YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

İnkişaf və sabitliyin rəmzi

Mehdi Balabəyov

YAP Şabran rayon təşkilatının sədri

Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyev 20 noyabr 2020-ci il tarixində xalqa müraciətində bildirmişdir: “Ağdam üçün yeni dövr başlayır. Bizim böyük planlarımız var. İşğal edilmiş torpaqlarda hər şey dağıdılıb… Ermənilər hesab edirdilər ki, bu dağıntılardan sonra heç vaxt Azərbaycan əhalisi bu torpaqlara qayıtmayacaq. Səhv etdilər. Onlar bilmirlər ki, Azərbaycan xalqının ürəyində - bizim xalqımızın qəlbində doğma torpaqlar əbədi yaşayır və yaşayacaq”.

20 noyabr Ağdam Şəhəri Günüdür.  Keçmiş məcburi köçkünlərimiz bu illər ərzində bir arzu ilə yaşayırdılar ki, öz doğma torpaqlarına qayıtsınlar, dövlətin dəstəyi və köməyi ilə orada özləri üçün yeni həyat qursunlar.

Cənab İlham Əliyev bu çağırışı da etdi ki, biz Ağdam şəhərini də bərpa edəcəyik. Əlbəttə ki, bunun üçün biz bütün işləri əsaslı şəkildə etməliyik. Baş plan hazırlanacaq, mütəxəssislər cəlb olunacaq, infrastruktur layihələri planlı şəkildə icra ediləcək, inzibati binalar, sosial obyektlər, yollar və digər lazım olan işlər görüləcək. Vətəndaşlara oraya qayıtmaq üçün dövlət tərəfindən kömək göstəriləcək. Ağdam rayonunun bərpası bizim gələcək planlarımızda xüsusi yer tutacaq. Çünki həm ərazi, həm də əhali baxımından ən böyük rayondur.

2021-ci mayın 28-də Azərbaycan ictimaiyyətinə təqdim olunmuş Baş Plan əsasında Ağdam bərpa olunur. Şəhərin özündə 5 məhəllə nəzərdə tutulur. Hazırda 2-ci məhəllədə 66 binanın tikinti işləri başlayıb. Ağdam şəhərinə gələn ilin payızında ilk köç planlaşdırılır. Bundan sonra paralel olaraq digər məhəllələrdə də tikinti işləri aparılacaq. Hazırda Ağdamda 3 kənddə - Kəngərli, Xıdırlı, Sarıcalıda bərpa-quruculuq işləri davam edir. Ağdam rayonunda digər kəndlər üzrə layihələndirmə işləri aparılır.

Prezident İlham Əliyevin azad olunmuş Ağdama səfərlərinə və reallaşdırılan yeni infrastruktur layihələrinə diqqət yetirmək kifayətdir. Hər bir səfər yeni sosial obyektlərin açılışı və təməlqoyma mərasimlərinin keçirilməsi ilə yadda qalır. Böyük Qayıdış Proqramının tam tərkibdə başa çatacağına əminlik yaradan bu addımların davamlılığı xalqımızda böyük qürur hissi yaradır. Görülən işlər, eyni zamanda, Azərbaycanın iqtisadi və maliyyə imkanlarının təqdimatıdır. 2025-ci il tariximizə Ağdam şəhərinin sakinlərinə qovuşduğu il kimi də yazılacaq.

Qeyd etdiyimiz kimi, Azərbaycanın döyüş meydanında qazandığı böyük qələbə siyasi müstəvidə də öz təsdiqini tapdı. Ermənistan Ağdam, Kəlbəcər və Laçın rayonlarını işğaldan azad etmək məcburiyyətində qaldı və bununla da tarixi ədalət bərpa olundu. 25 noyabr Kəlbəcər Şəhəri Günüdür.

Vətən müharibəsində əldə etdiyimiz Qələbə nəticəsində imzalanmış 10 noyabr 2020-ci il tarixli Üçtərəfli Bəyanata əsasən, Kəlbəcər rayonu noyabrın 25-də Azərbaycana təhvil verilmişdir. Kəlbəcər şəhəri də daxil olmaqla, rayonun 147 yaşayış məntəqəsi işğaldan azad edildi.  Üçtərəfli Bəyanatın şərtlərinə əsasən Kəlbəcərin ermənilərdən boşaldılması işğalçının eybəcər siması və barbarlığının, erməni vandalizminin növbəti nümayişi oldu. Kəlbəcərdən qaçan qeyri-qanuni sakinlər rüsvayçı hərəkətləri və barbar davranışları ilə yadda qaldılar. Azərbaycanlılara qalmaması üçün evlərə, bağlara od vuranlar öz vəhşi xislətlərini nümayiş etdilər. Beynəlxalq ictimaiyyətin gözü qarşısında baş verən bu vəhşiliklər bir daha erməni vandalizmini dünya birliyinə nümayiş etdirdi. İşğal olunmuş ərazilərdə ekologiyaya ziyan vurulması və mülki obyektlərin dağıdılması beynəlxalq konvensiyalara görə hərbi cinayət sayılır.

2020-ci il noyabrın 26-da “Kəlbəcərin azad olunmasına görə” medalı təsis edildi. Prezident İlham Əliyevin sərəncamları ilə Kəlbəcər rayonunun işğaldan azad edilməsi uğrunda aparılmış döyüş əməliyyatlarında iştirak edərək şəxsi igidlik və şücaət nümayiş etdirmiş Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 9455 hərbi qulluqçusu “Kəlbəcərin azad olunmasına görə” medalı ilə təltif olundu.

Kəlbəcər yenidən qurulur. Şəhərdə ilk yaşayış məhəlləsi 3,26 hektar ərazidə layihələndirilib. Yaşayış məhəlləsinin konsepsiyası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sifarişi ilə icra olunan Baş plan layihəsi çərçivəsində hazırlanıb. Məhəllədə dördmərtəbəli 3 və ikimərtəbəli 10 yaşayış binasının inşası nəzərdə tutulur. Burada 112 mənzildə ümumilikdə 460 nəfərdən çox sakin yaşayacaq. Məhəllədəki məktəbin ətrafında salınacaq yaşıllıq ərazi ictimai məkan funksiyasını yerinə yetirməklə əhalinin asudə vaxtının səmərəli keçirilməsinə xidmət edəcək.

Görülən və nəzərdə tutulan işlər bununla tamamlanmır. Dövlətimizin başçısının rayona səfərlərlərinə diqqət yetirsək işlərin miqyasının nə qədər böyük olduğunu görərik. Tezliklə Kəlbəcər şəhəri də sakinlərinə qovuşacaq, bu torpaqda yeni həyat başlayacaq.