Xəbərlər
Qalib Azərbaycanın Zəfər günü
Cənubi Qafqazın qədim xalqlarından olan azərbaycanlılar şərəfli bir tarixin yaradıcılarıdır. Yaratdığımız hər bir dövlət öz mübarizliyi ilə tanınır. Azərbaycan torpaqlarını işğal edərək öz hökmranlığını quran yadlar da az olmayıb. Amma son nəticədə torpaqlarımız düşmən əlində qalmayıb. Xalq Vətən dediyi yurdunu heç kimə təslim etməyib, düşməni məğlub etməyi bacarıb və bacarır. Azərbaycana böyük nüfuz gətirən Səfəvi dövləti XVIII əsrin əvvəllərində bölgənin ən zəif dövlətinə çevrildi. Çar Rusiyası başda olmaqla qonşu dövlətlərin Səfəvi torpaqlarına işğalçı yürüşləri başladı. İlk əvvəl I Pyotr Xəzər yürüşünə başladı. Əvvəl Dərbənd, sonra isə I Pyotrun generalı Matyuşkin Bakı şəhərini işğal etdi. 1723-cü ildə Rusiya ilə Səfəvi dövləti arasında bağlanmış Peterburq müqaviləsinə görə Bakı daxil olmaqla Dərbənddən Gilana qədər Xəzərsahili vilayətlər əbədi olaraq Rusiyaya keçdi. 1724-cü ildə Osmanlı ilə Rusiya arasında bağlanmış İstanbul müqaviləsinə görə İrəvan da daxil olmaqla bütün Azərbaycan və bütün Gürcüstan Osmanlı dövlətinin, Xəzərboyu vilayətlər Rusiyanın təsir dairəsi elan edildi. I Pyotrun 1724-cü il 10 noyabr Fərmanında Xəzərboyu Azərbaycan torpaqlarına ermənilərin köçürülməsi, yerli əhalinin öz doğma yurdlarından qovularaq ermənilərin məskunlaşdırılması, ən yaxşı münbit torpaqların və boşalmış evlərin xristian dayağı olacaq ermənilərə verilməsi və onların qorunması nəzərdə tutulmuşdu. Bu acınacaqlı vəziyyət Nadir şaha qədər davam edib.
Bu sözlər Milli Məclisin Elm və təhsil komitəsinin sədri Anar İsgəndərovun “Qalib Azərbaycanın Zəfər günü” adlı məqaləsində yer alıb. Məqaləni təqdim edirik.
Nadir şah Əfşar Azərbaycan tarixinə torpaq qaytaran dövlət başçısı kimi daxil olub. O, 1729-cu ildə İsfahanı əfqanlardan geri aldı, 1732-ci ildə bağlanmış Kirmanşah müqaviləsinə görə Həmədan, Kirmanşah, Ərdəbil və Təbriz Səfəvilərə qaytarıldı. 1732-ci ildə Səfəvilərlə Rusiya arasında bağlanmış Rəşt müqaviləsinə görə Xəzərsahili vilayətlər Səfəvilərə qaytarıldı. 1733-cü il Bağdad müqaviləsi ilə Səfəvilərdən qoparılan bütün torpaqlar geri alındı. 1735-ci ildə Rusiya tərəfi ilə Gəncə müqaviləsini bağladı. Müqaviləyə görə rus qoşunları Bakını iki həftəyə, Dərbəndi isə iki aya tərk etməli idi. Beləliklə, Nadir şah işğala məruz qalan bütün torpaqları qaytara bildi.
XVIII əsrin sonlarında II Yekaterina Qarabağda erməni dövləti yaratmaq arzusunu həyata keçirmək üçün sevimli generalı Zubovu təlimatlandırdı. Plana görə Qarabağda rus çariçasının şərəfinə Çarqrad şəhərinin əsası qoyulmalı və ermənilər kütləvi şəkildə bu əraziyə köçürülməli idi. General Zubov qısa müddət ərzində Dərbəndi, Qubanı, Bakını, Şamaxını, Salyanı və Gəncəni işğal edə bildi. Xoşbəxtlikdən çariçanın 1796-cı ilin noyabrında ölümü bu mənfur planın həyata keçməsinə imkan vermədi. Çar l Pavel rus qoşunlarının Azərbaycanın şimal torpaqlarından çıxarılması haqqında əmr verdi. XIX əsrin əvvəllərində Azərbaycan ərazisinə iddiası olan dövlətlərin sayı və təzyiqi artdı. Sayı iyirmi birə çatan müstəqil Azərbaycan xanlıqları birləşməkdən daha çox bir-birinin ərazilərini zəbt edib hakimiyyəti ələ keçirməyə cəhd edirdilər.
