YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Azərbaycan qlobal Şimal ilə Cənub arasında dialoq və əməkdaşlıq körpüsü rolunda çıxış edir

Bakıda BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının (COP29) keçirilməsi tarixi hadisə idi. Ötən ilin dekabr ayında təxminən 200 ölkənin yekdil qərarı ilə Azərbaycana COP29-a ev sahibliyi etmək şərəfi verilib. COP29-un Sədri kimi Azərbaycan inkişaf etmiş və inkişaf etməkdə olan ölkələr, Qlobal Şimal və Qlobal Cənub arasında ümumi anlaşmaya nail olmaq üçün mühüm təşəbbüslərlə çıxış edib. Azərbaycan, 120 ölkənin yekdil qərarı ilə, dörd il ərzində BMT-dən sonra ikinci ən böyük beynəlxalq qurum olan Qoşulmama Hərəkatına uğurla sədrlik edərək, qlobal səviyyədə həmrəylik, bərabərlik və beynəlxalq əməkdaşlığın möhkəmləndirilməsinə əhəmiyyətli töhfələr vermişdir.

Ölkəmiz təxminən 60 dövləti birləşdirən İslam Əməkdaşlıq Təşkilatının fəal üzvüdür. Avropa İttifaqının 10 üzvü ilə Azərbaycan sazişlər imzalayıb və Strateji tərəfdaşlıq haqqında bəyannamələr qəbul edib. Bütün bunlar imkan verir ki, Azərbaycan iqlim dəyişmələri məsələsində fərqli mühüm iştirakçılar arasında körpülərin salınmasında çox faydalı və yardımçı ola bilsin.

Bunu YAP Təftiş Komissiyasının sədri, Milli Məclisin deputatı Sevinc Hüseynova deyib. O qeyd edib ki, Prezident İlham Əliyevin də vurğuladığı kimi, Bakıda keçirilən COP29 iqlim diplomatiyasında dönüş nöqtəsidir: “Azərbaycanın bir ildən az müddət əvvəl beynəlxalq ictimaiyyətin yekdil dəstəyi ilə COP29-a ev sahibliyi hüququnu qazanması olduqca önəmli idi. Müddətin qısa olmasına baxmayaraq, Azərbaycan COP-un rahat və yüksək səviyyədə keçirilməsi üçün bütün lazımi hazırlıqları həyata keçirə bildi. Bu mənada Bakıdakı COP tədbiri ən möhtəşəm hadisə kimi tarixə düşəcək. 80 dövlət və hökumət başçısının, qeydiyyatdan keçmiş 76 mindən çox iştirakçının qatıldığı COP29-un çox yaxşı təşkil olunması ilə bağlı qonaqlardan yüksək qiymət almaq olduqca mühüm amildir. Sözsüz ki, genişmiqyaslı və planlaşdırılmış böhtan və qarayaxma kampaniyasına baxmayaraq, Azərbaycan iqlim danışıqlarında tarixi nəticələr əldə etməyə nail olub. “Yaşıl dünya naminə həmrəylik” şüarını rəhbər tutan Azərbaycan bitərəf vasitəçi kimi çıxış edərək danışıqların qərəzsiz aparılması üçün bütün imkanları yaradıb. Proses boyu Azərbaycan tərəfindən inkişaf etməkdə olan ölkələrin, xüsusilə kiçik ada dövlətlərinin ehtiyaclarını nəzərə alan nəticə əldə etməyə çağırışlar olunub. Həmçinin, müstəmləkə idarəçiliyi ilə daha da ağırlaşan ekoloji problemlərdən əziyyət çəkən xalqlar və regionlar ilə həmrəylik nümayiş etdirilib. Azərbaycan inkişaf etmiş və inkişaf etməkdə olan ölkələr arasında körpülərin qurulması üçün səylərini əsirgəmədi və bunun nəticəsində dünya tarixi Bakı nailiyyətinə şahid oldu. Beləliklə, COP29-da İtki və Zərər Fondu tam işlək vəziyyətə gətirildi. Həmçinin, karbon bazarına dair çoxdan gözlənilən 6-cı maddənin tam işlək vəziyyətə gətirilməsinə nail olundu. Ən əsası, Bakı COP 2035-ci ilə qədər inkişaf etməkdə olan ölkələrə ildə 300 milyard ABŞ dolları məbləğində vəsaiti təmin etmək üçün qarşıya yeni qlobal məqsəd qoyan Yeni Kollektiv Kəmiyyət Məqsədinin (NCQG) şahidi oldu. Bu razılaşma inkişaf etməkdə olan ölkələrə iqlim dəyişmələrinin fəsadları ilə mübarizədə kömək edəcək. Eyni zamanda, Bakı nailiyyəti çoxtərəfliliyin təntənəsi kimi qiymətləndirilir. COP29 iqlim diplomatiyasında dönüş nöqtəsi oldu və bu gələcək qlobal iqlim fəaliyyətinə müsbət təsir göstərəcək”.

