YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI  : 0
BİZƏ YAZIN

Xəbərlər

Gündəliyimiz yaşıl enerji ilə bağlıdır

Fəqət Şadlinskaya

YAP Bərdə rayon təşkilatının sədri

“Mən şübhə etmirəm ki, COP29 beynəlxalq konfransını da biz yüksək səviyyədə keçirəcəyik, bu, ölkəmizin, xalqımızın növbəti böyük uğuru olacaq. Eyni zamanda, Azərbaycan neft-qaz ölkəsi kimi bu sahədə də özünü göstərəcəkdir və dünyada hər kəs bir daha görəcək ki, bizim gündəliyimiz yaşıl enerji ilə bağlıdır. Yaşıl enerji növlərinin yaradılması və yaşıl enerjinin dünya bazarlarına nəqli hazırda bizim enerji siyasətimizin prioritetidir. Bu, reallıqdır və bütün dünya bunu bir daha görəcək”. Dövlət başçısı İlham Əliyev ötən ilin dekabrında COP29-un ölkəmizdə keçirilməsi ilə bağlı müşavirədə bu mühüm məqamı da xüsusi qeyd etdi ki, bu hadisənin önəmi, o cümlədən ondadır ki, bu qərar antiterror əməliyyatından iki ay yarım sonra qəbul olunmuşdur və beləliklə, bir daha bütün dünya ictimaiyyəti Azərbaycana öz dəstəyini ifadə etmişdir. Bakıda COP29 konfransının keçirilməsi beynəlxalq aləmin hər bir üzvünün razılığı ilə mümkün olmuşdur. Yəni, burada yekdil mövqe bir daha özünü göstərdi.

Prezident İlham Əliyev noyabrın 12-də Liderlər Sammitində COP29-un Azərbaycanda keçirilməsini şərtləndirən amillərdən geniş bəhs edərək tədbirə  hazırlıq işlərinin başlandığı ilk gündən ölkəmizin təbii sərvəti olan neft-qazı bəhanə gətirərək Azərbaycana qarşı təxribatlarını bu istiqmətdə də intensivləşdirən ABŞ-ın, Qərbin, ermənipərəst beynəlxalq təşkilatların ittihamlarının heç bir əsasının olmadığını bildirdi. Dövlətimizin başçısı dünyada sənaye üsulu ilə ilk neftin hasil olunduğu ölkəmizə qarşı qarayaxma kampaniyasının məqsədli şəkildə, eyni mənbədən qaynaqlanan təxribat adlandıraraq qara qüvvələrə ədalət meyarını, prinsipiallıqlarını unutmamalarını tövsiyə etdi: “Yaxşı olardı ki, ən azı onlar özlərinə və Azərbaycandan 10 dəfə artıq neft hasil edən özlərinin qonşuluğundakı ölkəyə baxsınlar. Azərbaycanın qlobal qaz atılmalarındakı payı cəmi 0,1 faizdir”.

Azərbaycanda işsizliyin səviyyəsinin 5,4, yoxsulluğun 5,2 faiz olduğunu, ölkə üzrə xarici borcun ÜDM-in cəmi 7,5 faizini təşkil etdiyini “unudaraq” ölkəmizə kütləvi qarayaxma kampaniyası aparan Qərbin, ABŞ-ın ikili standartlardan qaynaqlanan təxribatlarının heç bir nəticə verməyəcəyi əsaslı şəkildə diqqətə çatdırıldı. Cənab İlham Əliyev  iki il bundan əvvəl Avropa Komissiyasının sədri ilə imzalanan və qitə dövlətlərinin enerji təhlükəsizlinin təminatına töhfə olan Memorandumu xatırlatdı: “Azərbaycan qazına çıxışı olan on ölkədən səkkizi Avropada yerləşir. Avropa Komissiyası, həmçinin bizdən xahiş edib ki, biz qaz təchizatını 2027-ci ilə qədər iki dəfə artıraq. Bu, Avropa Komissiyasının sədri və mənim tərəfimdən iki il öncə Bakıda imzalanmış bəyannamədə əks olunub. Əfsuslar olsun ki, ikili standartlar, digər ölkələrə dərslər vermək adəti və siyasi riyakarlıq bəzi qərb ölkələrindəki bir sıra siyasətçilər, dövlət nəzarətində olan QHT-lər, yalan xəbər mediası üçün fəaliyyət metoduna çevrilib”.

