YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Yeni Azərbaycan Partiyasının təməlində xalqın sevgisi və etimadı dayanır

Meydanəli Yolçiyev

YAP Daşkəsən rayon təşkilatının sədri

Yeni Azərbaycan Partiyası (YAP) Azərbaycanın müstəqillik dövründə ən nüfuzlu siyasi təşkilat olaraq ölkənin ictimai-siyasi həyatında mühüm rol oynamışdır. 1992-ci il noyabrın 21-də təsis edilən partiya ölkənin siyasi arenasına daxil olduğu gündən milli maraqları, müstəqilliyin qorunmasını və xalqın rifahını prioritet istiqamətlər kimi qəbul etmişdir.

1990-ci illərin əvvəllərində Azərbaycanda siyasi vəziyyət gərgin idi. Müstəqilliyin bərpasının ilk illərində siyasi xaos, iqtisadi çətinliklər və Dağlıq Qarabağ münaqişəsi ölkəni böhranlı vəziyyətə salmışdı. Bu şəraitdə ölkənin gələcəyini düşünən ziyalılar qrupu yeni bir siyasi təşkilatın yaradılması təşəbbüsü ilə çıxış etdi və onlar bununla bağlı Ulu Öndər Heydər Əliyevə müraciət etdilər. Tarixə məşhur “91-lər” adı ilə daxil olmuş ziyalılar yeganə çıxış yolunu yalnız Heydər Əliyevdə görürdü. 1992-ci il noyabrın 21-də Naxçıvanda, Dahi Lider Heydər Əliyevin rəhbərliyi ilə Yeni Azərbaycan Partiyası təsis edildi. Partiyanın şüarı “Dünənə, bu günə və sabaha” idi və onun əsas məqsədi Azərbaycanın sabit, demokratik və müstəqil dövlət kimi inkişafına nail olmaq idi.

Yeni Azərbaycan Partiyası Heydər Əliyevin liderliyi ilə tezliklə formalaşaraq Azərbaycanın siyasi həyatında əsas qüvvələrdən birinə çevrildi. Ulu Öndər partiyanın strateji xəttini müəyyən edərək, dövlət quruculuğu, milli birlik və iqtisadi islahatlar sahələrində önəmli nailiyyətlərə imza atdı. Heydər Əliyevin uzaqgörən siyasəti sayəsində YAP həm ölkə daxilində, həm də beynəlxalq arenada nüfuz qazandı.

Heydər Əliyevin xalqın təkidli tələbi ilə 1993-cü ildə hakimiyyətə gəlməsindən sonra YAP ölkədə siyasi sabitliyin təmin edilməsində mühüm rol oynadı. Konstitusiyanın qəbulu və dövlət institutlarının qurulması partiyanın təşəbbüsü ilə həyata keçirildi. Bu dövr eyni zamanda neft strategiyasının reallaşması və xarici investorların Azərbaycana cəlb olunması ilə yadda qaldı.

Heydər Əliyevin siyasi kursunu davam etdirən cənab İlham Əliyevin liderliyi ilə Yeni Azərbaycan Partiyasının inkişafı yeni mərhələyə qədəm qoydu. Bu dövrdə Azərbaycanda iqtisadi islahatlar genişləndi, infrastruktur layihələri həyata keçirildi və sosial rifah proqramları reallaşdırıldı. YAP-ın təşkilati gücü artaraq ölkənin bütün regionlarını əhatə edən geniş struktur şəbəkəsi formalaşdı.

Yeni Azərbaycan Partiyasının uğurları yalnız ölkədaxili siyasətlə məhdudlaşmır. Partiya Azərbaycanın beynəlxalq səviyyədə tanıdılması, regional əməkdaşlığın genişləndirilməsi və qlobal çağırışlara cavab verilməsi sahəsində də mühüm işlər görmüşdür.

Yeni Azərbaycan Partiyası 32 illik fəaliyyəti ərzində Azərbaycan dövlətçiliyinin möhkəmlənməsi və xalqın rifahının təmin edilməsi yolunda şərəfli bir missiya yerinə yetirmişdir. Bu gün partiya ölkənin ictimai-siyasi həyatında liderliyini qoruyaraq, xalqın dəstəyinə arxalanır və Heydər Əliyevin siyasi irsini davam etdirir. Yeni Azərbaycan Partiyasının keçdiyi şərəfli yol onun Azərbaycanın müstəqillik tarixinə töhfələrini əks etdirən parlaq bir səhifədir.

DİGƏR Xəbərlər Arxiv