Deputat bildirib ki, Bakı Maliyyə Məqsədi əhəmiyyətli artım nümayiş etdirərək 2035-ci ilə qədər inkişaf etməkdə olan ölkələrə 1,3 trilyon ABŞ dolları həcmində iqlim maliyyəsinin təmin edilməsi üçün yeni qlobal hədəf qoyub: "Azərbaycanın COP29 Sədrliyi olaraq apardığı intensiv çoxtərəfli diplomatiya nəticəsində Bakı Maliyyə Məqsədi və BMT karbon bazarları üzrə əldə edilmiş irəliləyişlər gözləntiləri üstələyib. Halbuki geosiyasi parçalanmanın müşahidə edildiyi bir ildə bir çox insanlar Azərbaycanın buna nail ola biləcəyinə şübhə edirdilər. Amma həmin qüvvələr növbəti dəfə yanıldılar. Çünki BMT İqlim Dəyişmələri Konfransına ev sahibliyi edən Azərbaycan dövlətinin və xalqının qlobal ictimaiyyətə xidmətləri yüksək qiymətləndirilib. Bakı Maliyyə Məqsədi və 6-cı maddə ilə birlikdə investisiyaları inkişaf etməkdə olan dövlətlərə yönləndirməklə qlobal iqlim maliyyəsi arxitekturasını həmişəlik dəyişəcək. Bundan başqa, COP29 BMT çərçivəsində yüksək inteqrasiya edilmiş karbon bazarlarına dair 6-cı maddə üzrə danışıqların yekunlaşması üçün on il davam edən gözləntiyə son qoyulub. Müvafiq karbon bazarlarından maliyyə axınları 2050-ci ilə qədər ildə 1 trilyon ABŞ dollarına çata bilər. Onlar, həmçinin milli iqlim planlarının həyata keçirilməsi xərclərini ildə 250 milyard ABŞ dolları həcmində azaltmaq potensialına malikdir. Bakı Maliyyə Məqsədi bütün iqlim pillələri üzrə tərəqqi təmin edən sazişlər paketinin mərkəzi hissəsidir. COP29 ilk Qlobal Baxışın nəticələrində heç bir geriləmə olmamasını təmin edərək, bundan əlavə, İtki və Zərər Fondunu işə salmağa və fondun 2025-ci ildə maliyyə vəsaitini paylaşdırmağa hazır olmasına müvəffəq olub. Bütün bu uğurlar sözsüz ki, çoxtərəfli iqlim fəaliyyətində ən mürəkkəb və mübahisəli vəzifələri yerinə yetirmək üçün Azərbaycanın Sədrliyinin aylarla davam edən intensiv diplomatiyasının nəticəsidir. Bu qərarlar 1,5C məqsədinə çatmaq üçün vasitələrin təmin edilməsində xüsusi əhəmiyyətə malik addımdır”.