Çar l Aleksandr nənəsinin Cənubi Qafqazla bağlı planını həyata keçirmək üçün hərəkətə keçdi. Çarizmin ilk qurbanı Car-Balakən camaatlığı oldu. Qəddarlığı ilə ad çıxaran general Qulyakov azadlıqsevər carlılar tərəfindən tikə-tikə doğransa da işğal boyunduruğundan xilas ola bilmədilər. Çarizm 1803-cü ildə Tiflisdə Car-Balakən camaatlığı ilə “Andlı öhdəlik” imzaladı və onları rus silahına tabe etdilər.
Gəncə xanlığının işğalı daha amansız oldu. General Sisianov Gəncə savaşını kütləvi qırğına çevirdi. Qədim tarixi olan Gəncənin adı dəyişdirilərək Yelizavetpol adlandırıldı. Gəncəlilər ilk dəfə erməni xəyanəti ilə üzləşdilər. Ermənilər açıq şəkildə rus işğalına nəinki haqq qazandırdı, xanlığın süqutu üçün ruslara yardımçı oldular. Kürəkçay müqaviləsi xanlıqların xarici müstəqilliyini əllərindən aldı. Qarabağlı İbrahimxəlil xanın və ailə üzvlərinin Xankəndidə mayor Lisaneviç tərəfindən qətlə yetirilməsi xanlıqları dəhşətə gətirdi. Amma çox gec idi, birləşmək istəməyən xanlıqların aqibəti rus qətliamlarından keçirdi. 1813-cü il Gülüstan müqaviləsi Rusiya ilə Qacar İranı üçün müqavilə, Azərbaycan xanlıqları və Azərbaycan xalqı üçün isə faciə idi.
Türkmənçay müqaviləsi isə Azərbaycan xalqı üçün dəhşətli bir hadisənin əsasını qoydu. Çarizm tərəfindən işğal edilən Naxçıvan və İrəvan xanlıqları ərazisində erməni vilayəti yaradıldı, I Nikolay İrəvanın zəbt olunması şərəfinə 1827-ci ildə Ali fərman imzaladı. Ali fərmanla “rus silahının müsəlman xarabalıqları üzərində qələbəsi şərəfinə İrəvanın baş məscidinin provoslav-yunan-rus kilsəsinə çevrilməsi” qərara alındı.
Kürəkçay müqaviləsinin 15-ci maddəsinə görə Qacar İranı ərazisindən 40 min, Osmanlı ərazisindən 84 mindən çox erməni İrəvan, Naxçıvan və Qarabağ torpaqlarında yerləşdirildi. Əbəs yerə deyil ki, erməniləri bir xalq olaraq “Türkmənçayın övladları” adlandırırlar. XX əsrin əvvəllərində Zaqafqaziyada yaşayan 1,3 milyon nəfər erməninin bir milyonu diyarın yerli sakinləri olmayıb, ruslar tərəfindən məskunlaşdırılmışdı. Beləliklə, Azərbaycan xalqı dünənə qədər səpələnmiş halda yaşayan köçəri və qəddar bir düşmən ilə üz-üzə dayandı. Bu qanlı tarix 2023-cü ilə qədər davam etdi.
Birinci Dünya müharibəsinin nəticəsi olaraq çar Rusiyası dağıldı. Cənubi Qafqazda gürcü, azərbaycanlı və ermənilər öz müstəqilliklərini elan etdilər. Erməni-daşnak rəhbərliyi Azərbaycana ərazi iddialarından əl çəkmədi. Qərbi Azərbaycanda, Cənubi Azərbaycanda və Şimali Azərbaycanda on minlərlə azərbaycanlı ermənilər tərəfindən soyqırımına məruz qaldı. Xoşbəxtlikdən Qafqaz-İslam Ordusu adlanan türk ordusu Azərbaycan xalqının köməyinə gəldi. Azərbaycanlı gəncləri hərbi təlimlərə cəlb edərək Gəncədən Bakıya kimi azadlıq mübadiləsi apardılar. Bakı 1918-ci ilin sentyabrından ilk dəfə Azərbaycanın paytaxtına çevrildi. İyirmi üç ay fəaliyyət göstərən bu müstəqil dövlət Naxçıvanı böyük çətinliklər hesabına qoruya bildi. Bu işdə Naxçıvan əhalisinin müstəsna xidməti olmuşdu. Ermənilər Qarabağı və Zəngəzuru işğal etmək üçün hər cür alçaqlıqdan istifadə edirdilər. Bu işdə sovet Rusiyası ermənilərə hər cür yardım edirdi. Qərbi Zəngəzur bolşevik Azərbaycanından alınaraq sovet Ermənistanına verildi. Ermənilər Zəngəzurla kifayətlənmədilər, Qarabağın Ermənistana verilməsi üçün sovet rəhbərliyinə təzyiq etməkdən belə çəkinmədilər. Əslində, sovet rəhbərliyi də ermənilərə münasibətdə çar Rusiyasının yolunu gedirdi. Hətta 1921-ci il iyulun 4-də Qarabağın ermənilərə verilməsi haqqında Qafqaz Bürosu səviyyəsində qərar da çıxardı. Amma iyulun 5-də fikrindən daşınaraq Qarabağın dağlıq hissəsində Şuşa mərkəz olmaqla Dağlıq Qarabağ Muxtar Vilayətinin yaradılması haqqında qərar qəbul etdi. Bu qərara müvafiq olaraq 1923-cü il iyulun 7-də Azərbaycan Mərkəzi İcraiyyə Komitəsi bədnam Dağlıq Qarabağ Muxtar Vilayətinin yaradılması haqqında dekret imzaladı. Beləliklə də Muxtar qurum yaradıldığı gündən Azərbaycanın tarixi torpaqlarında separatçı yuvası kimi tanındı və Azərbaycandan ayrılıb Ermənistana birləşmək üçün vaxtaşırı cəhdlər edirdi. Çox təəssüflər olsun ki, SSRİ dağılan ərəfədə, Azərbaycanda iqtidarın məsuliyyətsizliyi ucbatından erməni-daşnak qüvvələri Qarabağı işğal edə bildilər. Qərb dövlətləri və nüfuzlu təşkilatlar 30 il Qarabağ problemi ilə məşğul olsa da məlum oldu ki, onlar işğalçı ilə işğala məruz qalan arasında fərqi görmək iqtidarında deyillər.
