YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Azərbaycanın xarici işlər nazirinin Nyu-Yorkda almaniyalı həmkarı ilə görüşü olub

Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov sentyabrın 28-də Nyu-Yorkda almaniyalı həmkarı Frank-Valter Ştaynmayer ilə görüşüb.

Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən bildiriblər ki, görüşdə Ermənistan-Azərbaycan münaqişəsi barədə son vəziyyətlə bağlı həmkarına məlumat verən Elmar Məmmədyarov Ermənistanın əsl məqsədinin müxtəlif təxribatçı əməllərlə danışıqlar prosesinə xələl gətirmək, işğal və təcavüzə əsaslanan mövcud status-kvonu davam etdirmək olduğunu vurğulayıb. O bildirib ki, münaqişənin həlli üçün ilk növbədə Ermənistan qoşunları zəbt edilmiş Azərbaycan ərazilərindən çıxarılmalı, işğal və təcavüz faktına son qoyulmalı, Azərbaycan Respublikasının beynəlxalq səviyyədə tanınmış sərhədləri daxilində ərazi bütövlüyü və suverenliyi təmin olunmalıdır.

Nazir işğal edilmiş Azərbaycan ərazilərindən öz qoşunlarını çıxarmaq əvəzinə Ermənistanın bu ilhaqçı siyasətinin münaqişənin həllində başlıca maneə olduğunu, regional sülh və təhlükəsizlik üçün təhdid yaratdığını nəzərə çatdırıb. O, münaqişənin həlli prosesində ATƏT-in Minsk qrupunun bütün üzvlərinin fəallıq göstərməsi və yaxından iştirak etməsinin vacibliyini qeyd edib.

Görüşdə növbəti il ATƏT-in fəaliyyətdə olan sədri statusunda Almaniyanın sədrlik dövrü üçün gündəliyi və prioritetləri ətrafında fikir mübadiləsi aparılıb. Almaniyanın xarici işlər naziri ATƏT-dən daha çox gözləntlərinin olduğunu qeyd edərək qurumun modernləşdirilməsi kimi məsələlərin gündəliklərində olacağını diqqətə çatdırıb.

Nazir E.Məmmədyarov ATƏT və onun strukturlarının, o cümlədən Demokratik Təsisatlar və İnsan Hüquqları Bürosunun (DTİHB) fəaliyyətinin təkmilləşdirilməsinə xüsusi ehtiyacın olduğunu vurğulayıb. O, ATƏT DTİHB-in Azərbaycanda keçiriləcək seçkilərlə əlaqədar bəyanatının bu qurumun mandatına zidd olduğunu qeyd edib, onun tətbiq etdiyi seçki metodologiyasının ciddi surətdə yenidən nəzərdən keçirilməsinin zəruriliyini vurğulayıb.

Avropa Parlamentinin Azərbaycana dair qəbul etdiyi qətnaməyə toxunan Elmar Məmmədyarov əsassız və qərəzli olan bu qətnamə ilə Avropa Parlamentindəki bəzi qüvvələrin Azərbaycanın Avropa İttifaqı ilə əlaqələrinə zərbə vurduqlarını diqqətə çatdırıb.

Söhbət zamanı Suriya böhranı və onun doğurduğu fəsadlar, beynəlxalq terrorçu şəbəkələrə qoşulan əcnəbi döyüşçülər və miqrant problemi kimi məsələlər ətrafında fikir mübadiləsi aparılıb.