Millət vəkili hesab edir ki, kiçik və orta sahibkarlığın yaşıl keçidi üzrə yeni Bakı İqlim Koalisiyasını elan edilməsi mühüm önəm kəsb edir: “Enerji üzrə öhdəliklər və bəyanatların imzalanması bunun bariz nümunəsidir. COP29 Sədrliyi enerji saxlama, şəbəkələr, zonalar, dəhlizlər və hidrogen mövzularında öhdəliklər və bəyanatlar təqdim olunub ki, bunları 150 tərəf təsdiq edib. Bu xüsusda “COP29 Yaşıl Rəqəmsal Fəaliyyət Bəyanatı”, “İqlim Davamlılığı üçün İnsan İnkişafı üzrə Bakı Təşəbbüsü”, “İqlim və Səhiyyə üzrə Davamlılıq Koalisiyası”, “Üzvi Tullantılardan Metanın Azaldılmasına dair Bəyannamə”, “Fermerlər üçün Bakı Harmoniya İqlim Təşəbbüsü”, “COP29 Davamlı və Sağlam Şəhərlər üçün Çoxsahəli Fəaliyyət Yolları Bəyannaməsi”, “Turizm sektorunda Təkmilləşdirilmiş İqlim Fəaliyyəti üzrə COP29 Bakı Bəyannaməsi”, “İqlim Fəaliyyəti naminə COP29 Bəyannaməsi”ni misal göstərmək olar. Eyni zamanda, iki həftəlik müddət ərzində mühüm irəliləyişlər əldə edilib. COP29 Sədrliyi öz Fəaliyyət Gündəliyi təşəbbüslərinə əlavə olaraq, iddialı iqlim tədbirləri üçün bir neçə prioritet sahədə irəliləyiş əldə edib. Bu, şəffaflığın inkişaf etdirilməsi və İtki və Zərər Fondu üçün maliyyə təmin edilməsi daxil olmaqla bir çox sahəni əhatə edir. Sədrlik tərəfindən həyata keçirilən təşəbbüslərə əlavə olaraq, tərəflər və digər maraqlı tərəflər öz öhdəlikləri ilə liderlik göstərib. COP29 Sədrliyi şəffaflığın və İkiillik Şəffaflıq Hesabatlarının (BTR) əhəmiyyətinə xüsusi diqqət ayıraraq Bakı Şəffaflıq Platformasına start verib və tərəfləri hesabatları erkən təqdim etməyə çağırıb. Nəticədə 31 dekabr tarixindən əvvəl 11 tərəf və Avropa İttifaqı təqdimatlarını göndərib. Həmçinin, dünya liderlərinin İqlim Fəaliyyəti Sammitində 80 dövlət və hökumət başçısı və vitse-prezidentlər Paris Sazişinin irəlilədilməsini və iqlim tədbirlərinə öhdəlik götürmələrini açıqlayaraq, mitiqasiya və adaptasiya üzrə ambisiyanı artırmaq zərurətini vurğulayıblar. COP29-da, eyni zamanda, əməkdaşlıq və sülhün qlobal iqlim fəaliyyəti üçün ayrılmaz rolu önə çəkilib. Beləliklə, COP Atəşkəs Çağırışı 132 ölkə və 1200-dən çox təşkilatın dəstəyini qazandı, habelə Bakı Sülh, Yardım və Bərpa Üçün İqlim Fəaliyyəti Çağırışı qəbul edilib. Bu təşəbbüs, iqlim dəyişməsi, münaqişə və humanitar ehtiyacların təcili əlaqələrini həll etmək məqsədilə Bakı İqlim və Sülh Fəaliyyəti Mərkəzini yaradacaq. Bütün bu göstəricilər onu deməyə əsas verir ki, Azərbaycan uğurlu nəticəyə əvvəlcədən əmin idi. Çünki Azərbaycan Şimal ilə Cənub, Qərb ilə Şərqin qovuşduğu ölkədir və bu, təkcə coğrafiya ilə bağlı deyil. Ölkəmiz müxtəlif beynəlxalq iştirakçılar arasında siyasi, mədəni, enerji, ticari və nəqliyyat körpüləri yarada bilir. Bu mənada Azərbaycanın başladığı meqalayihələr artıq Avrasiyanın enerji və daşımalar yollarını dəyişib və məhsuldar, çoxtərəfli əməkdaşlıq formatının qurulması ilə nəticələnib. Məhz COP29-un uğurla keçməsinə görə, Azərbaycan Prezidenti İlham Əliyevə ABŞ Prezidenti Cozef Baydenin təbrik məktubu da bu qəbildəndir”.

Sevinc Hüseynova vurğulayıb ki, COP29 inkişaf etmiş ölkələrin inkişaf etməkdə olan ölkələrə yüz milyardlarla dollar kimi böyük məbləğlərdə yardım etməsi ilə bağlı fövqəladə maliyyə məqsədli konfrans idi: “Buna görə ortaq qərara gəlib çıxmaq, müzakirələri nəticəyə bağlamaq asan olmadı. Ancaq Azərbaycan COP29-a Sədrlik edən ölkə kimi yüksək peşəkarlıq və fədakarlıq göstərdi. 2035-ci ilə qədər inkişaf etməkdə olan ölkələrə hər il 300 milyard ABŞ dolları məbləğində yardım göstərilməsi haqda yekun qərar qəbul olundu. Müzakirələr ilkin olaraq 200 milyard dollar rəqəmi ətrafında gedirdi. Ancaq Azərbaycanın uğurlu moderatorluğu ilə bu rəqəm 300 milyard dollara qaldırıldı. Bununla da Azərbaycan diplomatiyası COP29-da dünya diplomatiya tarixinə öz adını yazdırdı. Təbii ki, buna nail olmaq dünyanın inkişaf etmiş ölkələrindən - ABŞ, Avropa İttifaqı, Çin kimi qlobal aktorların qərarlarından asılı idi. Burada Azərbaycanın üzərinə düşən missiya bu cür kəskin qlobal qütbləşməyə baxmayaraq, müzakirələrin axarını ortaq mövqeyə doğru yönləndirə bilmək və məntiqi sonluğa gətirib çatdırmaq idi. Belə bir mürəkkəb maraqlar labirintinin içindən ildə 300 milyard dollarlıq maliyyə qərarı ilə çıxmaq iqlim diplomatiyasının ən üst səviyyəsi hesab olunur”.