Ümummilli Lider Heydər Əliyev 2003-cü ilin aprelində bu gün adını daşıyan sarayda kursantına vəsiyyətini etdi: “Qarabağ düşmən tapdağı altında qala bilməz. Sən onu azad etməlisən!”. Ümummilli Lider Azərbaycan əsgərinə rəhbərlik edəcək Ali Baş Komandanı da təqdim etdi. 2003-cü il oktyabrın 1-də Azərbaycan xalqına müraciətində deyirdi: “İnanıram ki, mənim axıra çatdıra bilmədiyim taleyüklü məsələləri, planları, işləri Sizin köməyiniz və dəstəyinizlə İlham Əliyev başa çatdıra biləcək. Mən ona özüm qədər inanıram və gələcəyinə böyük ümidlər bəsləyirəm”. Bəli, Azərbaycan xalqı Ümummilli Liderin müraciətinə cavab olaraq 2003-cü ilin prezident seçkilərində İlham Əliyev cənablarına yekdilliklə səs verdi. Azərbaycanın dövlət başçısı, Ali Baş Komandan İlham Əliyev bünövrəsi Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulan xalq və iqtidar birliyini ən yüksək səviyyəyə qaldırdı, Qarabağın tarixi Azərbaycan torpağı olduğunu bütün dünyaya bəyan etdi, güclü iqtisadiyyat yaratdı və on yeddi illik hakimiyyəti dövründə öz əsgərindən bir gün belə ayrı qalmadı. Beləliklə, Ali Baş Komandan erməni-daşnak işğalına son qoymaq, Ermənistanın havadarlarına dərs vermək, Azərbaycan xalqının qəhrəmanlığını dünyaya bəyan etmək üçün xalqını Vətən müharibəsinə çağırdı. On milyon xalq Ali Baş Komandanın əsgərinə çevrildi. Düşmən 44 gün ərzində darmadağın edildi, torpaqlarımız işğaldan azad olundu. Nəhayət xalqımızın uzun illər arzuladığı Zəfər Günü gəldi, xalqımız qalib xalqa, əsgərimiz qəhrəman əsgərə, həlak olanlarımız şəhidlərə, döyüşənlərimiz qazi adına layiq görüldü.
2023-cü il sentyabrın 19-20-si tarixlərində müzəffər Ordumuz Azərbaycan torpaqlarında antiterror tədbirləri həyata keçirdi, erməni hərbi birləşmələri darmadağın edildi. “Dağlıq Qarabağ” adlanan bədnam qurum 100 ildən sonra Azərbaycan tarixindən silinərək arxivə verildi. Azərbaycan Nadir şahdan sonra öz tarixində ilk dəfə olaraq bütövləşdi, suverenliyi bərpa olundu, müqəddəs üçrəngli bayrağımız Azərbaycanın bütün bölgələrində şərəflə dalğalanmağa başladı.
Hər xalqa Zəfər Günü nəsib olmur, hər dövlət başçısı xalq və iqtidar birliyini yarada bilmir, hər dövlət haqqına sahib olmaq üçün düşməndən intiqam ala bilmir, hər dövlət başçısı, Ali Baş Komandan bu qədər cəsarət, bu qədər təcrübə, bu qədər iradə sahibi olmur. Azərbaycan bacardı. Qalib gəlməyi bacardı, dəmir yumruğa çevrilməyi bacardı, ərazi bütövlüyünü bərpa etməyi bacardı, Vətən yolunda şəhid olmağı bacardı.
Yaşasın, qalib Azərbaycan xalqı! Yaşasın, Ali Baş Komandan! Yaşasın, 8 Noyabr - Zəfər Günü.