YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Azərbaycanın dayanıqlı inkişaf yolu və COP29: Liderlik və əməkdaşlığa çağırış

Ziyafət Əsgərov                                                                                                             

Azərbaycan Respublikası Milli Məclisinin Sədr müavini

Noyabr ayın 11- i Azərbaycanda BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) fəaliyyətə başladı.  Bu böyük əhəmiyyətli tədbirdə 196 ölkədən 72 min nəfər, o cümlədən 80 prezident, vitse-prezident və Baş nazir iştirak etmək üçün ölkəmizə gəlibdir.

Noyabrın 12-də Bakıda BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının (COP29) Liderlər Sammitinin açılış mərasimi keçirilib və cənab Prezident İlham Əliyev tədbirdə çıxış edib.

Dövlət başçısı çıxışına Azərbaycanın COP29-a ev sahibliyi etməsinin, ölkəmizin  beynəlxalq arenada getdikcə daha fəal rol oynaması və qlobal siyasətdə daha güclü bir mövqe tutmasının bariz göstəricisi olduğunu söyləyərək başladı. 200 - ə yaxın  ölkənin dəstəyi ilə Azərbaycanın bu əhəmiyyətli tədbirin ev sahibi seçilməsi, ölkəmizə olan hörmətin və onun qlobal məsələlərdəki liderlik qabiliyyətinin sübutudur.    

Cənab Prezident çıxışında COP29-un sədri kimi Azərbaycanın, Qlobal Şimal və Qlobal Cənub ölkələri arasında əlaqələri gücləndirmək üçün çalışacağını xüsusilə vurğuladı. Azərbaycanın bu mövqeyi ölkənin tərəfdaşlıq və çoxtərəflilik prinsipinə olan bağlılığını və beynəlxalq səviyyədə hər kəsin səsini eşitməyə olan marağını göstərir. Azərbaycan bu istiqamətdə həm dialoq, həm də əməkdaşlıq platforması yaradaraq qlobal ekoloji problemlərin həllinə dəstək verməyi hədəfləyir.

Dövlət başçısı ölkənin  həyata keçirdiyi, xüsusilə enerji və daşımalar sahəsində olan meqalayihələrdən , bununla da Avrasiyanın enerji xəritəsini dəyişdirlməsindən bəhs etdi. Ölkəmiz artıq  Qərb və Şərq, Şimal və Cənub arasında enerji və ticarət qovşağına çevrilib. Bu layihələr regionun ticarət və enerji sektorunda çoxtərəfli əməkdaşlıq formatının əsasını təşkil edir və ölkənin strateji mövqeyini daha da möhkəmləndirir.

Cənab Prezident çıxışı çərçivəsində Azərbaycanın yaşıl enerjini ixrac etmək məqsədilə enerji infrastrukturunu təkmilləşdirərək ixrac potensialını artırmasından da bəhs etdi. Bu baxımdan xüsusilə Qara dənizin dibi ilə çəkiləcək enerji kabeli layihəsi böyük əhəmiyyət daşıyır. Layihənin texniki əsaslandırma mərhələsi artıq başa çatmaq üzrədir və kəmərin 2 giqavat gücə malik olması planlaşdırılır. Sözsüz ki, bu infrastruktur, Azərbaycanın yaşıl enerji ixrac potensialını artıracaq və Avropa bazarlarına etibarlı enerji axınını təmin edəcək.

Dövlət başçısı çıxışında iştirakçılara Azərbaycanın mədəniyyətlərarası dialoq və multikulturalizm prinsiplərinə sadiqliyini xatırlatdı. Ölkəmiz, müxtəlif etnik və dini qrupların ahəngdar bir şəkildə birgə yaşadığı bir yerdir və multikulturalizm Azərbaycanın dövlət siyasətinin əsas hissəsidir. Çoxtərəfliliyi dəstəkləyən Azərbaycan, mədəniyyətlərarası dialoqu təşviq etməklə beynəlxalq arenada sülh və anlaşmaya böyük töhfə verir.

Prezident İlham Əliyevin çıxışında vurğuladığı əsas məsələlərdən biri də Azərbaycanın, Ermənistanın işğal etdiyi torpaqları geri almaqla BMT Təhlükəsizlik Şurasının illərlə həyata keçirilməmiş qətnamələrini öz gücü ilə reallaşdırması oldu. 2020-ci ildə Qarabağda əldə edilən tarixi qələbə, Azərbaycanın beynəlxalq hüquqa və suverenliyə olan bağlılığını nümayiş etdirdi və ölkəmizin öz ərazi bütövlüyünü qorumağa qadir olduğunu bütün dünyaya  göstərdi.

Dövlət başçısı çıxışında Azərbaycanın COP29-a ev sahibliyi etməsinin  bəzi xarici qüvvələrin qarayaxma kampaniyasına səbəb olduğundan da bəhs etdi. Ölkəmizi yalnız neftlə əlaqələndirərək QHT-lər tərəfindən mənfi təbliğatlar aparılması, Azərbaycanın əldə etdiyi nailiyyətlərə kölgə sala bilmədi. COP29-a dünyanın müxtəlif yerlərindən 72 min iştirakçının qeydiyyatdan keçməsi Azərbaycanın nüfuzunun bir daha tanındığını və qlobal ekoloji məsələlərdə liderlik rolunun təsdiqləndiyini göstərir.

Dövlət başçısı çıxışının sonunda Avropa İttifaqı ilə imzalanmış Strateji Tərəfdaşlıq sazişinin, Azərbaycanın Avropanın enerji təhlükəsizliyində mühüm yer tutduğunu göstəricisi olduğunu söylədi. Avropa Komissiyasının təşəbbüsü ilə reallaşmış tərəfdaşlıq ölkəmizin Avropa enerji bazarına çıxışını genişləndirmişdir.

Prezident İlham Əliyevin COP29-un Liderlər Sammitindəki çıxışı Azərbaycanın qlobal iqlim problemlərinin həllinə olan sadiqliyini və bu məsələdə liderliyini bir daha təsdiqlədi. Onun nitqi dayanıqlı enerji mənbələrinə keçid, ekoloji problemlərin həlli və regional əməkdaşlığın vacibliyini vurğulamaqla yanaşı, Azərbaycanın bu sahədəki təcrübəsini paylaşmağa hazır olduğunu göstərdi. Dövlət başçısının çıxışı, eyni zamanda, qlobal miqyasda daha güclü və birgə fəaliyyətin zəruriliyini diqqətə çatdırdı.

Ölkəmizin dayanıqlı inkişaf istiqamətində atdığı addımlar və beynəlxalq aləmdəki liderliyi ölkənin həm milli, həm də beynəlxalq səviyyədə əhəmiyyətli rol oynadığını təsdiqləyir. Bu, Azərbaycan üçün iqlim dəyişikliklərinə qarşı mübarizədə yeni imkanlar açır və COP29 sammitində ölkəmizin uğurlarını dünya ictimaiyyətinə nümayiş etdirir.

DİGƏR Xəbərlər Arxiv