Xəbərlər
YAP Qazax rayon təşkilatının yeni ərazi partiya təşkilatı təsis edilib
Yeni Azərbaycan Partiyasının (YAP) yaradılmasının 32-ci ildönümü ərəfəsində YAP Qazax rayon təşkilatının yeni “Saloğlu” Fərdi Firması ərazi partiya təşkilatı yaradılıb.
Bununla əlaqədar keçirilən təsis yığıncağında əvvəlcə Ümummilli Lider Heydər Əliyevin və şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
YAP Qazax rayon təşkilatının sədri Anar Nəbiyev Yeni Azərbaycan Partiyasının 32 il ərzində keçdiyi şərəfli yoldan, qazandığı uğurlardan, geniş və ətraflı danışıb. Qeyd edib ki, Ümummilli Lider Heydər Əliyevin memarı olduğu Yeni Azərbaycan Partiyası regionun ən güclü siyasi partiyası olmaqla yanaşı ölkəmizin əldə etdiyi bütün nailiyyətlərdə, uğurlarda, qazanılan qələbələrdə xüsusi yer tutur. Bu gün Yeni Azərbaycan Partiyası ölkəmizdə gedən bütün proseslərin mərkəzində dayanmaqla, günbəgün öz sıralarını vətənpərvər, sağlam, əqidəli təəssübkeşlər hesabına genişləndirməkdədir ki, bu da partiyamızın günü – gündən gəncləşən ziyalılar partiyasına, ümumxalq partiyasına çevrilməsindən xəbər verir. Bu baxımdan yeni ərazi partiya təşkilatlarının yaradılması olduqca əhəmiyyətlidir.
A.Nəbiyev çıxışı zamanı partiyamızın tarixi VII Qurultayında Möhtərəm Prezidentimiz, Partiyamızın sədri cənab İlham Əliyevin proqram xarakterli nitqindən irəli gələn vəzifələr barədə də ətraflı məlumat verib.
Təsis yığıncağında “Saloğlu” Fərdi Firmasının direktoru Səyid Şərifzadə, əməkdaşlardan Amid Mustafayev, Mehriban Tanrıverdiyeva və başqaları çıxış ediblər. Məlumat verilib ki, müəssisədə çalışan işçilərın bir hissəsi Yeni Azərbaycan Partiyasının üzvüdürlər və onlar yeni “Saloğlu” Fərdi Firması ərazi partiya təşkilatının təsis edilməsi ilə bağlı Yeni Azərbaycan Partiyası Qazax rayon təşkilatına müraciət ediblər.
Çıxışlardan sonra təşkilati məsələlərə baxılıb. Amid Mustafayev ərazi partiya təşkilatının sədri, Mehriban Tanrıverdiyeva isə sədr müavini seçiliblər.