəri Sammitində qeyd etdiyi kimi, Azərbaycan Şimal ilə Cənub, Qərb ilə Şərqin qovuşduğu ölkədir və bu, təkcə coğrafiya ilə bağlı deyil. Biz müxtəlif beynəlxalq iştirakçılar arasında siyasi, mədəni, enerji, ticari və nəqliyyat körpülərini sala bilərik. Azərbaycanın başladığı meqalayihələr artıq Avrasiyanın enerji və daşımalar yollarını dəyişib və məhsuldar, çoxtərəfli əməkdaşlıq formatının qurulması ilə nəticələnib.

COP29-un yüksək səviyyədə təşkilinə görə dövlət başçısı İlham Əliyevə təşəkkür edən iştirakçı dövlətlərin liderlərinin hər biri bu tədbirin fərqli olacağına əminliklərini ifadə etdilər və nəticələr də bunun təsdiqi oldu.

Əsas çağırışlardan biri bu oldu ki, inkişaf etmiş bütün ölkələr, xüsusən də müstəmləkə keçmişi olan ölkələr kiçik ada dövlətlərinə maddi və texniki dəstək göstərməlidir ki, onlar ölkələrini iqlim dəyişmələrinin fəsadlarından qoruya bilsinlər.

Cənab İlham Əliyev yuxarıda qeyd etdiyimiz paylaşımında COP29-da əldə olunan bu uğurlu nəticələrə də diqqəti yönəltdi ki, “Yaşıl dünya naminə həmrəylik!” şüarını rəhbər tutan Azərbaycan bitərəf vasitəçi kimi çıxış edərək danışıqların qərəzsiz aparılması üçün bütün imkanları yaratdı. Bütün proses boyu Azərbaycan  inkişaf etməkdə olan ölkələrin, xüsusilə kiçik ada dövlətlərinin və ən az inkişaf etmiş dövlətlərin ehtiyaclarını nəzərə alan nəticə əldə etməyə çağırış etdi. Çünki onlar iqlim dəyişmələrinin ağır yükünü daşıyırlar və ekzistensial təhlükə ilə üzləşirlər. Biz, həmçinin müstəmləkə idarəçiliyi ilə daha da ağırlaşan ekoloji problemlərdən əziyyət çəkən xalqlar və regionlar ilə həmrəylik nümayiş etdirdik.

Azərbaycan inkişaf etmiş və inkişaf etməkdə olan ölkələr arasında körpülərin qurulması üçün səylərini əsirgəmədi və bunun nəticəsində dünya tarixi Bakı nailiyyətinə şahid oldu. Bakı COP-da İtki və Zərər Fondu tam işlək vəziyyətə gətirildi. Azərbaycan, həmçinin karbon bazarına dair çoxdan gözlənilən 6-cı maddənin tam işlək vəziyyətə gətirilməsinə nail oldu. Ən əsası, Bakı COP 2035-ci ilə qədər inkişaf etməkdə olan ölkələrə 300 milyard  dolları təmin etmək üçün qarşıya yeni qlobal məqsəd qoyan Yeni Kollektiv Kəmiyyət Məqsədinin  şahidi oldu. Bu razılaşma inkişaf etməkdə olan ölkələrə iqlim dəyişmələrinin fəsadları ilə mübarizədə kömək edəcək.

 Dövlətimizin başçısı İlham Əliyev bu çağırışı etdi ki, Azərbaycan Qoşulmama Hərəkatının sədri kimi kiçik ada dövlətlərinə dəstək verib, COP29-un sədri kimi onları dəstəkləyəcək və gələcəkdə dostlarımızı dəstəkləməkdə davam edəcək.

DİGƏR Xəbərlər Arxiv