YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Çoxtərəfli əməkdaşlıq formatının qurulması

Fəxrəddin Vəliyev

YAP Şəmkir rayon təşkilatının sədri

“Azərbaycan Şimal ilə Cənub, Qərb ilə Şərqin qovuşduğu ölkədir və bu, təkcə coğrafiya ilə bağlı deyil. Biz müxtəlif beynəlxalq iştirakçılar arasında siyasi, mədəni, enerji, ticari və nəqliyyat körpülərini sala bilərik. Azərbaycanın başladığı meqalayihələr artıq Avrasiyanın enerji və daşımalar yollarını dəyişib və məhsuldar, çoxtərəfli əməkdaşlıq formatının qurulması ilə nəticələnib”. Dövlət başçısı İlham Əliyev Azərbaycanı dünyanın mərkəzinə çevirən COP29-un Liderlər Sammitində bu fikirləri ilə Azərbaycanın beynəlxalq tədbirlərə ev sahibliyini şərtləndirən amilləri diqqətə çatdırdı.

Ölkəmizin çoxtərəfliliyin tərəfdarı olması xarici siyasət uğurlarımızda özünün aydın ifadəsini tapır. Belə ki, Azərbaycan 120 ölkənin yekdil qərarı ilə dörd il ərzində, BMT-dən sonra ikinci beynəlxalq qurum olan Qoşulmama Hərəkatına uğurla sədrlik etdi. Azərbaycan, həmçinin təxminən 60 ölkəni birləşdirən İslam Əməkdaşlıq Təşkilatının fəal üzvüdür. Avropa İttifaqının 10 üzvü ilə  sazişlər imzalayıb və Strateji tərəfdaşlıq haqqında bəyannamələr qəbul edib. Bütün bunlar bizə düşünməyə imkan verir ki,  iqlim dəyişmələri məsələsində fərqli mühüm iştirakçılar arasında körpülərin salınmasında çox faydalı və yardımçı ola bilərik.  Eyni zamanda, ölkəmiz  mədəniyyətlərarası dialoqda fəal rol oynayır. BMT-nin Sivilizasiyalar Alyansı ilə birlikdə Azərbaycan  iki ildən bir Bakıda Mədəniyyətlərarası Forum təşkil edir. Multikulturalizm  dövlət siyasətimizdir və həyat tərzimizdir. Azərbaycan xalqı etnik və dini mənsubiyyətindən asılı olmayaraq sülh və razılıq şəraitində bir ailə kimi yaşayır.

Xarici siyasətimizin bu prioritet istiqamətini də  xüsusi qeyd etməliyik ki, türk dünyasının birliyi, həmrəyliyi günümüzün əsas çağırışlarındandır. Cənab İlham Əliyev bildirir ki, bizim ailəmiz türk dünyasıdır.  

COP29 bütün bu məqamlara işıq saldı. Dövlət başçısı İlham Əliyevin Liderlər Sammitində, həmçinin inkişaf etməkdə olan kiçik ada dövlətlərinin Sammitində çıxışı, COP29 çərçivəsində keçirdiyi görüşlər Azərbaycanın dünya birliyində  fəal rolunun təqdimatı oldu. COP29-un yüksək səviyyədə təşkilinə görə dövlət başçısı İlham Əliyevə təşəkkür edən liderlərin hər biri bu tədbirin fərqli olacağını əminliklə qeyd edirlər.

Prezident İlham Əliyev inkişaf etməkdə olan kiçik ada dövlətlərinin Sammitində vurğuladı ki, Azərbaycan COP29-a ev sahibi olduqdan sonra inkişaf edən kiçik ada dövlətləri ilə münasibətlərimiz yeni, daha yüksək səviyyəyə qalxıb. Kiçik ada dövlətlərinin səsi qlobal arenada eşidilməlidir.

Əsas çağırışlardan biri də budur ki, inkişaf etmiş bütün ölkələr, xüsusən də müstəmləkə keçmişi olan ölkələr kiçik ada dövlətlərinə maddi və texniki dəstək göstərməlidir ki, onlar ölkələrini iqlim dəyişmələrinin fəsadlarından qoruya bilsinlər. İqlim dəyişmələri hər bir ölkəyə, o cümlədən Azərbaycana təsir göstərir. Xəzər dənizi ilbəil daha da dayazlaşır, çaylarımızda daha az su, dağlarımızda daha az qar var. Əfsuslar ki, keçmişdə heç vaxt görmədiyimiz daşqınlar və kəskin yağışlar bu gün reallıqdır. Hər bir ölkə təsirə məruz qalır, lakin kiçik ada dövlətləri üçün bu ekzistensial təhlükədir. Azərbaycan kiçik ada dövlətlərinə özünün birmənalı dəstəyini nümayiş etdirir. Dövlətimizin başçısı belə bir çağırışı da səsləndirdi ki, əgər Avropanın əsas diplomatı Cozep Borrell Avropanı bağ, dünyanın qalan hissəsini isə cəngəllik adlandırırsa, onda Avropa Parlamenti ilə Avropa Şurası Parlament Assambleyasından daha nə gözləmək olar?!  Əgər biz cəngəllikiksə, onda bizdən kənar durun və işlərimizə qarışmayın. Azərbaycan Qoşulmama Hərəkatının sədri kimi kiçik ada dövlətlərinə dəstək verib, COP29-un sədri kimi onları dəstəkləyəcək və gələcəkdə dostlarımızı dəstəkləməkdə davam edəcək.