Hər bir təbii sərvət – istər neft, qaz, külək, günəş, qızıl, gümüş və mis – bunların hamısı təbii sərvətlərdir. Ölkələr onların olmasına görə günahlandırılmalı və bazarda onlara tələbatın olması səbəbindən onları bazara çıxardıqlarına görə suçlanmalı deyillər: “İnsanlara onlar lazımdır. Bir sözlə, mesajım belədir. COP29-un sədri kimi, əlbəttə, biz yaşıl keçidin güclü carçısı olacağıq və bunu edirik, lakin, eyni zamanda, biz realist olmalıyıq”.

Dövlət başçısı İlham Əliyev inkişaf etməkdə olan kiçik ada dövlətlərinin Sammitində də beynəlxalq gündəlikdə duran  mühüm məsələlərdən birinə- neokolonializm və iqlim dəyişmələrinə diqqəti yönəltdi. Vurğuladı ki, Fransa və Niderlandın xüsusən də Karib dənizi və Sakit Okean regionundakı dırnaqarası dəniz əraziləri iqlim dəyişmələrinin ən ciddi təsirinə məruz qalanlar sırasındadır. Artan dəniz səviyyəsi, kəskin hava şəraiti və biomüxtəlifliyin pozulması həmin regionlara ciddi təhlükə yaradır. Həmin icmaların səsi bir çox hallarda onların metropoliyalarındakı rejimləri tərəfindən susdurulur.

Yeni Kaledoniya, Fransa Polineziyası, Mayot, Vallis və Futuna, Korsika, Reunion, Qvadelupa, Martinika, Fransa Qvianası, Sen-Pyer və Mikelon, Sent-Mert və Sent Varfolomey kimi Fransa müstəmləkələrinin xalqları, eləcə də Niderlandın Aruba, Kurasao, Sənt-Maarten, Boneyr, Sent Yefstaxiy və Saba kimi müstəmləkələrinin xalqları bu gün XXI əsrdə də müstəmləkə hakimiyyətindən əziyyət çəkirlər. Hazırda Fransa Polineziyası və Yeni Kaledoniya 1946-1947-ci illərdə BMT tərəfindən qeyri-özünü idarə edən ərazilər kimi tanınır. Bununla belə, onların dekolonizasiya prosesi hələ də yubanır. 1966-1996-cı illər ərzində Fransa Polineziyası Fransanın apardığı 193 nüvə sınağı səbəbindən ətraf mühitin ciddi pozulması ilə üzləşib. Fransa orada torpaq və suyun kəskin dərəcədə zəhərlənməsi və radiasiyasına görə məsuliyyət daşıyır. Radiasiya səviyyəsi 4900 faizi keçib. Əgər buna Fransanın Əlcəzairdə illər boyu işğalı zamanı həyata keçirdiyi 17 nüvə sınağını əlavə etsək, biz həmin ölkə tərəfindən planetin ekosisteminə hansı zərərin vurulduğunu görərik.

Dövlətimizin başçısı İlham Əliyev mühüm çağırışlarla zəngin olan sözügedən Sammitdəki çıxışında Avropa təsisatlarına bu mesajı ünvanladı. “Əgər Avropanın əsas diplomatı Cozep Borrell Avropanı bağ, dünyanın qalan hissəsini isə cəngəllik adlandırırsa, onda Avropa Parlamenti ilə Avropa Şurası Parlament Assambleyasından daha nə gözləmək olar?!” söyləyən cənab İlham Əliyev vurğuladı ki, əgər biz cəngəllikiksə, onda bizdən kənar durun və işlərimizə qarışmayın. Azərbaycan Qoşulmama Hərəkatının sədri kimi kiçik ada dövlətlərinə dəstək verib, COP29-un sədri kimi onları dəstəkləyəcək və gələcəkdə dostlarımızı dəstəkləməkdə davam edəcək.

Azərbaycanın ədalətə və beynəlxalq hüquqa söykənən siyasətinə bir daha dünya dövlətlərinin diqqətini yönəldən COP29-un əsas çağırışlarından biri məhz  qarşılıqlı etimad mühitinin qorunması, ikili standartlara son qoyulması  fonunda mövcud problemlərin həllidir.