Xəbərlər
Dünya tarixi Bakı nailiyyətinə şahid oldu
Samir Qocayev
YAP Goranboy rayon təşkilatının sədri
Bütün dünyanın diqqəti COP29-a ev sahibliyi edən Azərbaycana yönəldi. 80 dövlət başçısının, eləcə də hökumət rəhbərlərinin və vitse-prezidentlərin iştirak etdikləri tədbirin məqsədi dünya birliyini planetimizin gələcəyi üçün təhlükə olan ekosistemin qorunması naminə birləşdirmək, beynəlxalq həmrəyliyi gücləndirmək oldu.
Noyabrın 11-23 tarixlərində Bakıda keçirilən BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) uğurlu nəticələri ilə hazırda ölkə və dünya mətbuatında təhlil edilir. Belə bir mötəbər tədbirə Azərbaycanın ev sahibliyinin 200-ə yaxın dövlət tərəfindən dəstəklənməsi ölkəmizin beynəlxalq münasibətlər sistemində yeri və rolunun təqdimatı oldu. Dövlətimizin başçısı İlham Əliyev noyabrın 24-də sosial şəbəkə hesablarında COP29-un nəticələri ilə bağlı etdiyi paylaşımda bildirdi ki, Azərbaycan bir ildən az müddət əvvəl beynəlxalq ictimaiyyətin yekdil dəstəyi ilə COP29-a ev sahibliyi etməkdən şərəf duydu. Müddətin qısa olmasına baxmayaraq, Azərbaycan COP-un rahat və yüksək səviyyədə keçirilməsi üçün bütün lazımi hazırlıqları həyata keçirməyə nail oldu. Mübaliğəsiz deyə bilərik ki, Bakı COP tədbiri ən möhtəşəm COP-lardan biri kimi tarixə düşəcək.
Avrasiyanın enerji və daşımalar yollarını dəyişən, çoxtərəfli əməkdaşlıq formatının təşəbbüskarı kimi tanınan, BMT-nin Nizamnaməsinə, beynəlxalq hüquqa və BMT-nin Təhlükəsizlik Şurasının 30 il kağız üzərində qalmış qətnamələrinə uyğun olaraq torpaqlarını 44 gündə Ermənistanın işğalından azad edən suveren Azərbaycanın uğurları tədbir çərçivəsində keçirilən görüşlərdə, sammitlərdə, aparılan müzakirələrdə xüsusi diqqətə çatdırıldı. 120 ölkənin yekdil qərarı ilə dörd il ərzində, BMT-dən sonra ikinci beynəlxalq təsisat olan Qoşulmama Hərəkatına uğurla sədrlik edən, 60 ölkəni birləşdirən İslam Əməkdaşlıq Təşkilatının fəal üzvü, Cənubi Qafqazın lider ölkəsi adını bölgədə yaratdığı reallıqlarla doğruldan Azərbaycan COP29-un sədri kimi inkişaf etmiş və inkişaf edən, Qlobal Cənub və Qlobal Şimal arasında ümumi anlaşmaya nail olmaq üçün siyasi, iqtisadi, humanitar platformalarda əlindən gələni etdi.
Cənab İlham Əliyevin sözügedən paylaşımında da qeyd edildiyi kimi, “Yaşıl dünya naminə həmrəylik!” şüarını rəhbər tutan Azərbaycan bitərəf vasitəçi kimi çıxış edərək danışıqların qərəzsiz aparılması üçün bütün imkanları yaratdı. Bütün proses boyu biz inkişaf etməkdə olan ölkələrin, xüsusilə kiçik ada dövlətlərinin və ən az inkişaf etmiş dövlətlərin ehtiyaclarını nəzərə alan nəticə əldə etməyə çağırış etdik. Çünki onlar iqlim dəyişmələrinin ağır yükünü daşıyırlar və ekzistensial təhlükə ilə üzləşirlər. Azərbaycan, həmçinin müstəmləkə idarəçiliyi ilə daha da ağırlaşan ekoloji problemlərdən əziyyət çəkən xalqlar və regionlar ilə həmrəylik nümayiş etdirdi. Azərbaycan inkişaf etmiş və inkişaf etməkdə olan ölkələr arasında körpülərin qurulması üçün səylərini əsirgəmədi və bunun nəticəsində dünya tarixi Bakı nailiyyətinə şahid oldu.
