YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Azərbaycan Prezidenti İlham Əliyev Çinin Baş nazirinin müavini ilə görüşüb

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 13-də Çin Xalq Respublikası Baş nazirinin müavini Din Süesən ilə görüşüb.

Din Süesən Çin Xalq Respublikasının Sədri Si Cinpinin salamlarını dövlətimizin başçısına çatdırdı.

Prezident İlham Əliyev salamlara görə minnətdarlığını bildirdi, onun da salamlarını Si Cinpinə çatdırmağı xahiş etdi.

Qonaq qeyd etdi ki, COP29-da dövlətimizin başçısının çıxışı çox dolğun və məzmunlu idi. COP29-un yüksək səviyyədə təşkil edildiyini və bundan məmnun olduqlarını deyən Çin Xalq Respublikası Baş nazirinin müavini dedi ki, bu, bir daha onu göstərir ki, dövlətimizin başçısının rəhbərliyi ilə Azərbaycanın çox yüksək təşkilatçılıq potensialı var. Prezident İlham Əliyev tərəfindən verilmiş tapşırıqların yüksək səviyyədə yerinə yetirildiyini vurğulayan Din Süesən qısa müddət ərzində Azərbaycanın belə miqyasda iş həyata keçirdiyini vurğuladı.

Çin Xalq Respublikası Baş nazirinin müavini bildirdi ki, Azərbaycanla Çin arasında münasibətlər strateji tərəfdaşlıq xarakteri daşıyır və “Azərbaycan Respublikası ilə Çin Xalq Respublikası arasında strateji tərəfdaşlığın qurulması haqqında Birgə Bəyannamə”nin qəbulu əməkdaşlığımızı keyfiyyətcə yeni səviyyəyə qaldırıb.

Dövlətimizin başçısı da iki ölkə arasındakı münasibətlərin strateji tərəfdaşlıq xarakteri daşıdığını deyərək bununla da əlaqələrimizin məzmunca daha da zənginləşdiyini vurğuladı.

Söhbət zamanı COP-un hazırlığı prosesində Azərbaycanın Çinin BYD şirkəti ilə əməkdaşlığı, bu şirkətin elektrik avtobuslarının ölkəmizə idxalı qeyd edildi, COP çərçivəsində hazırda onlardan istifadə olunduğu bildirildi. BYD şirkətinin elektrik nəqliyyat vasitələrinin Azərbaycanda istehsalı ilə əlaqədar razılığın əldə olunduğu diqqətə çatdırıldı.

Ölkələrimizin çoxtərəfli diplomatiyaya və xalqlararası dialoqa böyük önəm verdiyi vurğulandı.

“Bir kəmər, bir yol” layihəsi çərçivəsində əməkdaşlığa toxunuldu, Azərbaycanın bu layihəni dəstəklədiyi bildirildi və son dövrlərdə yükdaşımalarda artım müsbət amil kimi qeyd olundu. Azərbaycanın nəqliyyat infrastrukturunun və Bakı limanının potensialının artırılmasının gələcək yükdaşımalar üçün daha geniş imkanlar yaratdığı bildirildi.

Çinlə Azərbaycan arasında mədəni-humanitar əlaqələrin inkişafından, yüksək səviyyəli qarşılıqlı səfərlərin intensivliyindən və beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlığımızdan məmnunluq ifadə olundu.

DİGƏR Xəbərlər Arxiv