Xəbərlər
Ordubad rayonunda Yeni Azərbaycan Partiyasının yaradılmasının 32-ci ildönümü qeyd olunub
Ordubad rayonunda Yeni Azərbaycan Partiyasının (YAP) yaradılmasının 32-ci ildönümü münasibətilə tədbir keçirilib.
Tədbir iştirakçıları əvvəlcə Ulu Öndər Heydər Əliyevin Ordubad şəhərinin mərkəzində ucaldılan büstünü ziyarət edib, abidənin önünə tər çiçəklər düzərək ehtiramlarını ifadə ediblər.
Ordubad Rayon İcra Hakimiyyətinin (RİH) inzibati binasında təşkil olunan tədbirdə Ordubad Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Rəhimli, YAP Ordubad rayon təşkilatının sədri Ehtibar İsmayılov, RİH kollektivi, rayonda yerləşən idarə, müəssisə və təşkilatların rəhbər şəxsləri, icra nümayəndələri, partiya fəalları, ziyalılar və rayon ictimaiyyətinin nümayəndələri iştirak ediblər.
Tədbirdə ilk öncə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, Ulu Öndər Heydər Əliyevin və ölkəmizin suverenliyi və ərazi bütövlüyü uğrunda canlarını qurban verən şəhidlərin əziz xatirəsi ehtiramla yad edilib.
Sonra Yeni Azərbaycan Partiyasının yaranması ilə əlaqədar videoçarx nümayiş olunub.
Giriş sözü ilə çıxış edən Ordubad Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Rəhimli tədbir iştirakçılarını Yeni Azərbaycan Partiyasının yaranmasının 32-ci ildönümü münasibətilə təbrik edərək partiyanın yaranma tarixi, inkişaf mərhələləri və müasir dövrdəki uğurları haqqında ətraflı məlumat verib, bu əlamətdar tarixin Azərbaycanın siyasi tarixində dönüş nöqtəsi olduğunu qeyd edib. Rayon İcra Hakimiyyətinin başçısı çıxışında Yeni Azərbaycan Partiyasının təsis olunmasından ötən qısa müddət ərzində Azərbaycanın siyasi səhnəsində liderlik mövqeyi qazandığını bildirib. Partiyanın təkcə siyasi fəaliyyətlə kifayətlənmədiyini, həm də milli ideologiyanın formalaşmasına, dövlətçilik ənənələrinin möhkəmləndirilməsinə mühüm töhfələr verdiyini diqqətə çatdırıb.
RİH başçısının çıxışında Ümummilli Lider Heydər Əliyevin uzaqgörən siyasəti sayəsində milli maraqlara söykənən və xalqın rifahını təmin etməyə yönəlmiş strateji hədəflərin uğurla həyata keçirildiyi qeyd olunub. Həmçinin, Prezident İlham Əliyevin rəhbərliyi ilə partiyanın öz fəaliyyətində həm daxili sabitliyin möhkəmləndirilməsi, həm də Azərbaycanın beynəlxalq nüfuzunun artırılması istiqamətində mühim nailiyyətlər əldə etdiyi bildirilib.
Daha sonra YAP Ordubad rayon təşkilatının sədri Ehtibar İsmayılov çıxış edərək partiyanın 32 il ərzində keçdiyi şərəfli yoldan, əldə etdiyi uğurlardan bəhs edib. Qeyd olunub ki, bu gün Yeni Azərbaycan Partiyası, ölkənin ən güclü siyasi qüvvəsi kimi fəaliyyətini uğurla davam etdirir və dövlətçiliyin möhkəmləndirilməsində milli maraqlara əsaslanaraq mühim töhfələr verir. Yerli təşkilatın sədri Vətən müharibəsi zamanı tarixi Qələbənin əldə edilməsində Yeni Azərbaycan Partiyasının ideoloji istiqamətdə apardığı fəaliyyətin önəmini xüsusi qeyd edib.
Daha sonra mövzu ətrafında Əməkdar müəllim Könül İsmayılovanın, Dəstə kənd ərazi partiya təşkilatının sədri Tofiq Babayevin və digər üzvlərin çıxışları dinlənilib.