Azərbaycanın uğurlu moderatorluğu ilə 2035-ci ilə qədər inkişaf etməkdə olan ölkələrə hər il 300 milyard dollar məbləğində yardım göstərilməsi haqda yekun qərar qəbul olundu. Nəzərə alsaq ki, rahat, hamının həmrəy olduğu ümumi məsələlərin müzakirəsi getmirdi. COP29 inkişaf etmiş ölkələrin inkişaf etməkdə olan ölkələrə yüz milyardlarla dollar kimi böyük məbləğlərdə yardım etməsi ilə bağlı fövqəladə maliyyə məqsədli konfrans idi. Buna görə ortaq qərara gəlib çıxmaq, müzakirələri nəticəyə bağlamaq asan olmadı. Ancaq Azərbaycan COP29-a sədrlik edən ölkə kimi yüksək peşəkarlıq və fədakarlıq göstərdi. 2035-ci ilə qədər inkişaf etməkdə olan ölkələrə hər il 300 milyard dollar məbləğində yardım göstərilməsi haqda yekun qərar qəbul olundu. Müzakirələr ilkin olaraq 200 milyard dollar rəqəmi ətrafında gedirdi. Ancaq Azərbaycanın uğurlu moderatorluğu ilə bu rəqəm 300 milyard dollara qaldırıldı.
Azərbaycan diplomatiyası COP29-da dünya diplomatiya tarixinə öz adını yazdırdı. Ancaq buna nail olmaq dünyanın inkişaf etmiş ölkələrindən - ABŞ, Avropa İttifaqı, Çin kimi qlobal aktorların qərarlarından asılı idi. Burada Azərbaycanın üzərinə düşən missiya bu cür kəskin qlobal qütbləşməyə baxmayaraq, müzakirələrin axarını ortaq mövqeyə doğru yönləndirə bilmək və məntiqi sonluğa gətirib çatdırmaq idi. Belə bir mürəkkəb maraqlar labirintinin içindən ildə 300 milyard dollarlıq maliyyə qərarı ilə çıxmaq iqlim diplomatiyasının ən üst səviyyəsi sayılmalıdır.
Hər dövrün çağırışlarının yüksək səviyyədə yerinə yetirilməsi ölkəmizə davamlı uğurlar qazandırır ki, onların xronologiyasına diqqət yetirmək kifayətdir. Hazırkı dövrün çağırışı isə bərpaolunan enerji mənbələrinə investisiyaların yatırılmasıdır. Azərbaycanın bu sahədə böyük potensiala malik olması imzalanan sənədlərdə özünün aydın ifadəsini tapır. Bərpaolunan enerji potensialı zəngin olan ölkəmizdə 2030-cu ilədək elektrik enerjisinin qoyuluş gücünün artırılması sayəsində alternativ enerjinin payının 30 faizə çatdırılması başlıca hədəfdir. Statistik göstəricilərə görə, görə respublikamızda bərpaolunan enerji mənbələrinin texniki potensialı quruda 135, dənizdə 157 qiqavatdır. Alternativ enerji mənbələrinin iqtisadi potensialı 27 qiqavat, o cümlədən külək enerjisi üzrə 3 min meqavat, günəş enerjisi üzrə 23 min meqavat, bioenerji potensialı 380 meqavatdır. Dağ çaylarının potensialı 520 meqavat həcmində qiymətləndirilir.
İki həftəlik müddət ərzində mühüm irəliləyişlər əldə edildi. COP29 Sədrliyi öz Fəaliyyət Gündəliyi təşəbbüslərinə əlavə olaraq, iddialı iqlim tədbirləri üçün bir neçə prioritet sahədə irəliləyişə nail oldu. Bu, şəffaflığın inkişaf etdirilməsi, İtki və Zərər Fondu üçün maliyyə təmin edilməsi daxil olmaqla bir çox sahəni əhatə etdi. Sədrlik tərəfindən həyata keçirilən təşəbbüslərə əlavə olaraq, tərəflər və digər maraqlı tərəflər öz öhdəlikləri ilə liderlik göstərdi. COP29 Sədrliyi şəffaflığın və İkiillik Şəffaflıq Hesabatlarının əhəmiyyətinə xüsusi diqqət ayıraraq Bakı Şəffaflıq Platformasına start verib. COP29 Sədrliyi tədbirin yekunu ilə bağlı Bəyanat yaydı. Həmin Bəyanatda bir daha qeyd edildi ki, cari il ərzində COP29 Sədrliyi inkişaf etməkdə olan tərəf ölkələrin ehtiyac və prioritetlərini nəzərə alaraq ədalətli və ambisiyalı yeni iqlim maliyyəsi hədəfinin müəyyən edilməsi istiqamətində fəal iş aparıb.
Azərbaycan bu gün ev sahibliyi etdiyi tədbirlərin yüksək təşkilatçılığı ilə dünyanın diqqətindədir. Hər bir qərarı, təşəbbüsü beynəlxalq dəstək qazanan Azərbaycan hazırda çoxtərəfliliyin tərəfdarı kimi yeni körpülərin yaradılmasına səy göstərir. COP29 bu körpülərin təqdimatı oldu.