Xəbərlər
Ağdam yeni bir dövrə qədəm qoyur
Fəsli Nəbiyev
YAP Gənclər Birliyinin sədr müavini
20 noyabr Ağdam şəhəri günü olaraq Azərbaycan xalqının yaddaşında xüsusi bir yer tutur. 2020-ci ildə Vətən müharibəsində qazanılan tarixi qələbənin nəticəsi olaraq Ağdamın işğaldan azad edilməsi, bu ərazilərin yenidən dirçəlməsi yolunda əhəmiyyətli bir mərhələni qeyd edir.
“Ağdam” sözü qədim türk dilində “kiçik qala” mənasını daşıyır və işıqlı ev anlamında da istifadə olunur. Bu qədim şəhər tarixi boyunca zəngin mədəniyyətə, inkişaf etmiş əkinçilik və maldarlıq ənənələrinə ev sahibliyi etmişdir. Ağdam həmçinin, Qafqazın ən qədim yaşayış məskənlərindən biri hesab edilir. Buradan tapılmış Eneolit dövrünə aid arxeoloji materiallar, bu ərazinin qədim sivilizasiyaların izlərini yaşatdığını göstərir.
1993-cü ilin iyul ayında Ermənistan silahlı qüvvələrinin təcavüzü nəticəsində Ağdam rayonunun 73%-i işğal edildi. Bu işğal nəticəsində minlərlə insan məcburi köçkün həyatı yaşamaq məcburiyyətində qaldı. Ağdam yalnız fiziki olaraq dağıdılmadı, həm də mədəniyyətinə qarşı vəhşiliklər törədildi.
Lakin 2020-ci il 20 noyabr tarixi Ağdamın azadlıq səhifəsinin yazıldığı gün oldu. Prezident İlham Əliyevin rəhbərliyi ilə əldə edilən qələbə, şəhərin bərpası üçün böyük ümidlər yaratdı. Artıq Ağdamda Baş Plan çərçivəsində müasir yaşayış məhəllələrinin, sənaye parklarının və infrastruktur layihələrinin tikintisi sürətlə davam edir. İlk köç gələn ilin payızında planlaşdırılır.
Ağdam şəhərinin əvvəlki şöhrətinin bərpa olunması istiqamətində Prezident İlham Əliyevin rəhbərliyi ilə şəhərin hərtərəfli inkişafı təmin edilir. Şəhər, həm iqtisadi, həm də mədəni mərkəzə çevrilərək, Qafqazın dirçələn Xirosiması kimi öz tarixində yeni bir dövrə qədəm qoyur.