Xəbərlər
YAP güclü, mütəşəkkil qüvvədir
Elmar Əhmədov
YAP Salyan rayon təşkilatının sədri
Yeni Azərbaycan Partiyasının yaradılmasının 32 illiyindən bəhs edərkən ilk olaraq Ulu Öndər Heydər Əliyevin “YAP dünənin, bu günün və gələcəyin partiyasıdır” fikrini yada salmaq istərdik. Ümummilli Liderin bu tezisi partiyanın qət etdiyi 32 illik yola bələdçilik edir. 32 ildə partiya Azərbaycanın inkişafına, dövlət müstəqilliyimizin güclənməsinə, ölkəmizin ictimai-siyasi sabitliyinin qorunmasına, beynəlxalq nüfuzunun artmasına davamlı töhfələri ilə diqqətdə olub. Partiyanın Proqramında əksini tapan hədəflərdən biri ərazi bütövlüyümüzün və suverenliyimizin tam bərpası idi ki, bunu dövlət başçısı, Müzəffər Ali Baş Komandan İlham Əliyev reallığa çevirdi. Ümummilli Liderin 2003-cü ildə xalqa tarixi müraciətində cənab İlham Əliyevə Özü qədər inandığını böyük əminliklə ifadə etmişdir.
1993-2003-cü illərdə Ulu Öndər Heydər Əliyevin yaratdığı möhkəm təməl üzərində Azərbaycanı inkişaf etdirən, zirvələrə yüksəldən Prezident İlham Əliyevin təkmil islahatları, uğurlu siyasəti nəticəsində ölkəmiz ən islahatçı ölkələr, xalqımız dünyanın ən xoşbəxt xalqları sırasında qərarlaşdı.
4 il bundan əvvl dövlət başçısı, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Azərbaycan Ordusunun yazdığı Zəfər tarixi xalqımızın yenilməzliyinin, məğrurluğunun, tarixinə, torpaqlarına sahib çıxmasının dünyaya təqdimatı oldu. Dünya hərb tarixinə yeni səhifə yazan Azərbaycan Ordusunun ötən ilin sentyabrında həyata keçirdiyi bir günlük antiterror tədbirləri nəticəsində suverenliyimiz tam bərpa edildi, Azərbaycanın həyatında yeni dövr başladı.
Bir mühüm məqamı da qeyd edək ki, cəmiyyətin avanqard qüvvsi olan, Azərbaycanın hər bir uğurunda öz payı olan Yeni Azərbaycan Partiyasının qurultaylarında qəbul olunan qərarlar sonrakı mərhələdə ölkəmizin, partiyanın qarşısında yeni imkanlar açır, gələcək inkişaf perspektivlərinin müəyyənləşdirilməsində mühüm rol oynayır, ictimai-siyasi həyatımıza yeniliklər gətirir. Partiyanın tarixi Zəfərimizin reallıqları əsasında keçirilən VII qurultayı da bu baxımdan xüsusi əhəmiyyət kəsb edir. Partiyanın VII qurultayında dövlət başçısı, YAP Sədri İlham Əliyev proqram xarakterli çıxışında bir daha bildirdi ki, Yeni Azərbaycan Partiyasının adı Ulu Öndər Heydər Əliyevin adı ilə bağlıdır. Partiya Heydər Əliyevin ətrafında yaradıldı. Onun siyasi təcrübəsi, bilikləri, xalq qarşısında göstərdiyi xidmətlər, Naxçıvanda çalışdığı dövrdə göstərdiyi əsl vətənpərvərlik və öz xalqına olan sadiqlik Azərbaycanın mütərəqqi insanlarını onun ətrafında birləşdirdi. “91-lər”in fəaliyyətini yüksək qiymətləndirən cənab İlham Əliyev bildirdi ki, təkcə ona görə yox ki, Heydər Əliyevə müraciət ediblər. Ona görə ki, qorxmadılar, çəkinmədilər, ölkə maraqlarını öz şəxsi maraqlarından üstün tutdular. Faktiki olaraq 1992-ci ilin noyabr ayı gənc ölkəmizin həyatında yeni bir mərhələyə yol açdı.
1992-ci ildə Yeni Azərbaycan Partiyasının yaradılması ilə başlanan inkişaf yolu Azərbaycana davamlı uğurlar qazandırır. Artıq bu gün tarixi Zəfərimizdən, ərazi bütövlüyümüzün və suverenliyimizin yaratdığı reallıqlardan bəhs edirik. Bu reallıqları qalib, bütövləşən, yeni Azərbaycan yaradıb. VII qurultayın yeni qərarları, tarixi Zəfərimizin qarşıya qoyduğu hədəflərin uğurlu icrası gələcəyə daha böyk addımlarla irəliləməyə çağırışlar edir. Yeni Azərbaycan Partiyasının hər bir üzvü “Biz birlikdə güclüyük!” devizi altında qarşıdakı dövrün hədəflərini cəmiyyətə təqdim edən yeni Proqramdan irəli gələn vəzifələrin uğurlu icrasına, qalib Azərbaycanın uğurlarına öz töhfəsini verməyə səy göstərir. YAP bundan sonra da möhtəşəm uğurlara imza atacaq. Həyata keçirilən siyasətin alternativsizliyi davamlı uğurların müşayiətçisidir. Yeni Azərbaycan Partiyasının hər bir üzvü belə monolit, dövlətə və xalqa xidməti fəaliyyətinin əsasında saxlayan, Azərbaycanın davamlı uğurlarına böyük töhfələr verən, sözlə əməl birliyinin nəticəsi olaraq cəmiyyətdə nüfuzunu günbəgün artıran partiyada təmsil olunmaqdan şərəf duyur. Hər birimiz Heydər Əliyev ideyalarının təbliğində fəal iştirak edirik. Bu ideyalar Azərbycanın dünəninin, bu gününün və sabahının əsasıdır.