YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Gələcək uğurlara aparan qüvvə

Rafiq Əliyev

YAP Yevlax rayon təşkilatının sədri

Yeni Azərbaycan Partiyası müasir müstəqil Azərbaycanın və doğma Partiyamızın qurucusu Ulu Öndər Heydər Əliyevin adı ilə bağlıdır. Ulu Öndər Heydər Əliyevin Azərbaycan xalqına ən böyük siyasi mirası olan və bu gün ətrafında sıx birləşdiyimiz Yeni Azərbaycan Partiyası milli siyasi iradəni təmsil edən aparıcı qüvvə və xalqın ali mənafeyinin ifadəçisidir. Yarandığı andan etibarən Azərbaycan tarixində əsaslı dəyişikliklərə yol açan YAP sözün əsl mənasında strateji inkişafa imza atmışdır. Həm ölkə daxilində, həm də beynəlxalq müstəvidə fəaliyyətini genişləndirən partiya hər zaman yeni nailiyyətlər əldə etmişdir. Həqiqətən hər bir partiya üzvü, hər bir vətəndaş söyləyə bilər ki, YAP Cənubi Qafqazın ən böyük partiyası olmaqla “xalq partiyası” imicini formalaşdırmış, 31 illik iqtidar fəaliyyəti ilə etimadı doğrultmuşdur.

Azərbaycan tarixinə nəzər salsaq, müəyyən dövrlərdə mürəkkəb proseslərin olmasına, həmçinin çox acınacaqlı şəraitdə olan yaşayış tərzimizə şahidlik etmiş olarıq.  Belə çətin durumlarla məhz 1990-cı illərin əvvəlində qarşılaşmışdıq.  1992-ci ilin ağır sosial-siyasi, iqtisadi kataklizmlər dövründə Respublikanın 91 nəfər ziyalısı “Səs” qəzeti vasitəsilə dahi Heydər Əliyevə müraciət etdi. 1992-ci ilin noyabrında Naxçıvanda Ümummilli Lider Heydər Əliyevin rəhbərliyi altında dünənin, bugünün və gələcəyin partiyası olan Yeni Azərbaycan Partiyası yaradıldı. Partiyanın təsis konfransı 21 noyabr 1992-ci ildə Naxçıvanda keçirildi və Ulu Öndər Heydər Əliyev Yeni Azərbaycan Partiyasının sədri seçildi. Adından göründüyü kimi partiyanın qarşısında duran məqsəd - yeni, totalitarizmin buxovlarından azad olan, həmçinin ictimai-siyasi cəhətdən sabit olan Azərbaycanın qurulmasından, demokratik inkişaf yolunun seçilməsindən ibarət idi.

Partiyamızın Nizamnaməsində də qeyd edilirdi ki, partiya hakimiyyət uğrunda mübarizə aparan bir partiya kimi yaranmır. Partiya Azərbaycanın bu ağır dövründə ölkəmizin ictimai-siyasi həyatında iştirak etmək və Azərbaycanı bu ağır vəziyyətdən çıxarmaq üçün yaranmışdı. 1993-cü il oktyabr ayının 3-də Ulu Öndər Heydər Əliyevin Ölkə Prezidenti seçilməsiylə partiyanın həyatında yeni bir dövrün əsası qoyuldu, Azərbaycanda demokratik, hüquqi, sivil dövlət quruculuğu istiqamətində bəyanatları açıq şəkildə reallaşmağa başladı. YAP-a inamın artmasına səbəb də məhz bu məqsədlərin yalnız kağız üzərində qalmaması, əməli işdə özünü təsdiqləməsi oldu.

Dahi şəxsiyyət Heydər Əliyevin rəhbərliyi altında Yeni Azərbaycan Partiyasının yaranması ilə  müasir tipli siyasi sistemin, yeni siyasi mədəniyyətin əsası qoyuldu. Daxili və xarici siyasətin prinsiplərini ehtiva edən mükəmməl milli inkişaf proqramı hazırlanıb həyata keçirildi. Xalq milli mənəvi və ümumbəşəri dəyərlərə əsaslanan azərbaycançılıq, milli birlik ideologiyası ətrafında birləşdi. Hüquqi, demokratik, dünyəvi dövlət quruculuğu istiqamətində mühüm tarixi nailiyyətlər əldə olundu.

Ümumilikdə 800 minədək üzvü olan Yeni Azərbaycan Partiyası saysız-hesabsız uğurlara imza atmaqdadır. Bu say özlüyündə Partiyanın məram və məqsədlərinin hər bir vətəndaş üçün qəbuledilənliyinin göstəricisidir. Digər bir vacib xüsusiyyət partiya sıralarına qoşulan gənclərin artım statistikasıdır. Belə ki, YAP sıralarına qoşulanların 50 faizdən çoxu gənclərdir.  Bu gün gənclik YAP-ı təkzibedilməz güc kimi qəbul edir, Respublikamızı inkişafa, gələcək uğurlara aparan yeganə qüvvə kimi tanıyır.

