YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Dünyanın nəzəri yenidən Azərbaycandadır

Hazırda dünyanın nəzərləri yenidən Azərbaycana dikilib. Bakıda BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) keçirilir. Artıq konfrans çərçivəsində bir sıra mühüm tədbirlər, o cümlədən də Liderlər Sammiti böyük uğurla baş tutub. Qeyd etməliyik ki, bu, BMT-in ən böyük tədbirlərindən biridir.

Bu fikirləri Milli Məclisin deputatı Ağalar Vəliyev bildirib. Deputat vurğulayıb ki, bir neçə gün ərzində paytaxtımızda hazırda dünyada çox aktual olan iqlim dəyişmələri ilə bağlı müzakirələr aparılacaq və önəmli qərarlar qəbul olunacaq. Ağalar Vəliyev belə bir mötəbər tədbirə ev sahibliyi hüququnun Azərbaycana verilməsini ölkəmizin və onun Liderinin beynəlxalq səviyyədə artan nüfuzunun göstəricisi kimi dəyərləndirib. Onun sözlərinə görə, Azərbaycan bir qayda olaraq beynəlxalq təhdidlərə qarşı qlobal həmrəyliyin gücləndirilməsi təşəbbüslərindən çıxış edir, ümumi məqsədlərə çatılması naminə fəallıq göstərir və bu işə özünün sanballı töhfələrini verir. Bu da beynəlxalq səviyyədə təqdir olunur. “Azərbaycan COP29-a ev sahibliyi hüququnu ötən ilin dekabrında Dubayda baş tutan COP28 çərçivəsində qazanıb. Təxminən 200 ölkənin yekdil qərarı ilə respublikamıza  COP29-a ev sahibliyi etmək fürsəti nəsib oldu. Bu, bizim ölkəyə hörmət əlamətidir və bizim fəal rolumuzun beynəlxalq arenada qiymətləndirilməsi deməkdir”, - deyə millət vəkili qeyd edib.

Deputatının sözlərinə görə, tədbirə hazırlaşmaq üçün ölkəmizin bir ildən də az vaxtı var idi. Ancaq indiyədək mühüm beynəlxallq tədbirlərin təşkilində yaxşı təcrübə qazanmış Azərbaycan qısa müddət ərzində məsuliyyətli hazırlıq həyata keçirib və hazırda da COP29-a yüksək səviyyədə ev sahibliyi edir.

A.Vəliyev bildirib ki, COP29-un sədri kimi Azərbaycan inkişaf etmiş və inkişaf edən ölkələr arasında konsensusun tapılmasına töhfə verməyə və Qlobal Cənubla Qlobal Şimal arasında əlaqələr qurulmasına çalışacaq. Milli Məclisin deputatının sözlərinə görə, hazırda qlobal istiləşmə və güclü sənaye inkişafı fonunda iqlim dəyişmələrindən bütün ölkələr təsirlənirlər. Ancaq bu, kiçik ada dövlətləri üçün bir mövcudluq məsələsidir. Buna görə də Azərbaycan o mövqedən çıxış edir ki, artıq müzakirələrdən işə keçilməli, kiçik ada dövlətlərinə real kömək göstərilməli, xüsusilə də maliyyələşmə məsələlələri həllini tapmalıdır.

Azərbaycanın enerji transformasiyasına çox həssas yanaşdığına diqqət çəkən deputat vurğulayıb ki, hazırda ölkəmiz Avropanın enerji təhlükəsizliyinin təmin edilməsinə sanballı töhfələr verməklə yanaşı, bərpa olunan mənbələrdən elektrik enerjisi istehsalının artırılmasını da özünün prioritet hədəflərindən biri kimi müəyyənləşdirib. “Abşeron yarımadası, işğaldan azad olunmuş ərazilərimiz, Haxçıvan bərpa olunan enerji mənbələri ilə zəngindir. Bu potensialdan səmərəli istifadə etməklə qeyd olunan mənbələrdən getdikcə daha çox həcmlərdə ekoloji cəhətdən təmiz eneri alacağıq. Ölkəmizin yeni ixrac potensialı yaranacaq. Yaşıl enerjinin Avropaya ixracı məqsədilə Qara dənizin dibi ilə kabel xəttinin çəkilməsinə dair razılaşma əldə olunub. Liderlər Sammitində bildirildiyi kimi, biz, həmçinin ixrac bazarlarına diqqət yetiririk və öz tərəfdaşlarımızla birgə çalışırıq ki, digər mühüm enerji  təhlükəsizliyi layihələrini həyata keçirək. Bunun sayəsində biz yaşıl enerjini Avropaya nəql edəcəyik. Bu kabelin  texniki əsaslandırma işləri yaxın vaxtlarda bitəcək. Onun imkanları kifayət qədər böyük olacaqdır. Bu, yalnız başlanğıcdır”, - deyə Ağalar Vəliyev diqqətə çatdırıb.

DİGƏR Xəbərlər Arxiv