Xəbərlər
Zaqatalada Zəfər Günü ilə bağlı ümumrayon tədbiri keçirilib
Zəfər Günü münasibətilə noyabrın 8-də Zaqatala şəhərində ümumrayon tədbiri keçirilib.
Tədbir öncəsi Milli Məclisin deputatı Asif Əsgərov Aşağı Tala kəndində Birinci Qarabağ müharibəsində itkin düşmüş şəhid Ramiz Mahmudovun, Üçüncü Tala kəndində Vətən Müharibəsi Qəhrəmanı, şəhid Şıxamir Qaflanovun məzarlarını ziyarət edib, şəhid valideynləri ilə görüşüb.
Daha sonra Zaqatala Rayon İcra Hakimiyyətinin başçısı Mübariz Əhmədzadə, Milli Məclisin deputatı Asif Əsgərov, Yeni Azərbaycan Partiyası Zaqatala rayon təşkilatının sədri Fərid Ramazanov, hüquq-mühafizə orqanlarının rəhbər şəxsləri, şəhid ailələri, qazilər, idarə, müəssisə və təşkilatlarının rəhbərləri, rayon ictimaiyyətin nümayəndələri əvvəlcə şəhər qəbiristanlığında şəhid məzarlarını, Şəhidlər Xiyabanını, “Zəfər Kompleksi” abidəsini ziyarət ediblər.
Zaqatala Rayon Mədəniyyət Mərkəzində keçirilən tədbirdə əvvəlcə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, Ulu Öndər Heydər Əliyevin və ölkəmizin suverenliyi və ərazi bütövlüyü uğrunda canını qurban vermiş şəhidlərin əziz xatirəsi ehtiramla yad edilib.
Tədbirdə çıxış edənlər 44 günlük Vətən müharibəsində rəşadətli Azərbaycan Ordusunun Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə qazandığı tarixi Qələbədən, Zəfərlə başa çatan müharibədə Vətənimizin igid oğullarının göstərdikləri qəhrəmanlıqlardan danışıblar.
Çıxışlardan sonra “Zəfər yolu” filmi nümayiş olunub.