YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Böyük Qayıdış: Azərbaycanın parlaq gələcəyinə doğru

Elmar Əhmədov

YAP Salyan rayon təşkilatının sədri

Dövlətimizin başçısı İlham Əliyevin 31 iyul 2023-cü il tarixli Sərəncamına əsasən, Ağdam şəhərinin işğaldan azad edildiyi 20 noyabr tarixi Ağdam Şəhəri Günü kimi qeyd olunur.

Bu əlamətdar günün, Zəfərimizin fonunda keçilən yola qısa nəzər salaq. 44 günlük İkinci Qarabağ müharibəsini şərtləndirən amillər məlumdur. 30 il Azərbaycan dünyadan ədalət gözlədi. Təəssüflər olsun ki, bəzi dünya güclərinin maraqlarını ədalət meyarından üstün tutmaları Ermənistanın daha böyük iddialarla yaşamasına, yeni ərazilər uğrunda müharibə planı hazırlamasına gətirib çıxardı. 2020-ci il sentyabrın 27-də Ermənistan silahlı qüvvələrinin cəbhəboyu törətdiyi genişmiqyaslı təxribatlara cavab olaraq Azərbaycan Ordusu əks-hücum əməliyyatına başladı. Şanlı Vətən müharibəsi otuzillik işğala son qoyan parlaq Qələbə ilə nəticələndi. Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə qazanılmış möhtəşəm Zəfər yürüşü Azərbaycan tarixinə qızıl hərflərlə yazıldı.

Hərbçilərimizin misilsiz şücaəti, xalq-ordu-iqtidar birliyi nəticəsində 30 ilə yaxın düşmən işğalı altında olan torpaqlarımız 44 gün ərzində azad edildi. Azərbaycanın 44 günlük Vətən müharibəsində qazandığı Qələbə nəticəsində Ermənistan kapitulyasiya aktını imzalamağa və əraziləri boşaltmağa məcbur oldu. Ağdam rayonunun işğal altında qalan hissəsi bir güllə atılmadan Azərbaycana təhvil verildi.

Qeyd edək ki, 2008-ci ildə “Lonely Planet” jurnalı Ağdamı “Qafqazın Xirosiması” adlandırıb, 2010-cu ildə Əl-Cəzirənin internet nəşri Ağdamı “Ruhlar şəhəri” siyahısına salıb.

Tarixə nəzər salaq. Rayonun ərazisində XX əsrin 50-ci illərindən başlayaraq aparılan arxeoloji tədqiqat işləri zamanı məlum olmuşdur ki, Ağdamın ərazisi qədim insanların yaşayış məskənlərindən biridir. Arxeoloji tədqiqatlar nəticəsində müəyyən oldu ki, ilk qədim insanlar rayon ərazisində altı-səkkiz min il bundan əvvəl, yəni, Eneolit dövründə yaşamış, qədim əkinçilik və maldarlıq mədəniyyətinə bələd olmuşlar. Buradan tapılan taxıl və üzüm dənələri bir daha sübut etmişdir ki, yerli əhali oturaq həyat keçirmiş və yüksək əkinçilik mədəniyyətinə malik olmuşdur. Arxeoloqlar Üzərliktəpədə apardıqları tədqiqatlar nəticəsində tapılan maddi-mədəniyyət qalıqlarına əsaslanaraq qeyd edirlər ki, bura Qafqazda ilk şəhər tipli yaşayış məskəni və Zaqafqaziyada ən zəngin abidələri olan yerlərdən biri olmuşdur.

