Xəbərlər
Salyanda YAP-ın yaradılmasının 32-ci ildönümü münasibətilə tədbir keçirilib
Yeni Azərbaycan Partiyasının (YAP) yaradılmasının 32-ci ildönümü münasibətilə “YAP dünənin, bu günün və gələcəyin partiyasıdır” mövzusunda tədbir keçirilib.
Tədbirdə YAP Salyan rayon təşkilatının sədri Elmar Əhmədov, Milli Məclisin komitə sədri Sadiq Qurbanov, YAP Mərkəzi Aparatının məsul əməkdaşı Əli Axundov, Salyan Rayon İcra Hakimiyyəti başçısının müavini Rəşad Cəbrayılov, ərazi partiya təşkilat sədrləri, ziyalılar, partiya fəalları və gənclər iştirak edib.
Tədbir iştirakçıları öncə Ulu Öndər Heydər Əliyevin abidəsini ziyarət edib, əziz xatirəsini dərin hörmət və ehtiramla anıblar.
YAP Salyan rayon təşkilatının inzibati binasında davam etdirilən tədbirdə Dövlət Himni səsləndirilib, Ulu Öndər Heydər Əliyevin və torpaqlarımızın işğaldan azad edilməsi uğrunda canlarını qurban vermiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub.
Sonra Yeni Azərbaycan Partiyasının yaradılmasının 32-ci ildönümünə həsr edilmiş videoçarx nümayiş olunub.
Tədbiri giriş sözü ilə açan YAP Salyan rayon təşkilatının sədri Elmar Əhmədov Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulmuş Yeni Azərbaycan Partiyasının yaranma tarixindən, keçdiyi mürəkkəb və şərəfli yoldan söhbət açıb. Qeyd edib ki, Ulu Öndər Heydər Əliyevin yaratdığı partiya ötən dövr ərzində ölkəmizin ictimai-siyasi həyatında əhəmiyyətli rol oynamaqla yanaşı, müasir dövrdə beynəlxalq aləmdə tanınan nüfuzlu partiyalar sırasında olması dahi şəxsiyyətin uzaqgörən, müdrik siyasətinin nəticəsidir. Partiyanın bu gün Prezident İlham Əliyevin rəhbərliyi ilə yeni-yeni nailiyyətlərə imza atdığını vurğulayan Elmar Əhmədov bu uğurların zirvəsində tarixi Zəfərimizin dayandığını xüsusi vurğulayıb.
Milli Məclisin komitə sədri Sadiq Qurbanov bildirib ki, zamanın tələbi, xalqın istəyi ilə yaranan və qısa müddətdə ümumxalq partiyasına çevrilən Yeni Azərbaycan Partiyasının bütün uğurlarının arxasında xalqın inamı və bu inamdan irəli gələn dəstək dayanır. Vurğulayıb ki, Yeni Azərbaycan Partiyasının yaradılması ilə Azərbaycanın xilasının, tərəqqi yoluna çıxmasının əsası qoyuldu. Azərbaycanın son illərdə qazandığı böyük nailiyyətlər Ulu Öndər Heydər Əliyevin yaratdığı və bu gün Prezident İlham Əliyevin Sədrliyi ilə tarixi uğurlar əldə edən Yeni Azərbaycan Partiyasının fəaliyyəti ilə bilavasitə bağlıdır. Millət vəkili qeyd edib ki, yarandığı gündən ümumxalq partiyası imicini qazanan Yeni Azərbaycan Partiyası cəmiyyətin bütün təbəqələrini öz sıralarında birləşdirərək onların arzu və istəklərinin həyata keçirilməsinə səy göstərir.
YAP Mərkəzi Aparatının məsul əməkdaşı Əli Axundov Yeni Azərbaycan Partiyasının 32 il ərzində olduqca şərəfli və məsuliyyətli yol qət etdiyini, öz siyasi xətti və fəaliyyəti ilə xalqın partiyasına çevrildiyini diqqətə çatdırıb. Yeni Azərbaycan Partiyasının yaradıcısı Ümummilli Lider Heydər Əliyevin müstəqil, demokratik, hüquqi dövlət quruculuğu yolunda gərgin fəaliyyətinin Azərbaycanın bu gününü və gələcək taleyini müəyyən etdiyini bildirib. Vurğulayıb ki, Ulu Öndər Heydər Əliyevin zəngin irsi əsasında və Prezident, partiyamızın Sədri İlham Əliyevin rəhbərliyi altında dövlətimizin qüdrəti, beynəlxalq nüfuzu daha da artacaq.
Tədbirdə çıxış edən Salyan rayon Şəkərli kənd ümumi orta məktəbin direktoru, Əməkdar müəllim Səlimağa Səlimli və Heydər Əliyev Mərkəzinin direktoru Nübar Bayramova Yeni Azərbaycan Partiyasının tarixi zərurətdən yarandığını, qısa müddətdə iqtidar partiyası olması və regionun ən möhtəşəm siyasi təşkilatına çevrildiyini qeyd ediblər. Qeyd olunub ki, Yeni Azərbaycan Partiyasının yaradılması müstəqil Azərbaycan dövlətinin möhkəmləndirilməsində və inkişafında tarixi rol oynayıb. Prezident İlham Əliyevin partiyaya sədr seçilməsindən sonra isə YAP inkişafının yeni mərhələsinə qədəm qoyub. Dövlətimizin başçısının rəhbərlik etdiyi partiyanın cəmiyyətdə böyük inam və etimada sahib olduğu vurğulanıb, bildirilib ki, 44 günlük Vətən müharibəsində qazanılan Zəfər partiyanın nüfuzunu daha da yüksəldib.
Sonra tədbirdə rayonun ictimai-siyasi həyatında fəal iştirakına görə bir qrup partiya fəalına Fəxri fərman, YAP sıralarına yeni qoşulmuş gənclərə isə üzvlük vəsiqələri təqdim edilib.
Tədbirə Yeni Azərbaycan Partiyasının Himninin səsləndirilməsi ilə yekun vurulub.