Xəbərlər
Azərbaycanın səyləri artıq öz bəhrəsini verir
Fəsli Nəbiyev
YAP Gənclər Birliyinin sədr müavini
Prezident İlham Əliyevin COP29 çərçivəsində inkişaf etməkdə olan kiçik ada dövlətlərinin Sammitindəki çıxışı Azərbaycanın qlobal iqlim gündəliyində aktiv rol oynadığını bir daha təsdiq etdi. Azərbaycan COP29-a ev sahibi olduqdan sonra bu dövlətlərlə əməkdaşlığı yeni, daha yüksək səviyyəyə çatdıraraq, onların səsini beynəlxalq arenada daha da eşidilən etdi.
İqlim dəyişmələrinin təsirləri hər bir ölkəni, o cümlədən Azərbaycanı hədəf alsa da, kiçik ada dövlətləri üçün bu ekzistensial təhlükə yaradır. Xəzər dənizinin dayazlaşması, çaylarda və dağlarda suyun azalması Azərbaycanda iqlim dəyişikliyinin təsirlərinə birbaşa nümunədir. Buna görə də Prezident İlham Əliyev inkişaf etmiş ölkələri, xüsusilə müstəmləkə keçmişinə malik dövlətləri, kiçik ada dövlətlərinə maddi və texniki dəstək göstərməyə çağırdı.
Azərbaycanın bu sahədəki səyləri artıq öz bəhrəsini verir. Ölkəmiz müxtəlif humanitar təşəbbüslər çərçivəsində ondan çox kiçik ada dövlətinə tələbə təqaüdləri təqdim etmiş və iqlim dəyişmələrindən zərər çəkmiş icmalara dəstək göstərmişdir. Bundan əlavə, Bakı Kommünikesi vasitəsilə iqlim maliyyəsinin əlçatanlığına dair konkret addımların atılmasına çağırış edilmiş və İtki və Zərərə Cavab Fondunun fəaliyyəti ilə bağlı əhəmiyyətli irəliləyişlər əldə olunmuşdur.
Azərbaycan, həmçinin, kiçik ada dövlətlərində birgə layihələr üçün 10 milyon ABŞ dolları ayıraraq, ətraf mühitin monitorinqi üçün peyk məlumatlarından istifadəyə dair yeni imkanlar yaratmışdır. Prezident İlham Əliyevin vurğuladığı kimi, Azərbaycan Qoşulmama Hərəkatının və COP29-un sədri kimi bu dövlətlərin maraqlarını müdafiə etməyə davam edəcəkdir.
Bu yanaşma Azərbaycanın qlobal liderlikdə ədalət və həmrəylik prinsiplərinə sadiqliyini nümayiş etdirir və dünya dövlətlərinə iqlim dəyişmələrinə qarşı birgə mübarizənin zəruriliyini xatırladır.