Ağdamın işğalına gəldikdə, 42 gün davam edən döyüş 1993-cü il 23 iyul tarixində rayon ərazisinin 73 faizinin işğalı ilə bitdi. Ərazisi 1094 kvadrat kilometr olan Ağdamın 882 kvadrat kilometri, rayon mərkəzi ilə birgə 90 kəndi işğal olunmuş, işğal nəticəsində 128 min insan məcburi köçkün həyatını yaşamağa məcbur olub. İşğal nəticəsində Ağdam rayonunun 38 kolxozu, 12 sənaye obyekti, 74 məktəbi, 271 mədəniyyət evi, bütün dünyada yeganə olan Çörək muzeyi, 67 idarə və 99 klubu düşmən əlinə keçmişdir. Ağdam uğrunda gedən döyüşlər zamanı 6 mindən artıq insan şəhid olmuş, minlərlə insan yaralanmış, əhali öz doğma ev-eşiyindən qovularaq məcburi köçkün kimi Azərbaycanın 59 rayonunun 875 yaşayış məntəqəsində məskunlaşmışdır.

Bu gün Ağdam şəhəri çal-çağırlı günlərini yaşayır. Beynəlxalq əhəmiyyətli Azərbaycan Milli Şəhərsalma Forumuna ev sahibliyi edən Ağdam erməni vəhşiliklərinə şahidlik edərək bu illər ərzində necə bir vəhşi ilə üz-üzə qaldığımızı dünya ictimaiyyətinə çatdırdı. İşğaldan azad edilən digər ərazilərimiz kimi, Ağdam şəhəri də dirçəlir, müasir tələblər əsasında yenidən bərpa edilir. Cənab İlham Əliyevin Ağdam şəhərinə ilk səfəri də Azərbaycan Bayrağının ucaldılması ilə yadda qaldı. Müzəffər Ali Baş Komandan İlham Əliyev bildirir ki, dağılmış Ağdam şəhəri erməni vəhşiliyinin şahididir. Biz Ağdam şəhərini, bütün kəndləri bərpa edəcəyik: “Heç kimdə bu haqda şübhə olmasın. Bu, böyük iş olacaqdır. Əlbəttə ki, böyük zəhmət tələb edəcək. Amma necə ki, biz 44 gün ərzində birlik göstərmişik, əminəm ki, azad edilmiş torpaqlarımızın bərpası işində də birlik, əzmkarlıq göstərəcəyik. Bütün şəhərlərimizi bərpa edəcəyik, daha da gözəl şəhərlər olacaqdır. Şəhərlərimizdə qalan tarixi abidələri bərpa edəcəyik və bir daha gücümüzü göstərəcəyik”.

Bu gün digər torpaqlarımız kimi, Kəlbəcər rayonu da dirçəlir, sakinlərini səbirsizliklə gözləyir. 25 noyabr Kəlbəcər Şəhəri Günüdür. Vətən müharibəsində əldə etdiyimiz Qələbə nəticəsində imzalanmış 10 noyabr 2020-ci il tarixli Üçtərəfli Bəyanata əsasən, Kəlbəcər rayonu noyabrın 25-də Azərbaycana təhvil verildi. Kəlbəcər şəhəri də daxil olmaqla, rayonun 147 yaşayış məntəqəsi işğaldan azad edildi. Üçtərəfli Bəyanatın şərtlərinə əsasən, Kəlbəcərin ermənilərdən boşaldılması işğalçının eybəcər siması və barbarlığının, erməni vandalizminin növbəti nümayişi oldu.

Kəlbəcərdən qaçan qeyri-qanuni sakinlər rüsvayçı hərəkətləri və barbar davranışları ilə yadda qaldılar. Azərbaycanlılara qalmaması üçün evlərə, bağlara od vuranlar öz vəhşi xislətlərini nümayiş etdilər. Beynəlxalq ictimaiyyətin gözü qarşısında baş verən bu vəhşiliklər bir daha erməni vandalizmini dünya birliyinə nümayiş etdirdi. İşğal olunmuş ərazilərdə ekologiyaya ziyan vurulması və mülki obyektlərin dağıdılması beynəlxalq konvensiyalara görə hərbi cinayət sayılır.

Dünya ictimaiyyəti azad edilmiş torpaqlarımızda aparılan genişmiqyaslı bərpa-quruculuq işlərinin fonunda Azərbaycan dövlətinin necə qurub-yaratdığını görür.