YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI  : 0
BİZƏ YAZIN

Xəbərlər

Dünya qlobal iqlim böhranını yaradanların riyakarlığından əziyyət çəkir

“Bakıda keçirilən BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası bu günə qədərki COP sammitlərinin ən möhtəşəmi adlandırmaq olar. Sammitdə iştirak edən siyasi liderlər də bunu etiraf edirlər. Dünyanın nüfuzlu konfransının məhz Azərbaycanda keçirilməsi ölkəmizə və onun liderinə göstərilən yüksək ehtiramın nəticəsidir. Mötəbər konfranslara ev sahibliyi etmək kimi böyük təcrübəsi olan Azərbaycanda bu dəfə dünya liderləri qlobal iqlim böhranının həlli yollarını axtarırlar. COP29-un sədri kimi Azərbaycan inkişaf etmiş və inkişaf edən ölkələr arasında konsensusun tapılmasına töhfə verməyə çalışacaq. Prezident İlham Əliyev sammitin açılışındakı çıxışı ilə həm COP29-un qarşısına qoyduğu hədəflərə, qlobal iqlim problemi və onun həlli yollarına aydınlıq gətirdi, nəcib beynəlxalq təşəbbüslərə bəzi ölkələrin qısqanc, qərəzli münasibətlərini ifşa etdi. Həqiqətən də, qlobal iqlim böhranının yaranmasının başlıca baiskarları olan dövlətlər problemin həlli istiqamətində nəinki real addımlar atmırlar, irəli sürülən təşəbbüsləri, layihələri gözdən salmaq, boykot etmək yolunu tutublar”.

Bu fikirləri Milli Məclisin deputatı Tahir Mirkişili bildirib.  

Onun sözlərinə görə, dünya ölkələrinin siyasi liderlərinin COP29 sammitində iştirakı Azərbaycana və onun yaşıl enerji sahəsindəki fəaliyyətinə hörmətdən irəli gəlir: “196 ölkədən 72 min iştirakçının qeydiyyatdan keçməsi sammitin mötəbərliyindən xəbər verir. Bu fakt həmçinin aparılan qarayaxma, boykot kampaniyasının fiaskoya uğradığını göstərir. Prezident çıxışında haqlı olaraq vurğuladı ki, bəzi xarici media resursları,  beynəlxalq təşkilatlar, vətəndaş birlikləri bəzi qüvvələrin əlində siyasi alətə çevrilib. Onların anti-Azərbaycan fəaliyyəti heç bir halda Bakıda keçirilən COP29 sammitinə kölgə salmaq gücündə deyil. Biz bu cür kampaniyaları çox görmüşük. Avroviziya-2012 və Birinci Avropa Oyunlarında, eləcə də digər böyük beynəlxalq tədbirlərin keçirilməsi ərəfəsində bizə qarşı həyata keçirilən iyrənc siyasətləri ifşa etmişik, cavablarını vermişik. Bütün fəaliyyətini beynəlxalq hüququn normalarına uyğun quran, beynəlxalq təşəbbüslərin fəal iştirakçısı olan, demokratiya və insan haqlarının müdafiəsinə önəm verən Azərbaycanın cavablandıra bilməyəcəyi ittiham və iddia yoxdur. Ermənistan və onun arxasında duran Fransa, Hollandiya, Almaniya kimi ölkələrdən fərqli olaraq Azərbaycan heç vaxt etnik təmizləmə siyasəti həyata keçirməyib, işğalçı dövlət olmayıb. 200 ölkənin yekdil qərarı ilə COP29-a ev sahibliyi etmək səlahiyyətinin Azərbaycana verilməsi dünya ölkələrinin ölkəmizə olan hörmət və etimadının təsdiqidir. Azərbaycan ölkələr arasında təkcə coğrafi deyil, mədəni və siyasi körpü rolunu oynayır. Ölkəmizin Şimal ilə Cənub, Qərb ilə Şərqin qovşsğında yerləşməsi onun geostrateji əhəmiyyətini artırır. Bu mənada boykotçular istəsələr də belə ölkəmizin geostrateji əhəmiyyətini görməməzlikdən gələ bilməzlər”.

Millət vəkili onu da qeyd etdi ki, Azərbaycanın başladığı meqalayihələr artıq Avrasiyada enerji və daşımalar yollarını dəyişib: “Şimal, Cənub, Qərb və Şərq məhz Azərbaycanın qovuşduğu bir məkandır. Ölkəmiz həmçinin digər mühüm enerji təhlükəsizliyi layihələrini həyata keçirir. Azərbaycan təkcə təşəbbüslər irəli sürmür, mötəbər tədbirlərə ev sahibliyi etmir, həm də konkret işlər həyata keçirir. Azərbaycan Prezidenti tərəfindən işğaldan azad edilmiş bölgələrin dirçəldilməsi üçün innovativ konsepsiyalar ortaya qoyulub. Yaşayış məntəqələrinin “ağıllı şəhər”, “ağıllı kənd” layihələri üzrə yenidən qurulması, təbiət ərazilərinin sürətli və ən yüksək səviyyədə bərpa olunması, eləcə də getdikcə artan enerji tələbatının daha çox “yaşıl enerji” mənbələrindən istifadə olunaraq təmin edilməsi qlobal iqlim dəyişikliyinə verilən ən böyük töhfədir. Təkcə işğaldan azad edilmiş ərazilərdə deyil, ümumilikdə ölkənin digər regionlarında oxşar layihələr həyata keçirilir. Qarabağ və Şərqi Zəngəzurla bərabər, Naxçıvan Muxtar Respublikasının da “yaşıl enerji” zonası elan edilməsi bunun təsdiqidir. Azərbaycan liderinin sözünün imzası qədər gücü olduğu kimi, sözü ilə əməli üst-üstə düşməsi onun nüfuzunu daha da gücləndirir. COP29 kimi tədbirə evsahibliyi edən ölkəmizin əsas məqsədi sammitin nəticəli olmasıdır. Əminliklə söyləmək olar ki, COP29 sammitində əldə olunacaq nəticələr növbəti sammitlərin əsas müzakirə mövzusu olacaqdır. Fakt budur ki, COP29-un Bakıda keçirilməsi bütün spektrlər üzrə Azərbaycana dividentlər qazandıracaq, ölkəmizin beynəlxalq aləmdəki nüfuzunu daha da artıracaqdır”.