Xəbərlər
Bakıda COP29: Dialoq üçün qlobal platforma
Malik Mirzəyev
YAP Lerik rayon təşkilatının sədri
Bir neçə gündür ki, paytaxt Bakıda keçirilən COP29 tədbiri uğurla davam edir. Azərbaycanın bu mötəbər tədbirə ev sahibliyi etməsi ölkəmizin beynəlxalq arenada artan nüfuzunun qiymətləndirilməsi deməkdir. Bu faktor dövlətimizin sülhsevər olduğunu bir daha dünya ictimaiyyətinə nümayiş etdirir. Prezident İlham Əliyevin uğurlu xarici siyasəti sayəsində Azərbaycan beynəlxalq aləmdə etibarlı tərəfdaş kimi tanınır.
Cənab İlham Əliyevin noyabrın 12-də Bakıda COP29-un Liderlər Sammitinin açılış mərasimindəki çıxışı zamanı qeyd etdiyi kimi, “Azərbaycanın COP29-a ev sahibliyi etməsi bizim fəal rolumuzun beynəlxalq arenada qiymətləndirilməsi deməkdir. 200 ölkənin yekdil qərarı ilə Azərbaycana COP29-a ev sahibliyi etmək fürsəti nəsib oldu. Bu, bizim ölkəyə hörmət əlamətidir və bizim fəal rolumuzun beynəlxalq arenada qiymətləndirilməsi deməkdir”.
Əminliklə deyə bilərik ki, ən nüfuzlu beynəlxalq tədbirlərin keçirildiyi bir ünvana çevrilən Azərbaycan COP29-u da uğurla yekunlaşdıracaq. Şübhəsiz ki, bu tədbir dünya iqlim siyasətində özünəməxsus yer tutatacaq və hər zaman xatırlanacaq. Həmişəki kimi, bu dəfə də müəyyən Qərb dairələri Azərbaycanı tutduğu düzgün yoldan döndərə bilmədilər. Azərbaycan mühüm qlobal konfransa ev sahibliyi etməklə beynəlxalq nüfuzunu və ekoloji gündəliyə sadiqliyini nümayiş etdirir və bununla da dünya səhnəsində fəal oyunçu kimi rolunu gücləndirir. COP29-un Bakıda keçirilməsi ilə bağlı dünya ölkələri tərəfindən qəbul edilmiş qərar beynəlxalq aləmdə Azərbaycana olan dərin etimadın və hörmətin sübutudur. Bu, ölkəmizin qlobal problemlərin həllində məsuliyyətli və etibarlı tərəfdaş statusunu təsdiqləyir. Bu qərardan sonra müxtəlif ölkələr, beynəlxalq təşkilatlar və digər xarici tərəf müqabilləri Azərbaycanla bu sahədə sıx əməkdaşlıq etmək arzularını ifadə etmişdir.