Yeni Azərbaycan Partiyası 32 ildə  şərəfli yol keçərək monolitliyini qorudu, gücləndi, öz üstünlüyü, parlaq qələbələri ilə heç bir seçkidə rəqib tanımadı. Yeni Azərbaycan Partiyasının bütün seçkilərdə, xüsusilə tariximizdə ilk dəfə olaraq 2024-cü ilin fevral və sentyabr aylarında bütöv Azərbaycan ərzisində keçirilmiş Prezident və Parlament seçkilərində də qazandığı qələbələr partiyanın cəmiyyətdəki yerinin möhkəmliyini, dövlətçiliyimizin gücləndirilməsi istiqamətində həyata keçirilən siyasətə xalq dəstəyini, insanların bu təşkilata yüksək etimadını göstərir. Bütün iştirak etdiyi seçkilərdə Yeni Azərbaycan Partiyası qələbə qazanaraq bir daha ölkə vətəndaşlarının Azərbaycan reallığına verdiyi qiymət və Partiyamızın Sədri İlham Əliyevin həyata keçirdiyi uğurlu daxili və xarici siyasətə inamın ifadəsidir. Hər birimiz böyük qürur hissi keçiririk ki, Ulu Öndər Heydər Əliyevin ideyaları yaşayır, qalib gəlir və Yeni Azərbaycan Partiyasının Sədri, Dövlətimizin Başçısı, Müzəffər Ali Baş Komandan İlham Əliyev tərəfindən bu ölməz amallar sədaqətlə, cəsarətlə daha müvəffəqiyyətlə həyata keçirilir. Azərbaycan Prezidenti, Yeni Azərbaycan Partiyasının Sədri İlham Əliyev 2021-ci ilin 5 mart tarixində partiyanın keçirilən VII qurultayında çıxışı zamanı bir çox məsələlərə toxunaraq Partiyamızın VII qurultayının ölkəmizin ictimai-siyasi həyatında önəmli hadisə olduğunu bildirmişdir. Bəli, məhz bu önəmli tarixi hadisələr vətəndaşlarımızın partiyaya olan sevgisini daha da gücləndirmiş, partiya sırlarında yüksək artım qeydə alınmışdır. Belə ki, VII qurultaydan ötən bu müddətədək partiya sıralarına 30 mindən çox üzv qəbul olunmuşdur.  Möhtərəm Prezident qurultayda diqqətə çatdırdı ki, “Yeni Azərbaycan Partiyasının adı Ulu Öndər Heydər Əliyevin adı ilə bağlıdır. Əldə olunan nailiyyətlərin əsasında dahi Heydər Əliyevin ideyaları dayanır. Ötən dövr ərzində Ölkə həyatında bir çox önəmli hadisələr baş vermişdir. Təbii ki, onların arasında ən önəmlisi ərazi bütövlüyümüzün bərpa edilməsi, Vətən müharibəsində parlaq Qələbənin qazanılmasıdır”.

Bəli, bu Qələbə həqiqətən də bizim qürur mənbəyimizdir. Bu realllığı Azərbaycan xalqı görür və bəlkə də son 30 ildə bu qədər qürurlu olmamışdı.Ona görə ki cəmi 44 gün ərzində Müzəffər Ali Baş Komandan İlham Əliyevin peşəkar rəhbərliyi və Azərbaycan Ordusunun rəşadəti hesabına tariximizin Zəfər Salnaməsi yazıldı. Eynilə erməni seperatizminə qarşı ötən il həyata keçirdiyimiz  və uğurla nəticələnən anti-terror tədbirləri, Azərbaycanın qüdrətli dövlət olmasının, düzgün və bənzərsiz siyasətimizin, ölkədəki xalq-iqtidar birliyinin sarsılmazlığının bariz nümunəsi olmuşdur ki, məhz bu gün müstəqil və bütöv Azərbaycanın hər diyarında-xüsusilə anti-milli qüvvələrin əbədi olaraq əlçatmaz hesab etdiyi doğma, əzəli torpaqlarımızda-Xocalıda, Xankəndidə, Xocavənddə, Ağdərədə və digər ərazilərimizdə Azərbaycanın dövlət Bayrağı qürurla dalğalanır.  

Doğma Partiyamızın yaranmasının 32-ci ildönümünü qürurla qeyd edirik. Möhtərəm Prezident, Yeni Azərbaycan Partiyasının Sədri İlham Əliyevin söylədiyi kimi: “YAP sözün əsl mənasında ümumxalq partiyasına çevrilib. Cəmiyyətimizin bütün təbəqələri hakim partiyada birləşib. YAP nəinki Azərbaycanın, Cənubi Qafqazın ən böyük siyasi təşkilatıdır. Partiyamızın böyük ənənələri var. Yeni Azərbaycan Partiyası bundan sonra da ölkəmizdə gedən bütün proseslərin mərkəzində olacaq.

DİGƏR Xəbərlər Arxiv